Səs
irsimizin saxlanc yeri
SSRİ Səs
Yazıları Arxivinin
yaradılmasından heç bir il keçmədi ki, 1968-ci ildə Azərbaycanda da
belə bir qurum
yarandı. Azərbaycan Respublikası Dövlət Səs
Yazıları Arxivinin yaradılmasında
əsas məqsəd ölkənin ictimai-siyasi,
tarixi, elmi və mədəni
həyatını özündə əks etdirən bədii
və sənədli fono-video sənədləri,
səs və video yazılarını
toplayıb dövlət mühafizəsini təşkil etmək
idi. Arxivin ilk əməkdaşları isə Bakı
Dövlət Universitetinin axşam
şöbəsində təhsil alan bir qrup gənc oldu...
Səs Yazıları Arxivi yaradıldığı vaxtdan Azərbaycan mədəniyyətinə mühüm töhfə verən, özəlliklə zəngin milli musiqi irsimizin qorunmasına xidmət edən mühüm quruma çevrilib. Arxivin fəaliyyətə başladığı ilk gündən burada çalışan, 1974-cü ildən isə müəssisəyə rəhbərlik edən Əməkdar mədəniyyət işçisi Yaqub Mədətov bu barədə belə deyir: “Biz zəngin səs xəzinəsinin yaradılmasında, onun qorunmasında iştirak edirdik. Burada yer alan fonosənədlər Azərbaycanın müxtəlif bölgələrindən, hətta dünyanın bir çox ölkələrindən müxtəlif illərdə çətinliklə də olsa tapılıb, gətirilib. Məqsədimiz ondan ibarət olub ki, Azərbaycanın səs yazıları bir mərkəzdə toplanılsın”.
70 min fonosənəd
- zəngin səs xəzinəsi
Dövlət Səs Yazıları arxivi olduqca zəngindir. Burada Azərbaycanın tanınmış xanəndələrinin səs yazıları qorunub saxlanılır. Arxivdə Azərbaycanın ictimai və mədəni həyatının bütün sahələrini əhatə edən, habelə tanınmış şəxsiyyətlərlə bağlı qiymətli materiallar saxlanılır. Arxivdə saxlanılan ən qədim fonosənəd 1902-ci ilə aiddir. Ü.Hacıbəylinin bir dəqiqəlik ifası isə nadir fonosənədlərdəndir. Bura gələnlərdən çoxu onun bir dəqiqəlik ifası ilə maraqlanıblar.
Ötən müddətdə arxivdə zəngin səs xəzinəsi yaradılıb. Hazırda dünyanın bir çox ölkələrində belə arxivlər fəaliyyət göstərir ki, həmin müəssisələrdə səs yazılarından daha çox kino, foto sənədlər saxlanılır. Azərbaycan Dövlət Səs Yazıları Arxivi MDB məkanında Rusiyadan sonra ikinci belə arxivdir. Hazırda burada qrammofon vallarında, maqnitofon lentlərində, CD-lərdə 70 min fonosənəd, həmçinin 3000-dən artıq videoyazı mühafizə edilir. Məlumat üçün deyək ki, Niderlandda Səs Yazıları Akademiyası fəaliyyət göstərir. Həmin arxivdə 10 minə yaxın fonosənəd saxlanılır. İsraildə, Baltikyanı ölkələrində də səs arxivlərində saxlanılan fonosənədlərin sayı 10 mini ötmür. Burada qorunan fonosənədlərin sayı Azərbaycanın çox zəngin mədəniyyət tarixi olduğunun göstəricisidir.
Rəqəmsal sistemə keçid
Belə bir zəngin səs saxlancının müasir dövrdə səmərəli fəaliyyəti, sözsüz ki, yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi olmadan mümkün deyil. Hazırda arxivin tamamilə rəqəmsal sistemə keçməsi üçün iş aparılır. İndiyədək fondda saxlanılan sənədlərin 35 faizi rəqəmsallaşdırılıb. Arxiv beynəlxalq əməkdaşlığa da böyük önəm verir, Böyük Britaniyanın Kral kitabxanasının elmi-tədqiqat mərkəzi ilə əməkdaşlıq edir. İndiyədək 50-ə qədər Azərbaycan aşıq dastanı rəqəmsal səs yazısında həmin kitabxanaya göndərilib. Gələcəkdə ABŞ-ın Konqres Kitabxanasına da muğam və folklor nümunələrinin göndərilməsi nəzərdə tutulur.
Səs yazıları bərpa edilir
Dövlət Səs Yazıları Arxivində qədim səs yazılarının bərpası da həyata keçirilir. 1900-1914-cü illərdə Azərbaycanın klassik muğam ustalarının yüzlərlə əsəri dünyanın müxtəlif səsyazma studiyalarında yazılıb. Bunları bir araya gətirmək, bərpa işi aparmaq üçün böyük zəhmət tələb olunur. Məlumat üçün deyək ki, köhnə valları bərpa edə bilmək üçün xüsusi məhlullar mövcuddur. Məhlullar vasitəsilə təmizlənən vallar xüsusi qurğu vasitəsilə qurudulur, sonrakı prosesdə isə köçürülür. Ötən əsrin əvvəlində məşhur Azərbaycan xanəndələrinin səsi xeyli sayda qrammofon vallarına yazılıb, onların bəziləri arxivdə saxlanılır.
Televiziya və radiolar səs yazılarını
arxivə vermir
Arxivin direktoru Yaqub
Mədətov deyir ki, SSRİ dövründə
fondun zənginləşməsi
və komplektləşdirilməsi
asanlıqla aparılırdı.
Televiziya
və radiolar ilə sıx əməkdaşlıq nəticəsində
arxiv fondunun tərkibi yeni səslərlə zənginləşirdi.
Bu gün isə vəziyyət başqa cürdür: “Əvvəllər
qərar var idi ki, efirə
gedən bütün verilişlər arxiv işçiləri tərəfindən
seçilməli və
səs yazıları
arxivinə göndərilməli
idi. “Milli Arxiv Fondu haqqında" qanunda da bu nəzərdə
tutulub. Qanuna əsasən, səs yazısının 3 il vaxtı keçəndən sonra arxivə təhvil verilməlidir. Bununla bağlı bizim
televiziya və radiolara müraciətlərimiz
olub, amma hələlik qanunun tələbinə əməl
olunmur. Bəzi səsyazma şirkətləri
ilə əlaqələr
yaratmışıq. Hazırlanan disklərin
bir nüsxəsini də bizə göndərirlər”.
Arxiv sənətçilərlə, musiqi xadimləri ilə də əlaqələr qurub: “Onlar könüllü şəkildə bütün
fonosənədləri bizim
arxivə təhvil verirlər. Çünki evlərdə saxlanılan
əsər çox vaxt itir. Professor Tofiq Bakıxanov
özünün və
atası tarzən Əhməd Bakıxanovun irsini arxivə təqdim edib. Tanınmış folklorşünas
Elxan Məmmədli, Maşallah Xudubəyli, qarmonçalan Zakir Mirzəyev, xalq artistləri xanəndə
Canəli Əkbərov
, tarzən Ramiz Quliyev, bəstəkar Eldar Mansurov və başqaları səs yazılarını
arxivə təqdim ediblər”.
Arxivşünas kadrların
hazırlanmasına ehtiyac
var
Bu gün respublikanın ali
məktəblərində arxivşünaslıq
ixtisasının tədris
olunmadığını deyən
Yaqub Mədətov qeyd edir ki,
universitetlərdə müvafiq
şöbələrin açılmasına
ehtiyac var. “Sovet dövründə bəzi
ali təhsil ocaqlarında arxivşünaslıq
şöbələri fəaliyyət
göstərirdi. Azərbaycanda bu sahədə milli kadrların hazırlanması ötən
əsrin 60-cı illərindən
sonra başlanıb.
İndi də ali məktəblərdə
bu ixtisasın açılmasına ciddi
ehtiyac var”.
Yeri gəlmişkən, Moskvada Arxivşünaslıq
İnstitutu var. Dövlət
Səs Yazıları
Arxivinin bir əməkdaşı həmin
institutun tələbəsidir.
Bu sahədə peşəkar kadrların hazırlanması günün
tələbidir. Unutmayaq ki,
tariximizin, mədəniyyətimizin
mənbəyi hesab olunan arxivlər, dəyərlərimizə sahib çıxmaq
istəyən düşmənlərimizə
cavab vermək üçün ən tutarlı mənbədir.
C.Zərbəliyev
Mədəniyyət.-
2010.- 25 avqust.- S. 13.