İçərişəhərdə bir kitab dükanı var...

 

   Elman Mustafayev: «Kitabın insana verdiyi mənəvi dəyəri heç nə verə bilməz»

  

   İçərişəhərdə Qız qalasının yanındakı kitab mağazası paytaxt sakinlərinin çoxuna, ölkəmizə təşrif gətirən əcnəbilərə də yaxşı tanışdır. Zahirən o qədər də diqqət çəkməyən, yanından asanlıqla ötüb keçəcəyiniz bir ünvandır. Amma bu kiçik mağazaya daxil olub ömrünün 40 ilini kitab satışına həsr edən Elman Mustafayevlə söhbət etmək kifayətdir ki, təəssüratın büsbütün dəyişsin. Çünki məhz bu an müştərilər üçün o, səmimi həmsöhbətə çevrilir.

  

   Aşpaz, elektrik mühəndisi, tarzən və hətta restoran müdiri... Bu, onun keçdiyi həyat yoludur. Amma sonda özünü belə bir peşəyə, elə də gəlirli olmayan kitab satışına həsr etmək bu sahənin fanatı olmaqdan başqa bir şey deyil. Onunla söhbətdən gəldiyim məntiqi nəticə məhz belə idi. Bu barədə bir qədər sonra.

   Əvvəlcə bu kiçik, təmtəraqdan uzaq mağazanın qısa tarixçəsi haqqında danışaq. Əvvəllər, daha dəqiqi, 1967-ci ildə bu məkan «cızbızxana» kimi fəaliyyət göstərirmiş. Ehtiyatsızlıq üzündən baş verən yanğından sonra onu bərpa edib gül mağazasına çevirmək istəsələr də, sonda kitab mağazası etmək qərarına gəlirlər. Beləliklə, həmin vaxt burada həm kitab, həm də Bakının turizm məkanlarını əks etdirən suvenir-açıqcalar satılır. Çünki o zaman Bakıya gələn gur turist axınının üz tuduğu məkanlardan bri də elə həmin bu mağaza olub. Sonradan isə burada sadəcə kitab satılıb.

   Tarixə, fəlsəfəyə, uşaq ədəbiyyatına, dilçiliyə aid kitabların səliqə ilə yığıldığı rəflərlə yanaşı, rəsm əsərləri də diqqəti cəlb edir. Rəssam boz göyümtül rəngli incə çalarlarla orta əsr Azərbaycan şairlərinin, Nizami, Nəsimi və Füzulinin əsərlərinin qəhrəmanlarını böyük ustalıqla canlandırıb. Rəsmlərdən birində orta əsrlərdə şahmat oynanılması təsvir edilib. E.Mustafayevin sözlərinə görə, bu rəsm əsərləri mağazanın tikildiyi ilk illərdə, 1978-ci ildə çəkilib: «Dəyərli rəssam işi olduğu üçün çalışmışam ki, onları bu günə qədər qoruyub saxlayım. Çünki bura daxil olan hər kəsin, istər yerlilər, istərsə də əcnəbilərin diqqətini cəlb edir. Bir də ki, bunlar bizim dahi şairlərimizin əsərlərinə çəkilib axı». 

 

   «İstəyirəm ki, müştərilər kitabları ürəkləri istəyən qədər vərəqləsinlər»

  

   Buradakı rahat ab-havabir də alıcılara yaradılan şərait Bakının digər kitab mağazalarından fərqlidir. Kitab rəflərinə yaxınlaşmaq, istənilən ədəbiyyatı götürüb vərəqləmək olar. Əslində, E.Mustafayevin sakit davranışı ilə belə demək mümkünsə, yaratdığı şərait müştəriləri buna daha da həvəsləndirir. Özü isə bunu Marksın bir deyimi ilə izah edir:Bir dəfə Marksdan soruşurlar ki, ən çox sevdiyi məşğuliyyət hansıdır? «Kitablar arasında eşələnmək», - deyə o cavab verir”.

   Elman müəllim də bu fikrə şərikdir: «Məncə, insan üçün bundan gözəl məşğuliyyət ola bilməz. Mən istəyirəm ki, müştərilər kitabları ürəkləri istəyən qədər vərəqləsin».

   Mağazada bədii ədəbiyyat, incəsənət və tarixə aid kitablar satılır. Ən geniş bölməni şeir, roman, kiçik hekayə kitabları təşkil edir. Kitablar Azərbaycan, rus, türk, ərəb, ingilis, fransız, alman, fars dillərindədir. Maraqlıdır ki, mağazada təbiət elmlərinə aid bir dənə kitab yoxdur.

   Elman müəllim öz müştərilərinə məsləhət verməyi çox sevir. Çünki, satdığı kitabların əksəriyyətini oxuyub. Sevimli müəlliflərinin siyahısı isə uzundur: Azərbaycan klassik şairləri arasında Nizami, Füzuli, Nəsimi, fars ədəbiyyatından Firdovsi, Hafiz, Sədi, Qərb ədəbiyyatından Şekspir, Bayron, Balzak, Mopassan, Kafka kimi müəlliflərin adları var.

   Öz işinə gəlincə, buna qətiyyən biznes kimi yanaşmır hətta bu sözü işlədənlərə acığı da tutur: «Axı həyat təkcə puldan ibarət deyil. Həyatın mənəvi tərəfləri var. Kitab insanın intellektual səviyyəsini, dünyagörüşünü artırır. Bu səbəbdən kitaba biznes kimi yanaşmaq düzgün deyil».

   

   «Bildiklərimi başqaları ilə bölüşməkdən məmnunluq duyurum»

  

   Elman Mustafayev bu kitab mağazasında 1985-ci ildən işləyir. Yuxarıda qeyd etdiyim kimi, buna qədər başqa sənət sahələrində çalışıb. Əvvəlcə aşpaz olub. Sonra elektrik mühəndisi, daha sonra musiqiçi... Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Ansamblında tar çalıb. Restoranda müdir vəzifəsində çalışıb.

   O deyir ki, başqa sahələrə gedib pul qazana bilərdi. Məsələn, restoranda çalışarkən gündəlik qazancı 50 manat imiş. Lakin pul heç vaxt onun həyatında əsas məqsəd olmayıb. Kitaba lap uşaqlıqdan maraq göstərib. İndi isə kitablarla əhatə olunması bir öz bildiklərini başqaları ilə bölüşmək imkanı həyatına böyük sevinc, məmnunluq gətirib. Bu məmnunluğu tamamlayan daha bir məqam da var. İnsanlar ona öz təşəkkürlərini bildirib deyəndə ki, onun köməyi olmadan müəyyən bir kitabı tapa bilməzdilər, sevincinin həddi-hüdudu olmur. Hiss edir ki, kitabların təbliğatı ilə cəmiyyətin intellektual, mədəni elmi səviyyəsini artırır. biləndə ki, onun mağazasında olan kitabların köməyi ilə bir sıra tələbələr elmi dərəcə qazanıb, bununla sadəcə fəxr edir.

   E.Mustafayevin müştərilərinin arasında əcnəbilər az deyil. Məsələn, «Azerbaijan İnternational» jurnalının baş redaktoru Betti Bleyr Bakıda olanda tez-tez bu mağazaya baş çəkir. Hətta öz jurnalında E.Mustafayevlə bağlı məqalə yazıb. O da Betti xanım haqqında ağızdolusu danışır: «Bu xanım Azərbaycanı bütün dünyada tanıdır, bizi təbliğ edir».

   Amma bu gün Bakıda kitab mağazalarının sayının azalmasından da narazıdır. Deyir, indi nəşriyyat çox, kitab mağazası isə azdır: «Bir dəfə mağazaya gələn fransız qadından onların öz mədəniyyətlərini qoruyub-saxlamağa necə nail olduqlarını soruşdum. Onda o mənə çox qısa cavab verdi: «Biz heç vaxt mədəniyyəti bazar zənbilinə atmırıq». Bəlkə biz mədəniyyətə biznes nöqteyi-nəzərindən yanaşmayaq. Onda kitab mağazalarımız da çox olar, kitablarımız da çox satılar».

   Bu mağazada mühüm bir məqam da diqqətdən yayınmır. Burada Bakının digər kitab mağazaları ilə müqayisədə kitablar ən ucuz qiymətə satılır. Yəqin ona görə , günün istəniləi vaxtı mağazada müştəri görmək mümkündür. «Mənim üçün insanların intellektual səviyyəsinin artması daha vacibdir» deyən E.Mustafayev hesab edir ki, kitabın insana verdiyi mənəvi dəyəri heç verə bilməz: «Kompyuter texnologiyası, internet qədər inkişaf edirsə-etsin, sevə-sevə, nəvazişlə əlində tutduğun kitabı əvəz edə bilməz».

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2010.- 20 avqust.- S. 15.