Maestro Niyazi
Azərbaycan musiqi mədəniyyətinin
inkişafında maestro Niyazinin xidmətləri misilsizdir. Bir
çox görkəmli bəstəkarlarımızın əsərlərinin
gözəl ifası məhz onun adı ilə
bağlıdır. Bu yerdə ölməz bəstəkarımız
Qara Qarayevin bir fikri yada düşür: “Mən əsərlərimin
Niyazinin dirijorluğu ilə ifasından çox məmnun
oluram və başqa bir dirijor arzulamıram”. Əlbəttə,
maestro Niyazi haqqında buna bənzər fikirlər çoxdur.
O, Azərbaycan bəstəkarlarının əsərlərini
bütün dünyada tanıdaraq onların təbliğində
xüsusi rol oynayıb. Bununla yanaşı o, Qərb və rus
bəstəkarlarının əsərlərinə də eyni
dərəcədə professionallıqla dirijorluq edib. Niyazinin
adı dünya şöhrətli dirijorlarla yanaşı
çəkilir. Bu böyük sənətkarın
yaradıcılığı əsil örnəkdir. Sənətkarın
ömür kitabından bəzi səhifələrə nəzər
salaq.
Niyazi Zülfüqar oğlu
Tağızadə - Hacıbəyov 1912-ci il avqustun 20-də
Tiflisdə anadan olub. Erkən yaşlarından əmisi
Üzeyir bəyin himayəsi altında böyüyüb. Onun
musiqi sənətini seçməyində istedadı ilə
yanaşı Üzeyir bəyin də əvəzsiz xidmətləri
olub.
Niyazinin ilk böyük müvəffəqiyyəti
1938-ci ildə Moskvada keçirilən “Azərbaycan incəsənəti
günləri”ndəki çıxışı ilə
bağlıdır. O, Moskvada Üzeyir Hacıbəylinin
“Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz”
operalarına dirijorluq edərək həm həmin əsərlərə,
həm də onların müəlliflərinə bir daha
uğur qazandırır.
Maestronun gəncliyindən
ömrünün sonuna qədər davam edən belə
uğurlu çıxışları mədəniyyət
tariximizə saysız-hesabsız nailiyyətlər bəxş
edib. Onun adı həm də Azərbaycan bəstəkarlıq
məktəbinin görkəmli simaları ilə birgə
çəkilir. “Xosrov və Şirin” operası, “Zaqatala”, “Azərbaycan”
süitaları, “Rast” simfonik muğamı və s. əsərlər
Niyazinin qələminin məhsuludur. O, hətta 1986-cı ildə
R.Taqorun süjeti əsasında yazdığı “Çitra”
baletinə görə “Cəvahirləl Nehru” mükafatına
layiq görülmüşdü.
Maestro Niyazinin misilsiz xidmətləri
daim xalqımız və dövlətimiz tərəfindən
yüksək qiymətləndirilib. Ona olan xalq məhəbbəti
bu gün də yaşayır. Maestronun mənzili 1994-cü ildən
ev-muzeyi kimi fəaliyyət göstərir. Burada müxtəlif
incəsənət tədbirləri keçirilir və hətta
bəstəkarlar haqqında bu mənzildən dəfələrlə
verilişlər hazırlanıb. Hər il avqust ayında isə
burada Maestronun xatirə gecəsi keçirilir. Böyük sənətkar
doğulduğu ayda, avqustun 2-də (1984) vəfat edib.
Prezident İlham Əliyevin sərəncamına
əsasən 2012-ci ildə Niyazinin anadan olmasının 100
illiyi qeyd olunacaq. Bu, maestro Niyazinin möhtəşəm sənətkarlığına
ehtiramın ifadəsidir ki, o, daim xalqın yaddaşından
silinmir. Elə bizim həmsöhbət olduğumuz sənətkarlar
da onu işıqlı xatirələrlə anırlar.
Onların dediklərini oxucularımıza da
çatdırırıq:
Firəngiz
Əlizadə,
Xalq artisti, professor, Azərbaycan Bəstəkarlar
İttifaqının sədri
“Niyazini Azərbaycanda və
keçmiş SSRİ məkanında tanımayan insan yox idi.
Kim onu səhnədə görübsə, bu gün də
unutmayıb. Ona görə ki, bu parlaq insan, şəxsiyyət
o qədər yüksək səviyyəli musiqiçi idi ki,
onun ifası insanlara o qədər böyük təəssürat
bağışlayırdı ki, bunu unutmaq mümkün deyil.
Niyazinin repertuarı çox zəngin idi. Mən onun
haqqında Sabir Kərimovun kitabına nəzər salanda orada
elə əsərlərin adına rast gəldim ki, bunlar məni
çox valeh etdi. Çünki həddən ziyadə yüksək
musiqi nümunələridir. Onlar Niyazinin interpretasiyası ilə
səslənib. Skryabinin “Ekstaz” poeması, Taneyevin “İohan
Domoskin” əsəri və s. Bunları vaxtilə Niyazi Azərbaycanda
ifa edib. Bu əsərlərə az-az müraciət olunurdu.
Bir faktı da mütləq qeyd etməliyəm
ki, bu da sırf Niyazinin xidməti ilə bağlıdır.
1970-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə hər cümə günü Filarmoniyada simfonik musiqi
axşamları keçirilirdi. Bu konsertlərin təşkili,
repertuar seçimi və idarə olunması birbaşa Niyazinin
ideyalarına əsaslanırdı. O, konsertlərdə
dünya klassik nümunələri ilə yanaşı Azərbaycan
bəstəkarlarının əsərlərini də
böyük şövqlə ifa edər və öz parlaq
dirijor məharəti ilə hamını heyran qoyardı. Onun
barəsində çox danışmaq olar. Azərbaycan musiqi
mədəniyyəti tarixində Niyazinin yeri əvəzolunmazdır”.
Ramiz Zöhrabov,
Xalq artisti, sənətşünaslıq
doktoru, professor
“Mən
onunla çox yaxın yaradıcılıq
ünsiyyətində olmuşam.
Niyazi nə qədər istedadlı musiqiçi idisə, o qədər də məsuliyyətli ictimai xadim, təşkilatçı idi.
O, Opera və Balet Teatrında, Azərbaycan Dövlət Filarmoniyasında
direktor vəzifələrində
çalışıb. Uzun illər
biz Filarmoniyada birgə
işləmişik. Yaxşı yadımdadır
ki, o, Filarmoniyaya direktor təyin olunan kimi yeni
ideyalar həyata keçirməyə başladı.
Məsələn, bəstəkarların,
ifaçıların yaradıcılıq
və xatirə gecələri, muğam axşamları və s. bu kimi tədbirlərin
təşəbbüsçüsü məhz Niyazi olub.
O, böyük
bir düha idi. Həm əməlləri, həm əsərləri,
həm də xeyirxah işləri ilə Niyazi mədəniyyətimizə, xüsusən
də musiqi sənətinə misilsiz töhfələr bəxş
edib. Amma, açığını deyim ki, onun
haqqında hələ
layiqli monoqrafiya yazılmayıb. Düzdür, Niyazi haqqında oçerk və məqalələr yazılıb,
radio və televiziya verilişləri hazırlanıb.
Amma bunlar belə tam mənada Niyazinin yaradıcılığını ehtiva etmir. Odur ki, Niyazi irsinin
hələ də öyrənilib tədqiq olunmasına gərək var”.
Fərhad Bədəlbəyli,
Xalq artisti, professor
“Hacıbəyovlar
ailəsi Azərbaycanın
dahi simalarını yetirən nümunəvi bir nəsildir. Başda Üzeyir bəy olmaqla bu ailənin
üzvləri xalqımızın
layiqli vətəndaşlarıdır.
Maestro Niyazi də
o parlaq, nümunəvi
şəxsiyyətlərdəndir. Onun haqqında danışmaq mənə çətindir.
Çünki ondan o qədər
yaxşılıqlar görmüşəm,
bilmirəm hansını
deyim. Onun evi mənim
üçün əsil
sənət məktəbi
olub. Bu evdə
Rixter, Rostropoviç,
Şostakoviç və
daha neçə-neçə
görkəmli sənətkarları
görmüşəm. Hansı dünya şöhrətli
musiqiçi Bakıya
gəlsəydi, mütləq
maestro Niyazinin evində
qonaq olmalı idi. Bu artıq
bir ənənəyə
çevrilmişdi. Orada keçən
görüşlər həm
incəsənət, həm
diplomatik söhbətlər
üçün çox
əhəmiyyətli idi.
Bu həm də
maestronun qonaqpərvərliyindən,
yüksək humanist keyfiyyətlərindən
irəli gəlirdi.
Niyazinin musiqiçi kimi xidmətləri əvəzolunmazdır.
Çünki Niyazi sadəcə
dirijor deyildi. O, bütün varlığı
ilə musiqiyə bağlı və əsil sənət fədaisi idi. Niyazi ifa etdiyi əsəri
bütün varlığından
keçirib, onu öz içində yaşayıb, sonra pult arxasına keçirdi. Odur ki,
o, orkestrin bütün
üzvlərindən ciddi
tələblər edirdi.
Məhz buna görə də onun idarəsi
ilə orkestr çox parlaq və möhtəşəm
səslənirdi. Mən özümü
xoşbəxt hesab edirəm ki, Niyazi ilə bir səhnədə çıxış etmək
mənə də nəsib olub. O günlər mənim üçün əlçatmaz
və unudulmazdır”.
Əlbəttə, maestro Niyazi haqqında
belə xatirələr
çoxdur. Çünki, o, öz xidmətləri ilə yalnız özünü deyil, neçə-neçə sənətkarı,
onların əsərlərini
yaşadıb. Bu yerdə Niyazinin təbliğatçılıq fəaliyyətindən danışmaq
istərdim. Qeyd etdik
ki, o, Azərbaycan və dünya musiqisinin mahir interpretatoru olub. Amma, aydın məsələdir
ki, bu klassik
nümunələri xalqa
sevdirmək də sənətkardan xüsusi
məharət tələb
edir. Yəqin ki, qocaman insanlar yaxşı xatırlayarlar ki, Niyazi nəinki konsert salonlarında, hətta tarla düşərgələrində belə konsert verərmiş. Bu da təsadüfi deyildi.
Bu yerdə Niyazinin öz fikirlərindən bir nümunəyə nəzər
salaq: “Xalqın - xüsusən gənc nəslin ümumi mədəniyyətinə, onun
mənəvi aləminə,
estetik musiqi zövqünün düzgün
istiqamətdə formalaşmasına
klassik musiqinin təbliği güclü
təsir göstərir.
Düzgün qurulmuş musiqi
təbliğatı bu
aktual problemi həll edə bilər”.
Maestronun bu fikirləri
hər zaman üçün aktualdır.
Əminik ki, onun buna bənzər deyimləri professional musiqinin
təbliği yolunda əsil mənbə olacaq. Hələ neçə-neçə nəsillər əbədiyaşar
Niyazi məktəbindən
bəhrələnəcəklər.
Hamının da ürəyindən bu fikir keçəcək: “Ruhun şad olsun ustad!”
Səadət Təhmirazqızı,
Musiqişünas
Mədəniyyət.-
2010.- 20 avqust.- S. 7.