Cəbrayıl
- əlimiz çatmayan qədim yurdumuz
1993-cü
il avqustun 23-ü yeni tariximizdə ağrı-acı ilə
xatırlanan günlərdən biridir. Həmin gün Azərbaycan
Qarabağ müharibəsində iki böyük itkiyə məruz
qalıb.
Ermənistan silahlı qüvvələrinin
ondan bir həftə öncə başlamış intensiv
hücumu nəticəsində Füzuli və Cəbrayıl
rayonlarının böyük hissəsi, o cümlədən
hər iki rayonun mərkəzi - Cəbrayıl və Füzuli
şəhərləri işğal olunub. Bu itki Azərbaycanın
Arazboyu zonada yerləşən daha iki rayonunun - Qubadlı və
Zəngilanın faktiki mühasirəyə düşməsinə
səbəb oldu. Nəticədə sözügedən rayonlar
da (Qubadlı avqustun 31-də, Zəngilan oktyabrın 29-da)
düşmən əlinə keçdi. Bu yazıda Cəbrayıl
rayonunun indi həsrətlə xatırlanan gözəl təbiəti,
qədim və zəngin tarixi-mədəni irsi barədə
söhbət açacağıq.
Kiçik Qafqaz
dağlarının ətəklərində binə tutan
göz öxşayan mənzərəli, zümrüd meşəli,
buz bulaqlı bu yurdun adı, bəzi mənbələrə
görə, İslamda və monoteist dinlərdə Allahın ən
yaxını mələyi olan Cəbrayılın adı (ərəbcə
"Allahın qulu") ilə bağlıdır. Rayon ərazisində,
Araz çayı üzərindəki məşhur Xudafərin
körpülərinin də adının “Allah” kəlməsi
ilə bağlı olması ("Xudafərin" - "Allaha
eşq olsun") da bu ehtimalı (dini etimologiya) gücləndirir.
Digər mənbələrə
görə, Cəbrayıl adı VIII əsrdə yaşamış
Cəbrayıl atanın adından götürülüb. Cəbrayıl
ata həmin dövrdə Sultan Əhməd adlı
hökmdarın yaxın adamlarından biri olub və Ziyarət
dağından Araz çayına qədər ərazilər Cəbrayıl
ataya və onun övladlarına məxsus olub. Cəbrayıl kəndinin
(sonrakı rayon mərkəzi) şimalında "Cəbrayıl
ata" adı ilə məşhur olan məqbərənin izləri
günümüzədək gəlib
çıxmışdı. Cəbrayıl bölgəsi X-XI əsrlərdə
Azərbaycan Şəddadilər dövlətinin, XIV əsrdə
Teymurilər, XV əsr Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin,
XVI-XVII əsrlərdə Səfəvilər dövlətinin,
XVIII əsrdə Qarabağ xanlığının tərkibinə
daxil olub. 1805-ci ildə Qarabağ xanlığının
Rusiya imperiyası tərəfindən ilhaqından sonra
bölgə müxtəlif ərazi-inzibati vahidlərin tərkibində
(Cəbrayıl qəzası) olub. Azərbaycanın Rusiya və
İran arasında bölünməsindən (1813-1828) sonra Cəbrayıl
rayonundakı Xudafərin körpüsü bu
ayrılığın - Şimali və Cənubi Azərbaycan
arasındakı nisgilin simvoluna çevrilib.
Cəbrayıl rayonu Azərbaycan
Respublikasının inzibati vahidi kimi 1930-cu il avqustun 8-də təşkil
edilib. Rayonun ərazisi 1050 kv km, əhalisi işğaldan
öncə təxminən 57 min nəfər idi. Hazırda
rayonun bütün ərazisi (96 yaşayış məntəqəsi)
işğal altındadır.
İşğaldan əvvəl
rayonda 510 çarpayılıq xəstəxana birləşmələri,
72 məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət
evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78
kitabxana və s. fəaliyyət göstərirdi.
Tarixi-mədəni irsi haqqında məlumat
Rayon ərazisindəki qədim abidələr,
mağaralar, qalaların bürcləri, məbədlərin
qalıqları bu bölgənin zəngin tarixi irsinin göstəricisidir.
Tarixi memarlıq abidələrinə Cəbrayıl şəhərindəki
Sultan Məcid hamanını, Xudayarlı kəndindəki dairəvi
və səkkizguşəli türbələri (XIX əsr),
Şıxlar kəndində dairəvi türbəni (XIV əsr),
Xudafərin körpülərini (erkən orta əsrlər),
Diri Dağındakı Qız qalasını, Dağtumas kəndindəki
Başıkəsik günbəzi, Gordubaba dağındakı
məzarı, dini abidələrə "Hacı Qaraman
Çələbi", "Cəbrayıl ata",
"Dül-dül", "Mazannənə" ziyarətgahlarını
misal göstərmək olar.
Rayon ərazisində qədim
arxeoloji abidələr də mövcuddur. Dağtumas kəndi
yaxınlığındakı "Divlər sarayı",
Mahmudlu kəndi yaxınlığındakı "Canqulu"
və "Qumtəpə" kurqanları, Tatar kəndi
yxınlığındakı Siklop tikililərini, Cəbrayıl
şəhəri yaxınlığındakı
"Ağoğlan"ı, Dağtumas kəndi
yaxınlığındakı "Tumas ata"nı misal
göstərmək olar.
Rayon ərazisindəki dini abidələr
1. Hacı Qaraman ziyarətgahı.
Çələbilərin XIII əsrdə indiki Türkiyə
ərazilərindən məşhur Qaraman tayfasının tərkibində
Azərbaycana gəlmələri tarixdən məlumdur. Çələbilərin
adlı-sanlı başçılarından olan Hacı Qaraman
XIII-XIV əsrlərdə Cəbrayıl ərazisinə gəlib,
əvvəlcə Niftalılar və Nüsüs kəndləri
arasındakı yerdə özünə məskən
salmış, sonralar Çələbilər kəndinə
köçüb. Ona görə də Hacı Qaramanın dəfn
edildiyi məzar sonralar ocaq kimi ziyarətgaha çevrilib.
2. Cəbrayıl Ata ziyarətgahı.
Cəbrayıl kəndinin şimalında Ata adlı məqbərə
(uzunluğu 4,5 m, eni 2,4 m, hündülüyü 1,8 m). Cəbrayıl
ata ümumi qəbiristanlıqda deyil, o dövrün adətinə
uyğun olaraq ona məxsus torpaqların tam yuxarı
başında, Alpaşa dağının hündür və
tamaşalı bir yerində ayrıca dəfn edilmişdir.
Rayon əhalisi tərəfindən ziyarətgah kimi qəbul
edilir.
3. Qara daş ziyarətgahı. Cəbrayıl
mərkəzində olan Qara daş səmadan gələn
daş olduğu üçün əhali tərəfindən
ziyarətgah kimi qəbul edilir.
4. Ağoğlan, Qurbantəpə
ziyarətgahları. Cəbrayıl rayonunun
yaxınlığında Ağoğlan abidəsi bütpərəstlik
dövründən qalma abidədir. İslam dini meydana gəldikdən
sonra Ağoğlan abidəsi müsəlman ziyarətgahına
çevrilib.
5. Mazannənə, Mərmərnənə
ziyarətgahı. Professor M.Seyidovun verdiyi məlumata görə,
Mazannənə qədim türkdilli tayfalarda Allahın
anasının adı olub. Həmin abidənin
yaxınlığında indiyə qədər nişanələri
qalan köhnə yaşayış məskəni Mazanənə
kəndi adlanıb.
6. Tumas Ata abidəsi. Cəbrayıl
rayonunun Dağtumas kəndi yaxınlığındakı
dağda olan Tumas Ata abidəsi də bütpərəstlik
dövrünün yadigarıdır. Dağtumas kəndinin
sakinləri Tumas atanı öz əcdadları hesab edir və
müqəddəs ocaq kimi sitayiş edirlər.
Rayonun görkəmli şəxsiyyətləri
Cəbrayıl böyük
saz-söz ustadı Aşıq Qurbaninin, Aşıq Pərinin,
Mücrüm Kərimin, Aşıq Humayın doğulduğu,
ilham aldığı torpaqdır. Rayonun görkəmli şəxsiyyətləri,
alimləri Azərbaycanın dövlət və
ictimai-siyası həyatına, elm, təhsil və mədəniyyətinə
töhfələr veriblər. Uzun illər Azərbaycan SSR
Nazirlər Sovetinin sədri vəzifəsində işləmiş
Teymur Quliyev, Azərbaycan KP MK-nın katibi vəzifəsində
işləmiş Həsən Həsənov, uzun illər
respublikanın maarif naziri olmuş, SSRİ Pedaqoji Elmlər
Akademiyasının akademiki Mehdi Mehdizadə, Azərbaycan SSR
Elmlər Akademiyasının vitse-prezidenti olmuş akademik Əşrəf
Hüseynov, Xalq yazıçısı Sabir Əhmədli və
başqaları bu torpağın yetirmələridir.
Hazırladı: Vüqar Orxan
Mədəniyyət.-
2010.- 20 avqust.- S. 14.