Yardımlıya
turist axını artır
Böyük İpək yolunun
üzərində yerləşən Azərbaycanın əlverişli
təbii-coğrafi mövqeyi onun turizm sahəsindən
böyük miqdarda gəlir götürməsinə şərait
yaradır. Ölkəmizə gələn hər bir qonaq təkcə
paytaxt Bakının deyil, eyni zamanda regionlarımızın da
gözəlliyindən zövq alır.
Dağlar qoynunda yerləşən,
zəngin təbiətə, fauna və floraya malik olan
Yardımlı rayonunda da turizmin inkişafı
üçün əlverişli şərait var. Burada
dövlət qeydiyyatından keçmiş 92 ölkə və
yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi
yerləşir. Gələn qonaqları bu abidələrlə
tanış etmək üçün 4 turizm marşrutu fəaliyyət
göstərir. Masallı-Yardımlı magistral yolunun 25-ci
kilometrində 50 metr hündürlükdən tökülən
“Təkdam” şəlaləsi turistləri daha çox cəlb
edir. Hər gün buraya gələn yüzlərlə turist ətrafdakı
əsrarəngiz gözəlliyin seyrinə dalır, kotteclərdə
istirahət edirlər. “Deman” ailəvi istirahət mərkəzi
də turizm obyektlərindəndir. Yardımlıda dağ
turizminə üstünlük verənlər də az deyil.
2009-cu ildə rayonun turizm obyektlərində
2000-ə yaxın qonaq istirahət edib. Bu il turistlərin
sayının daha da artacağı gözlənilir. Rayonun
Ostayır, Arus, Şəfəq kəndlərinin
yaxınlığında və Masallı-Yardımlı
magistral yolu boyunca yeni turizm və istirahət mərkəzlərinin
tikintisi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan dövləti
ölkənin bütün regionlarında turizm infrastrukturunun
genişləndirilməsinə diqqət yetirir. Regionların
inkişafına dair Dövlət Proqramında da turizm obyektlərinin
sayının və şəbəkəsinin genişləndirilməsi
nəzərdə tutulur.
Mədəniyyət.-
2010.- 20 avqust.- S. 9.