Maştağa
Tariximizin yaddaşı: Bakı kəndləri
Bakının ən böyük kəndlərindən biri olan Maştağa qədim tarixə malikdir.
Maştağa adının mənası ilə bağlı müxtəlif fikirlər irəli sürülür. Bəzi mənbələrdə bu adın “Məşədi ağa” sözündən götürüldüyü qeyd olunur. Çünki bu kənddən İranın Məşhəd şəhərinə ziyarətə gedənlər həddən artıq çox olduğuna görə “məşədi ağa” sonralar Maştağa sözünün şəklini alıb. Lakin görkəmli Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində Maştağa toponiminin “massaget” (qədim türk tayfası) sözündən yaranması fikrini irəli sürüb.
Tarixi abidələr
Böyük tarixi keçmişə malik Maştağa kəndi təkcə öz adı ilə yox, həm də burada ucaldılmış qədim abidələrlə də öz keçmişini sübuta yetirir və yaşadır. Maştağa ziyalısı, filoloq Ağanəcəf Qədirov deyir ki, kəndin 3 min illik tarixi var. Maştağada nəstəliq, kufə, təliq, nəsx xətləri ilə yazılmış daş kitabələr tapılıb.
Həmsöhbətimin dediyinə görə, Maştağa Bakıda ən çox məscidi olan kənddir. 1939-cu ilin məlumatına görə, kənddə 36 məscid və 4 pir olub. Kənddə XVIII əsrə aid qədim Cümə məscidi var. Seyidlər məhəlləsindəki Cümə məscidi, Maştağa Cümə məscidi, Ağa meydanındakı Cümə məscidi, Gövhərtəpə məscidi, Dərə məhəllədəki Hacı Kərbəlayi Hüseyn məscidi, Hacı Aydəmir məscidi, Qasımxan məscidi, Həsən bəy məscidi, Hacı Əziz məscidi isə XIX əsrə aiddir.
Azərbaycan Sovet Ensiklopediyasının VI cildində göstərilir ki, Şirvanşah I İbrahim dövründə, daha dəqiq desək, 1414-cü ildə Maştağa kəndində Ərğutay məscidi tikilib. Bu məsciddən aparılmış daş kitabə Milli Azərbaycan Tarixi Muzeyində saxlanılır.
Tarix elmləri namizədi Əlibaba Babayev öz kəndinin tarixini tədqiq edərək yazır ki, son illərdə Cümə məscidinin ətrafında aparılan tikinti işləri zamanı Maştağanın qala divarlarının qalıqları, çəkisi 40 kq olan böyük bir küpün içərisində XII-XIII əsrlərdə Şirvanşahlar dövlətində kəsilmiş mis pullar aşkar edilib. Alim həm də qeyd edir ki, II Mirzə Məhəmməd xan müdafiə olunmaq üçün burada özünə qala tikdirir. II Mirzə Məhəmməd xanın tikdirdiyi qalanın, Nardaran qalasında olduğu kimi, küncləri dairəvi qüllələrdən ibarətdir. Qüllənin xarici diametri 2,6-3 m, qala divarının qalınlığı isə 1,8 m olub.
Kəndin yaşlı sakinlərinin dediyinə görə, qaladan məscidin həyətindəki minarənin yanına, torpaq altında qalan quyuya yeraltı yollar olmuşdur.
Maştağa
kəndinin qədimliyini sübuta yetirən
bir sıra qəbirüstü
daşları qeyd etməmək olmaz. Keçərlər qəbiristanlığında
1950-ci illərin əvvəllərindən bu
günə kimi işləyən Cəfər
Tağıyev atasıyla burada məzar
qazarkən tez-tez müxtəlif qədim
başdaşlarına, sənduqələrə rast gəldiyini deyir:
“Yaxşı yadımdadır, atam bir dəfə qədim
başdaşının üstündəki yazını kənddəki
ruhanilərə oxutdurmuşdu. Qəbir hicri tarixi ilə
301-ci ilə, yəni
X əsrə aid idi”.
Maştağada qədim hamamlar
da mövcuddur. Orta əsrlərə aid
Qum və Şamxal hamamları, habelə Səfərəli, Məhəmməd,
Kərbəlayi Mirsalam,
Paşa, Mirəli, Mirheydər, Küllük
(Bəşir hamamı
da deyirlər), Məhəmmədrza, Mirzəhüseyn,
Baloğlan, Kərbəlayi
Məhəmmədrəsul hamamı
və s.
Ağanəcəf
müəllimin sözlərinə
görə, Maştağanın
üç böyük
məhəlləsi olub:
Xunxar, Keçərlər
və Seyidlər: “Maştağanın ən
böyük məhəlləsi
Seyidlərdir. Məhəllələr özləri kiçik məhəllələrə bölünür.
Seyidlər Rəhim kəndi
və Köhəc, Xunxar məhəlləsi Dərəməhəllə və
Tavaylıq məhəllələrindən
ibarətdir. Tavaylıq qala
daşlarının üzərində
salınmış bağ
yerləridir. Üçüncü məhəllə - Keçərlərdə
əkin yerləri mövcud olub. Bu üç məhəllənin
içərisində mikroməhəllələr
genişlənərək bir-birinə
qarışıb. Hər məhəllənin
özünəməxsus məşğuliyyəti
varmış. Seyidlər məhəlləsi
heyvandarlıqla, Xunxarlar
məhəlləsi bağçılıqla,
Keçərlər məhəlləsinin
sakinləri isə əkinçiliklə məşğul
olub”.
Həmsöhbətim
məhəllələrin məskunlaşması
ilə bağlı maraqlı faktları da qeyd etdi:
“Seyidlər məhəlləsinin
tarixi qədimdir. Onlar yaxın keçmişdən
gələn insanlar deyil. Seyidlər ərəb ölkələrindən
- İraqdan, Səudiyyə
Ərəbistanından (Mədinədən)
köçüb gəliblər.
İslam
intibahı dövründən,
Qum hamamının tarixindən
götürsək, kənddə
birinci məskunlaşma
XI əsrdə olub.
İkinci mərhələ XVI əsrin sonları - XVII əsrin əvvəllərinə,
üçüncü mərhələ
isə XIX əsrə
təsadüf edir.
Maştağaya Şah İsmayıl,
Şah Abbasla gəlib məskunlaşmış
seyidlər də olub”.
Ermənilərə təslim olmadılar
Maştağa əhalisi 1918-ci ildə
erməni-daşnak birləşmələrinin
azərbaycanlılara qarşı
soyqırımı zamanı
böyük qəhrəmanlıqlar
göstərib. Bakı ərazisində
ermənilərin qanlı
qırğınları zamanı
xalqın qəddar düşmənə qarşı
ayağa qaldırılmasında
Bakı qoçularının
xüsusi rolu olub. Həmin dövrdə ermənilərlə
vuruşmaq üçün
kəndin bütün
başıpapaqlıları, xüsusilə yaxşı
tüfəng atmağı
bacaranlar səfərbərliyə
alınmış, ön
cəbhəyə çıxarılmışdı.
Ermənilərə qarşı döyüşdə
Qoçu Mürsəlin
dəstəsi daha çox fərqlənib.
O, ətrafına kənd
cavanlarını toplayaraq
mübarizəni təşkil
edibmiş.
Erməni cəlladlarına qarşı mübarizədə
maştağalı Miribrahim
Ağanın xidmətləri
xüsusi qeyd edilməlidir. Kəndin nüfuzlu
qoçularını bir
araya gətirən Miribrahim Ağa Müdafiə Şurası
yaradır. Şuraya
adı bütün Bakıya bəlli şəxslərdən Qoçu
Əziz, Məşədi
Cəbrayıl, Məşədi
Qədiməli, Ataməli
Babaoğlu, Kəblə
Fəraməz və başqaları daxil olur. Ermənilərlə döyüşdə general Həbibbəy Səlimovun
komandanlıq etdiyi Maştağa qarnizonu da şücaət göstərib. Qarnizonda xidmət
edən 1700 nəfərədək
maştağalı ermənilərlə
döyüşə-döyüşə
Bayıladək irəliləyiblər.
Sonradan onlardan bir qismi
Xalq Cümhuriyyətinin
Milli Ordusunda xidmət edib.
Dizi açıq turistə “pomidor qonaqlığı”
Bakı kəndlərində indinin özünədək
qorunub saxlanılmış
müəyyən əxlaq
normaları var ki, bu da
bəzən çoxları
tərəfindən mühafizəkarlıq
kimi qəbul olunur. Keçmişdən gələn ənənələr
bu gün də yaşamaqdadır.
Ağanəcəf müəllim uşaqlıq
illərində Maştağada
şahidi olduğu bəzi hadisələri danışdı.
Hələ çox illər
bundan öncə Maştağada bazara turist gəlir. Turistin geyimi (qısa şort) kəndin adət-ənənələri çərçivəsinə
sığmadığından, kənd ağsaqqalları bu mənzərəni izləməyə dözümsüzlük
göstərir və bazardan uşaqlara him-cimlə satılan pomidorları turistin üzərinə atmağı
işarə edirlər.
“Pomidor yağışı”na düşmüş
turisti sonra mağazaya gətirib əyninə təzə paltar geyindirirlər.
Ağanəcəf
müəllim keçmişdə
belə halların anormal qarşılandığını,
indi isə vəziyyətin dəyişdiyini
deyir: “Əvvəllər
özündən böyüyə
hörmət var idi. Böyüyün sözü bizim
üçün qanun
idi. İndi zəmanə dəyişib,
gənclər Avropaya ifrat meyillidir. Əvvəllər bizdə yaxşı
təəssürat oyatmayan
turistin geyimini bu gün öz
cavanlarımızın əynində
görürük. Artıq zəmanə
dəyişdikcə belə
hallar da adiləşir”.
Mədəniyyət evində
Maştağada
Hacıağa Abbasov adına möhtəşəm
mədəniyyət evi
vardır. Mədəniyyət
evinin direktoru Kamran Qədimov burada fəaliyyət göstərən kurs və dərnəklərdən
danışdı: “Hazırda
6 dərnək, xalq çalğı alətləri
ansamblı, dram, Maştağa
meyxana birliyi, “Gənc qələm” ədəbi birliyi, Kukla teatrı, rəsm dərnəkləri
və 2 kurs - sintezator və rəqs fəaliyyət göstərir. Yay olduğu üçün
şagirdlərimiz tətildədir.
Müxtəlif festivallarda iştirak
etmişik. Bu yaxınlarda Bakı şəhəri üzrə
Xalq Teatrları Festivalında çıxış
etdik. Yaxın gələcəkdə növbəti tamaşalar hazırlayacağıq”.
Yeganə Cansail
Mədəniyyət.-
2010.- 20 avqust.- S. 8.