Ağcabədidə
7 min il yaşı olan yaşayış məskəni aşkar edilib
Ağcabədi rayonu ərazisində
aparılan arxeoloji qazıntılar nəticəsində 7 min
ildən artıq yaşı olan yaşayış məskəni
aşkar edilib. Qazıntı işləri rayonun Qaradolaq kəndi
yaxınlığında Kamiltəpə adlanan ərazidə
aparılır. Qeyd edək ki, ötən ilin yayında
başlanan tədqiqat işlərinə Almaniyanın
Arxeologiya İnstitutunun əməkdaşı doktor Barbara
Helvinq başçılıq edir. Ekspedisiyanın tərkibində
Azərbaycan və Almaniya elm adamları ilə yanaşı,
dünyanın 8 ölkəsindən 20-yə qədər
mütəxəssis var.
Alman arxeoloq Barbara Helvinqin sözlərinə
görə, abidədən götürülən torpaq və
digər nümunlərin analizi buranın dəqiq
yaşını müəyyənləşdirməyə
imkan verib. Araşdırmalar nəticəsində məlum olub
ki, e.ə 6-cı minillikdə bu ərazidə gur həyat
mövcud olub. Üstəlik buradakı mədəniyyət
İran və Xəzər ətrafındakı mədəniyyətlərlə
də sıx əlaqəlidir. Almaniyalı arxeoloq bildirib ki,
Kamiltəpədə aşkar olunan tarixi abidə həm qədimliyi,
həm də miqyasına görə Azərbaycandakı
analoqlarından fərqlənir. Almaniyalı alim onu da bildirib
ki, aşkarlanan tarixi abidələrdən və ərazinin təbiətindən
düzgün istifadə etməklə bölgədə turizmi
inkişaf etdirmək olar.
Mədəniyyət.-
2010.- 20 avqust.- S. 3.