Yaxşı
jurnalist insanların səsinə çevrilir
Sənətdən
və həyatdan beş alan Flora Xəlilzadənin 55
yaşı tamam olur
Sözlə oynamaq odla oynamaq
kimidir. Hər ikisi təhlükəlidir. Bu gün söz
bazarında at oynadıb sözü öldürənlər,
dırnaqarası yazılarla mətbuatı gözdən
salanlar görəsən, nə vaxtsa Flora Xəlilzadənin
heç olmasa bircə yazısını oxuyublarmı? Gərgin
axtarışların, yuxusuz gecələrin hesabına qələmlə
günəşi qarşılayıb sözü qaranlıqdan
işığa çıxarıblarmı? Tarixin qaranlıq
səhifələrində it-bata düşmüş,
haqqı yeyilmiş insanların taleyini, halalca haqqını bərpa
edib ruhunu şad ediblərmi? Danışmaq lazım gələndə
susanlar, susmaq lazım gələndə danışanlar Flora
xanım kimi vaxtında danışmağı və
susmağı bacarıblarmı? Flora xanım haqq
sözünün və jurnalistikanın yolunda oddan-alovdan
keçib, kirpiyi ilə qor götürüb, amma heç vaxt
qələminin gözü qorxmayıb, heç vaxt
gözüqıpıq yazılar yazmayıb. Bu mənada o,
müasir jurnalistikamızın örnək simalarından
biridir.
Flora Xəlilzadənin
yazıları təbiətin özü kimi rəngli, təravətli
və ruhludur...
Flora Xəlilzadənin
yazdıqları arı şanı kimi
ölçülü-biçili, nizamlı və bal kimi
şirindi...
Flora Xəlilzadənin
yazdıqları vaxtında yazılan, amma vaxta sığmayan,
zamansız yazılardı...
...55 il bundan sonra belə Flora xanımın
yazdıqlarını oxuyan elə biləcək ki, bu
yazılar elə indi, elə bu an yazılıb. Çünki
Flora xanım əlinə qələm alan gündən bu
günəcən ürəksiz, ruhsuz yazı yazmayıb. Onun
yazılarının daimi musiqisi ürək
çırpıntılarıdır və Flora Xəlilzadə
imzasını zaman-zaman oxucuya sevdirən də elə budur. Əminəm
ki, Flora Xəlilzadə sözə inandığı qədər
dünyada heç nəyə inanmır. Oturub yazanda bir
söz olur, bir qələmi, bir də başının
üstündə Allahı...
Odur ki, 30 ildən çoxdur ki,
Flora Xəlilzadə imzası Azərbaycan mətbuatında
sevilən, izlənilən və hörmət bəslənilən
imzalarından biri olub və bu gün də belədir...
Doğma imza: Flora Xəlilzadə
Bu imzanı nə vaxt sevdiyim, bu
imza ilə nə vaxt doğmalaşdığım yadımda
deyil, yadımda olan budur ki, orta məktəbdə oxuyurdum, həm
də Flora xanımın yazılarını oxuyurdum. Sevə-sevə,
zövq ala-ala, heyran ola-ola...
İllər sonra çox imzalar
tanıdım, çox yazılar oxudum, amma Flora Xəlilzadə
imzasına olan sevgim və rəğbətim heç vaxt dəyişmədi.
Sonralar jurnalistika aləminə qədəm
qoydum, ilk dəfə Flora xanımı “Azərbaycan” nəşriyyatında
görəndə sadəliyi ürəyimə kimi işlədi,
yazılarını nə qədər sevirdimsə,
özünü də o qədər sevdim. Ancaq bütün
bunlara rəğmən heç vaxt ona yaxınlaşmaz, sadəcə
kənardan müşahidə edərdim. Yazıları kimi,
geyim tərzi, saç düzümü, hətta, saatı da fərqli
idi... Günlərin birində təsadüf bizi
qarşılaşdırdı. Flora xanımın
otağına getdim, adımı dedim, soyadımı
soruşdu. Flora xanım bir anda çiçək kimi
açdı, dedi ki, bu imzanı çoxdan axtarıram,
yazılarını oxuyuram və ünvanıma bir qucaq
xoş sözlər də dedi... Bunları deməyə də
bilərdi, amma Flora Xəlilzadə olduğu üçün
dedi. Bu sözləri onun dilindən eşitmək mənim
üçün çox xoş idi. O vaxtdan düz beş il
keçir və keçən bu beş ildə Flora
xanımı bir az da yaxından tanımaq imkanı
qazandım...
Sözü
ancaq söz xilas edə bilər
Flora Xəlilzadə 1955-ci il avqust
ayının 23-də Qərbi Azərbaycanda, Zəngəzur
mahalının Sisian (Qarakilsə) rayonunun Urud kəndində
anadan olub. Hamı kimi o da doğma kəndlərini sevərdi,
ağlına da gətirməzdi ki, amansız ruzigar bu
mahalı, bu obanı yerindən oynadacaq, o uşaqlıq,
yeniyetməlik xatirələrini böyük bir şəhərin
səs-küylü qarışıqlığında qoruyub
saxlayacaq, doğma kəndi üçün burnunun ucu göynəsə
də, bağlı yolları heç cür aşıb
keçə bilməyəcək. Bunlar sonra olacaqdı.
O zaman isə orta məktəbi
bitirib böyük ümidlərlə Bakıya gəldi, Azərbaycan
Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdi,
“Azərbaycan təbiəti” jurnalında və “Azərbaycan
müəllimi” qəzetlərində işlədi və
ömrünün ən gözəl çağlarında
dünyanın ən böyük dərdlərindən birini -
yurd itkisini yaşadı. Ən ağır anlarında sözə
sığındı, sözə pənah apardı, çətin
məqamlarında söz onu xilas etdi. Bəlkə bu səbəbdəndir
ki, Flora xanımın yazılarında hər kəsin duya biləcəyi
xəfif, titrək bir kədər var...
Sonralar bir müddət “Azərbaycan
qadını” jurnalının baş redaktoru vəzifəsində
çalışdı. Ancaq hərdən mənə elə gəlir
ki, Flora xanım dünya yaranandan “Azərbaycan”dadır.
Artıq neçə illərdi ki, “Azərbaycan” qəzetində
mədəniyyət şöbəsinin müdiridir və mədəniyyətimizlə,
ədəbiyyatımızla bağlı dərc olunan silsilə
yazılarının saysız-hesabsız oxucuları var...
Təsadüfi deyil ki, Flora
xanımın yüzlərlə elmi, publisistik, tənqidi məqalələri
müasir Azərbaycan mətbuatının ən gözəl
nümunələrindəndir.
Flora xanım həm də 12
kitabın müəllifidir. Azərbaycan Yazıçılar
Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür. Bir
çox mükafatların laureatıdır. Jurnalistika sahəsindəki
xidmətlərinə görə prezident İlham Əliyevin sərəncamı
ilə “Tərəqqi” medalına layiq görülüb,
“Qızıl qələm”, Həsən bəy Zərdabi və
bir çox mükafatlarla yanaşı, beynəlxalq
mükafatlar alıb.
Flora xanımın çoxşaxəli
yaradıcılığının bir qolunu da özünəməxsus
publisistikası təşkil edir. Bu, insan-tale-zaman, sənətkar-şəxsiyyət-zaman
prizmasından baxılan, yaşanan və yazılan
publisistikadır. Qəhrəmanın daxili aləmini xırda,
nəzərə çarpmayan ştrixlərlə açmaq,
şişirdilmiş yox, gerçək obraz yaratmaq, hadisələrə
birtərəfli deyil, tam obyektiv yanaşmaq, az qala hər
yazısını yeni formada, yeni biçimdə oxucuya təqdim
etmək və zaman məfhumunu unutmamaq Flora qələminin
özünəməxsusluqlarıdır. Flora xanım qələmi
ilə Azərbaycan mədəniyyəti, incəsənəti
və Azərbaycan insanının keşiyində
durmağı bacaran publisistdir.
Bütün dünyada belə bir
deyim var: yaxşı jurnalist insanların səsinə
çevrilir. Tariximiz, milli-mənəvi dəyərlərimiz,
mənəviyyatımızla bağlı Flora xanımın
yazdıqları əslində milyonların səsidir.
Kitabları arasında elmi-ədəbi toplu olan “Məmməd
Araza məktub”, tarixi-etnoqrafik-bədii nəsr olan “Yolum
düşə Zəngəzura”, “Analar”, “Taleyimdən keçən
adamlar” publisistik kitabları, Flora Kərimovaya həsr etdiyi “Bənövşə
ətirli səs”, Afaq Bəşirqızının həyat və
yaradıcılığından bəhs edən “Bu mənim
tale yolum”, gözəl sənətkarımız Yaqut
Abdullayevanın kəşməkəşli həyatını
əks etdirən “Dağları tərpədən fəryad” ədəbi
portretləri jurnalistikamızın gözəl nümunələrindəndir.
Ancaq heç kim deyə bilməz ki, yazılarında bu qədər
həssas və duyğulu olan Flora xanım qələmini
şeirdə sınamayıb.
Flora Xəlilzadənin gerçək “Yuxular”ı
Flora xanım həm də
şairdi. “Şeiri göndərən Allah, yaşadan ürək,
yazan əldi. Bu gələn şeirlərin çoxu eləcə
ürəyimdə qaldı. Onu kağıza
köçürməyə əlimin vaxtı olmadı” - desə
də, vaxt tapıb kağıza köçürdüyü
şeirləri də az deyil. Bu şeirlər qatarlanıb
günlərin birində “Ürəyim aldatdı məni”,
“Yuxular” şeir kitabı kimi oxuculara təqdim olundu. Flora
xanımın qəlbindən qopan bu şeir yarpaqları rəngli,
kövrək və həm də səmimidir.
Biz piyada, fürsət atlı,
Hər döngədə tutulmaz ki,
Yazı vardı tale adlı,
Ömrümüzdən atılmaz
ki...
Vətən, torpaq, yurd itkisi Flora
xanımın şeirlərində dil açıb dərdini
danışır:
Könlüm ağlar ötənə,
Ümid bağlar yetənə,
Ovul ürəyim, ovul,
Əlin çatmaz Vətənə
Flora xanım deyir ki, mən söz
adamıyam, söz mənim üçün dünyanın
bütün var-dövlətindən yuxarıda dayanır. Məncə,
artıq şərhə ehtiyac yoxdur...
Dünyada qapılar çoxdu. Bu
qapılardan biri də, Flora xanımın iş
otağının qapısıdı. Bu qapı heç vaxt
bağlı olmur. Sözü olan, dərdini danışan, məsləhət
alan bu qapını ürəklə döyür, bu qapıdan
ümidlə çıxır. Flora xanım
bacardığı kimi, insanların əlindən sözlə
tutur. Axı, yaxşı söz də sədəqədir. Bu
gün bütövlükdə bütün dünyanın
ünsiyyətə, yaxşı sözə ehtiyacı var.
Sadəlik, xeyirxahlıq, yaxşılıq
onun boyuna biçilib. Flora xanım bu mənada da, xoşbəxt
insandır.
Yenə qapı döyülür,
Flora xanım həmişəki təmkini, ürəyiaçıqlığı
ilə gələn qonağı qəbul edir. Bu dəfə gələn
nə məsləhətə gələndi, nə də dərdini
götürüb gələndi. Bu dəfə Flora xanıma
qonaq gələn 55-dir...
Bütün
beşlər ona yaraşır
Flora xanım sənətdə də,
həyatda da beşi çoxdan alıb. Jurnalistika ağır
peşədir. O bu peşənin yükünü uzun illər
çiyinlərində daşıyıb. Jurnalistika həssas
sənətdir, o bu sənətə daima həssas yanaşıb.
Eyni zamanda ailə, uşaqlar, axı bunlar da qayğı istəyir.
Flora xanım iki oğul anasıdır. Elnur anası kimi sənət
yolunu seçib, “Lider” kanalında telejurnalistdir, ikinci oğlu
Bəhruz rejissorluq sənətinin sirlərini öyrənir.
Flora xanım bu gün həm də nənədir.
Özündən çox şirin-şəkər nəvələrindən
- Gülnurla Gülcandan danışmağı
xoşlayır.
İki beş (55) Flora xanıma
çox yaraşır. Ömrünün bu anında
yubilyarımıza nə arzulayardıq? Təbii ki, ürəyindəki
arzuların gerçəkləşməsini,
cansağlığı, qarşıdakı 50 ilin bütün
beşlərini, söz ağacından dərmək istədiyi
əlçatmaz sözləri və bir də nə qədər
istəyirsə o qədər yazıb-yaratmağı.
Çünki mətbuatımızın,
oxucularımızın, əslində hər birimizin Flora Xəlilzadə
yazılarına və imzasına ehtiyacı var.
Təranə
Vahid
Mədəniyyət.-
2010.- 20 avqust.- S. 13.