Mədəniyyətimizi
hamımız təbliğ etməliyik
Bu işdə xarici ölkələrdə
təhsil alan gənclərin də üzərinə
böyük məsuliyyət düşür
Ölkəmiz inkişaf etmiş
dünya birliyinə inteqrasiya yolunda mühüm məsafə
qət edib. Son illərdə Azərbaycan gəncləri xarici universitetlərdə
təhsil almağa daha çox maraq göstərir, müxtəlif
beynəlxalq layihələrdə uğurla iştirak edirlər.
Gənclərimiz bu layihələr çərçivəsində
ölkəmiz haqqında həqiqətləri dünyaya
çatdırmaq, xalqımızın milli-mənəvi dəyərlərini,
tarixini, mədəniyyətini təbliğ etmək istiqamətində
də fəal çalışırlar.
Xaricə səfər edən hər bir kəs yaşadığı ölkədə istər-istəməz doğma vətəninin bir təmsilçisinə çevrilir. Əgər nəzərə alsaq ki, hər hansı bir tələbə oxuduğu ölkədə bir neçə il qalacaq, deməli, həmin tələbə ölkəsini, onun uğurlarını, tarixini, mədəniyyətini tanıtmaq kimi mühüm məsuliyyəti də üzərinə götürmüş olur. Bu zaman tələbənin ölkəsi haqqında hansı biliklərə nə dərəcədə malik olması əhəmiyyətli məqamlardandır. Bu ilk baxışda adi görünsə də, əslində üzərində ciddi düşünüləsi məsələdir. Əgər hər bir tələbə yaşadığı ölkədə, olduğu auditoriyada ölkəsinin turizm imkanlarından danışarsa, mədəniyyətini təbliğ edirsə, doğma vətəninə xidmət etmiş olur.
Xarici ölkəyə təhsil almağa gedən azərbaycanlı tələbə tariximiz, mədəniyyətimiz haqqında mütləq ingilis dilində kitablar aparmalıdır. Bu barədə foto və videomateriallar da istər istəməz digər millətlərin nümayəndələri arasında ölkəmiz haqqında təəssürat yaratmağa imkan verəcək. Azərbaycan ədəbiyyatının, folklorumuzun, nağıllarımızın xarici dillərdə nəşrləri də səfər edəcəyiniz ölkənin insanları üçün maraqlı ola bilər.
Sorğular göstərir ki, əcnəbilər digər ölkələrin şəkillərindən ibarət və ya xalq incəsənətindən ibarət kitablara, xəritələrə, milli mahnılardan ibarət kasset və disklərə xüsusi maraq göstərirlər. Ölkəmizin tanıdılması üçün daha yaxşı olardı ki, ad günlərində, əlamətdar günlərdə dostlara Azərbaycanla bağlı suvenir və ya hədiyyələr, naxışlı işləmələr verəsiniz. Xarici ölkələrdə yaşayarkən ölkənizin əlamətdar günlərini qeyd etməyə biganə qalmaq lazım deyil. Bayramlarda Azərbaycan milli yeməklərini, şirniyyatlar bişirə, vətəndən sizə göndərilən nemətləri əcnəbi dost-tanışlarla paylaşa bilərsiniz. Bayrağınızı yaşadığınız otaqda asmağı da unutmayın. Bir sözlə, yaddan çıxarmayın ki, yaşadığınız xarici ölkədə istənilən məqamda siz öz vətəninizin təmsil edirsiniz.
Ceyhun
Mədəniyyət.-
2010.- 20 avqust.- S. 15.