Əsərləri
mənəvi dünyasıdır
Haqqında söhbət açmaq
istədiyim istedadlı rəssam Sürəyya Muğanlı
özünəməxsus üslubu olan sənətkarlardandır.
Onun əsərləri əsasən üç ümdə əlaməti
ilə diqqəti cəlb edir. Birincisi, müəyyənlik, yəni
fikrin aydınlığı, ikincisi ardıcıllıq,
dinamiklik, üçüncüsü əsaslılıq,
sübutluluq.
Sürəyya xanımın da əsərlərinə
baxdıqca bir daha təsdiqlədim ki, onun əsərləri
İlahidən gələn təfəkkürlə ərsəyə
çatıb ki, bu da onun iç dünyasının ifadəsidir.
O, rəsm çəkərkən əlinin hərəkəti
qəlbinin və ruhunun bağlılığını ifadə
edir. Fırçasının soldan sağa, sağdan sola,
yuxarıdan aşağı hərəkəti qəlbin
hökmü ilə gerçəkləşir. Əsərlərində
yuxarıdan aşağı - bəşərin göy ilə
yer aləmi arasında sehri, ruhun maddi ifadəsini göstərir,
dış aləmdən iç aləmə - qəlbə
doğru hərəkəti təmin edir. Onun xətti varlıq
səhifəsinin ərişi-arğacıdır. Şaquli
yazısı sabitliyin, üfüqi yazı isə kəsirət
aləminin nişanəsidir.
Qədim yunan filosofları Platon və
Aristotelə görə, insan başqalarından fəza təfəkkürünün
genişliyi ilə digər varlıqlardan fərqlənir və
bunun əsas xüsusiyyəti İlahi
başlanğıcın əlaməti kimi qiymətləndirilir.
Bədii yaradıcılıqla məşğul olan insan
öz estetik hisslərini, yaşantılarını realizə
edir. Yəni gözəl bir sənət əsəri həm də
əxlaqi təsir gücünə malik olur. İnsanın
yaratdığı özünə doğmadır.
Çünki onun ideyasının
daşıyıcısıdır.
Hər sənətin təkamülündə
sənətkarın fərdi istedad və səliqəsi önəmli
yer tutur. Sənət əsərində sənətkarın
ruhu ifadə olunur. Sürəyya xanımın əsərləri
də bu ümumi prinsipdən xali deyil. Hər xalqın rəssamlığında
ümumi prinsiplərlə yanaşı həmin xalqın milli
ruhu əks olunur. Arif insan dünyaya və gerçəkliyə
təkcə məntiq gözü ilə deyil, daha çox qəlb
və bəsirət gözü ilə baxır. Ona görə
də xoş bir avaz, xoş bir naxış onda zəngin və
müsbət duyğular oyadır. Belə insanın gözləri
gözəl biçim və rəng çeşidlərindən,
qulaqları isə ürəyəyatımlı səs
harmoniyasından qidalanır. Bu isə onun zövqünü tənzimləyir
və təkmilləşdirir, intellekt və diqqətini daha da
gücləndirərək gerçəkliyin mükəmməl
dərkinə yönəldir. Bu yolda Sürəyyanın da əsərlərinin
özünəməxsus məziyyətləri var.
Təbii ki, hər kəs öz
elinin, obasının yetirməsidir. Sürəyya xanım da əsərlərində
doğulub boya-başa çatdığı Saatlı rayonunun
təbiətini, tarixi abidələrini əks etdirməyə
çalışır. Doğma rayonun tarixi-mədəni irsi
onun üçün çox əzizdir. Çünki
yaradıcılıq fəaliyyəti ilə yanaşı, o həm
də Saatlı rayonunun Tarix-diyarşünaslıq muzeyinin
direktorudur. Bu bölgənin tarix yaddaşının qorunub, gələcək
nəsillərə çatdırılması ona həvalə
edilib.
Rayonun rəhbərliyi, o cümlədən
sənətə, bədii yaradıcılığa dəyər
verən icra başçısı Siraqəddin Cabbarov, rayonun
mədəni ictimaiyyəti Sürəyya xanımın
yaradıcılığına böyük hörmət bəsləyir,
onu hər yeni təşəbbüsündə dəstəkləməyə
çalışır. Sürəyya Muğanlı
ümidvardır ki, onun bu yaxınlarda Milli Azərbaycan Tarixi
Muzeyində keçirilməsi nəzərdə tutulan fərdi
sərgisinin təşkilinə də doğma rayonunun rəhbərliyi
öz köməyini əsirgəməyəcək. Biz də
həmin sərgidə Sürəyya Muğanlının sənətini
sevənlərin iştirak edəcəyinə inanırıq.
Sürəyya xanıma isə yeni-yeni yaradıcılıq
uğurları, səadət dolu günlər
arzulayırıq. Arzu edirik ki, Tanrı bəxş etdiyi
gözəllik duyumunu heç vaxt ondan əsirgəməsin.
Nardanə İsrafilqızı,
Milli Azərbaycan Tarixi Muzeyinin
baş
elmi işçisi, memarlıq namizədi
Mədəniyyət.-
2010.- 20 avqust.- S. 12.