Ağdamda yeni arxeoloji materiallar aşkar edilib
Ağdam rayonu ərazisində
aparılan arxeoloji qazıntı zamanı yeni tarixi materiallar
aşkarlanıb. Bu materiallar ermənilərin
ərazi iddialarının
əsassız olduğunu,
Aran və Dağlıq Qarabağ ərazilərində tarixən
eyni mədəniyyətin
daşıyıcılarının yaşadığını bir
daha təsdiq edir.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Qarabağ ekspedisiyasının rəhbəri,
professor Hidayət Cəfərov
bildirib ki, Ağdam rayonunun Mirəşelli kəndi yaxınlığındakı “Palıdlı” nekropolunda e.ə. XII-XI əsrlərə
aid daha bir neçə torpaq qəbir aşkar edilib. Heç bir yerüstü
əlamətə malik
olmayan qəbirlər qadına, kişiyə və yeniyetməyə məxsusdur. Aşkar olunmuş
qadın qəbri daha maraqlıdır.
Onun sümüklərinin ümumi
ölçüsü 190 santimetrdən
çoxdur. Yanında müxtəlif
tipli keramika nümunələri, boynunda
600-ə yaxın müxtəlif
ölçülü muncuqlar,
qulaqlarında tuncdan sırğalar, biləyində
lentvari, üstü bəzəkli bilərzik, barmaqlarında isə tuncdan üzüklər
var.
Qəbirlərdən birində 10-a qədər
saxsı qab, digərində isə müxtəlif qablar və dəmir xəncər tiyəsi tapılıb. E.ə. XII-XI əsrlərə aid qəbirdə
dəmir alətin çıxması mühüm
tapıntıdır. Xocalı-Gədəbəy mədəniyyətinə aid bu
tapıntılar qazıntı
aparılan ərazidə
son tunc və ilk dəmir dövründə
yaşayış olduğunu,
sənətkarlığın müxtəlif sahələrinin
inkişafını təsdiqləyir.
Professor Hidayət Cəfərov deyir ki, Qarabağ
bölgəsində Azərbaycan
arxeoloqlarının səyi
ilə paleolit, eneolit, tunc, dəmir dövrlərinə,
habelə antik və orta əsrlərə
aid yüzlərlə tarixi
abidə tədqiq olunaraq dünya elmi ictimaiyyətinə çatdırılmışdır. Bütün bunlar ərazidə yaşayışın davamlı
olaraq mövcud olmasını göstərir.
Qarabağda aparılan arxeoloji
qazıntılar həm
də qədim tariximizin öyrənilməsi
baxımından əhəmiyyətlidir.
Hazırda cəbhə bölgəsindəki
arxeoloji abidələrin
yoxlanılması və
yeni abidələrin aşkar edilməsi məqsədi ilə Ağdam rayonunun Əhmədağalı, Zəngişalı,
Qaradağlı, Sarıcalı,
Evoğlu, Əfətli
və sair kəndlərdə kəşfiyyat
işləri aparılır.
Mədəniyyət.-
2010.- 20 avqust.- S. 4.