Geyim insanın daxili aləmini ifadə edir
Hər yeni geyim
dəbi əslində
köhnənin təkrarıdır
Bu gün istənilən
pal-paltar mağazasına
ayaq bassaq, orada yerli istehsaldan
daha çox müxtəlif ölkələrin
məşhur geyim markalarını görə
bilərik. İnsanlarımız istər adi geyim-kecimləri üçün,
istərsə də müasir dəblə ayaqlaşmaq üçün
daha çox xarici ölkə mallarına üstünlük
verirlər. Bəs Azərbaycanın
özünün moda aləmində vəziyyət
nə yerdədir?
Bu sualla bir
neçə modelyerə
müraciət etdik, onların fikirlərini öyrəndik.
İlk həmsöhbətimiz modelyer
və dizayner Mehrəngiz Cəbrayılova
qeyd edir ki, hər bir
işdə olduğu kimi, bu sahənin
də inkişaf etməsi üçün
öncə maddi maraq olmalıdır: «İlk növbədə təmsil etdiyin ölkənin marağı
olmalıdır ki, onun milli geyimləri,
brendləri dünyaya
çıxır. İkincisi, bu
işdə modelyer, stilist və vizajist maraqlı və peşəkar olmalıdır. Fikrimcə, peşəkarlıq
və maraq vəhdət təşkil
etsə, özümüzü
dünya moda aləmində təsdiq edə bilərik. İstedadlı, geniş fantaziyaya
malik olan gənc modelyerlər maddi stimul olmadığından
irəliyə gedib öz potensial imkanlarını üzə
çıxara bilmirlər».
Geyim sahəsində yerli brendlərdən danışan
M. Cəbrayılova bildirir
ki, sayı az olsa da, kifayət qədər tanınan yerli brendlərimiz var: «Amma bütün
dünyada insanlarda bir “moda xəstəliyi”
var. Onlar istəyirlər
ki, hər zaman məşhur markaların geyimlərini alsınlar. “Ancaq elə insanlar
da var ki,
onlar markaya və brendə baxmırlar, sadəcə bir modelyerlə işləyirlər və
çalışırlar ki,
eksklüziv paltarlar geyinsinlər. Ən məşhur
brend olsa belə, onu hər kəs geyinə bilər. Amma modelyer işi
xüsusi hazırlanmış
bir iş olur. Yerli modelyerlərimiz öz
üzərində işləsələr,
onlara insanlar tərəfindən çox
müraciət olunar».
Zövq və dəb insanın dünyagörüşündən
asılıdır
Həmsöhbətimiz
bildirir ki, Azərbaycanda istehsal olunan geyimlərdə keyfiyyət hələlik çox zəifdir: «Hazırda, bildiyimə görə, bir məktəbli forması tikən geyim fabrikimiz (Bakı Tikiş Evi - red.) var. Ancaq gündəlik,
ziyafət və s. üçün geyim hazırlayan müəssisələrimiz
yoxdur. Çünki onlar fikirləşirlər
ki, bu geyimləri
hazırlasalar, alınmayacaq.
Ancaq bu gün bir
çox geyim mağazalarımızda yerli
sexlərdə tikilmiş
və üzərinə
xarici marka vurulmuş geyimlər satılır. Çünki onlar geyimin üzərinə
Azərbaycanda istehsal olunduğunu yazsalar, alıcını cəlb edə bilməyəcəklər.
Eyni zamanda elə peşəkarlar da var ki,
onların hazırladığı
və üzərində
xarici ölkə brendi olan geyimlər
orijinaldan az
fərqlənir. Yaxşı olardı
ki, həmin peşəkarlar hansısa
sexlərdə tikdikləri
mallara xarici marka vurmaqdansa, özümüzün milli
brendləimizlə keyfiyyətli
məhsullarını alıcılara
təklif etsinlər.
Yəni həmin sexlər açıq şəkildə,
milli markalarla fəaliyyət göstərsinlər
və bizlərə də məlum olsun ki, ölkəmizdə
geyim hazırlayan müəssisələr var. Bu, öz növbəsində
istedadlı modelyerlərin
meydana çıxmasına
da imkan yaradar».
Ölkə əhalisinin əksər etibarilə Türkiyə istehsalı olan geyimlərə üstünlük
verdiyini deyən modelyer bildirir ki, bu ölkədə
istehsal olunan geyimlərin keyfiyyəti qənaətbəxşdir, qiyməti
də bizim maddi durumumuza uyğundur: «Maddi imkanı yüksək olanlar isə, təbii ki, bu sahədə aparıcı Avropa ölkələrinin, məsələn,
İtaliyanın, Fransanın
istehsalı olan geyimlərə üstünlük
verirlər».
Dəbin formalaşmasının insanın
öz əlində olduğunu deyən M.Cəbrayılova qeyd edir ki, adi
insanlar arasında zövqlə geyinənlər
çoxdur: «Zövqün
və dəbin formalaşması insanın
dünyagörüşündən asılıdır. İndi modelyerlər
konkret olaraq heç nə eləmirlər. Çünki moda təkrarlanır.
Hazırda xanımların və
bəylərin geyimlərinə
baxsaq görərik ki, bu dəb
ötən əsrin
80-85-ci illərində olub.
Məsələn, dar
biçimli paltarlar, şalvarlar, böyük yaxalıqlar, qatlamalı
don və ətəkliklər.
Belə düşünürəm ki,
dəb artıq formalaşıb. Sadəcə vaxtaşırı köhnə
modanı gətirirlər
və müasirləşdirirlər.
Biz hazır məhsulu
götürürük və
onun üzərinə
öz əlavəmizi
edib 2010-cu ilin dəbini yaradırıq”.
Həmsöhbətimizin
fikrincə, bu gün insanlar arasında moda mühiti var: «Əgər yeni bir məhsul bazara gəlirsə, mütləq şəhərimizin
sakinlərinin çoxu
həmin geyimləri əldə edir ki, dəbdən geri qalmasınlar. Ancaq düşünmürlər ki,
bu geyim mənə yaraşır və ya yaraşmır.
Onu da qeyd edim
ki, çox nadir hallarda insanlarımız gündəlik geyimlərinə
görə modelyerə
müraciət edirlər.
Əsasən bədən quruluşları
standartlara uyğun olmayan kişi və qadınlar geyim üçün modelyerə üz tutur».
Azərbaycanda modelyerlərə
inamsızlıq var
Digər həmsöhbətim, gənc
modelyer Minarə Quliyeva qeyd edir
ki, Azərbaycan hələ ki moda sahəsində inkişaf etmiş ölkələrlə rəqabətə
girə bilmir: «Həmin ölkələrin
sırasına daxil olmaq üçün müəyyən zaman tələb olunur. Çünki Azərbaycanda moda
hələ yeni inkişaf yolundadır.
Bu xüsusda yerli məhsulların bazara çıxarılması, müəyyən
özünü tanıtma
brendləri və s. məsələlər həllini
tapmalıdır. Bu gün Azərbaycanda bir-iki modelyer adı çəkmək olar ki, onlar
Azərbaycanı moda sahəsi üzrə dünyada tanıdırlar.
Məsələn, tanınmış modelyer Fəxriyyə Xələfova milli brendlərimizi öz orijinal kolleksiyalarında xarici ölkələrdə
layiqincə təmsil edir».
Azərbaycanın geyim tarixinə
nəzər salan M.Quliyeva deyir ki, bu sahədə
rəng seçimində
və tikiş texnologiyasında özünəməxsusluq
hər zaman diqqəti çəkib.
«Bu gün müxtəlif
ölkələrdə keçirilən
moda sərgilərində
nümayiş olunan geyimlərimizdə bu millilik daha çox
öz əksini tapır. Elə geyim formalarımız
var ki, digər
ölkə geyimləri
ilə sintez olunur. Xanımlarımız Şərq üslubunda
tikilmiş geyimlərə
üstünlük verirlər
və dəbdəbəni
sevirlər. Tünd rəngli
geyimlərdən daha çox ziyafətlərdə
istifadə edirlər”.
M.Quliyeva bildirir ki, bu gün azərbaycanlı
xanımlar müasir dünya dəbini əsasən telekanallar, jurnal, qəzet və internet vasitəsilə
izləyirlər. Amma
bəzən də xanımlar dəbə uyğunlaşmaq naminə
onlara yaraşmayan geyimləri alırlar: «Geyim insanın daxili aləminin ifadəsidir. Daxildən gələn zövq
birbaşa insanın xarici görkəminə və geyiminə də təsir edir. Bu gün
ölkəmizdə modelyerlərə
tələbat azdır,
bu da onlara
inamsızlıqdan irəli
gəlir. Digər yandan,
məsələnin maddi
tərəfi, maliyyənin
azlığı da bu işə təsir edir”.
Azərbaycanda az da olsa peşəkar modelyerlərin olduğunu deyən müsahibimiz bildirir ki, peşəkarlıq,
sənətə ciddi
yanaşma, insanların
zövqünü öyrənmək
və onları aldatmamaq bu işdə
əsasdır.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2010.- 25 avqust.- S. 15.