Şövkət
Məmmədova və Rafiq Babayevin
sənədləri Dövlət Film Fondunda
Azərbaycan Dövlət Film Fondu
yeni sənədlərlə zənginləşib. Azərbaycanın
görkəmli opera müğənnisi Şövkət Məmmədovanın
və Xalq artisti Rafiq Babayevin fotosənədləri Dövlət
Film Fonduna daxil olub. Dövlət Film Fondunun direktoru Cəmil
Quliyev bildirib ki, Şövkət Məmmədovaya aid beş sənəd
Ukrayna vətəndaşının şəxsi arxivində
saxlanılırmış. Opera müğənnisinə məxsus
yeni materialların fonda daxil olacağı gözlənilir.
Azərbaycan musiqi sənətinin
inkişafına dəyərli töhfələr vermiş Xalq
artisti Rafiq Babayevlə bağlı fotosənədlər və
başqa arxiv materialları isə sənətkarın
qızı Farizə Babayeva tərəfindən Fonda təqdim
olunub. Bunların əsasında Rafiq Babayevin şəxsi arxiv
fondu yaradılıb.
Əməkdar incəsənət
xadimi, bəstəkar Eldar Mənsurov da şəxsi kino və
video arxivini fonda təhvil verib. Tezliklə bəstəkarın
atası, görkəmli tarzən, Xalq artisti Bəhram Mənsurovun
da şəxsi kino arxivi fonda təqdim ediləcək.
Mədəniyyət.-
2010.- 20 avqust.- S. 6.