“Bismillah” filminin 85 yaşı tamam olur
Kino tariximizdən
1920-ci ildə Azərbaycanda
sovet hakimiyyəti qurulandan sonra ölkəmizdə kinematoqrafiyanın
yeni mərhələsi
başlandı. Kino yeni ideologiyanın - bolşevik ideologiyasının
güclü təbliğat
maşınına çevrildi.
Həmin dövrdə
sovet Azərbaycanına
rəhbərlik edən
Nəriman Nərimanov
təbliğatın vəzifələri
haqqında məqaləsində
yazırdı: “Adamların
məntiqi mühakimədən
daha çox obrazlarla düşünməyə
vərdiş etdikləri
Şərqdə kütlələrin
qabaqcadan tədrici hazırlığını təmin
etməyən yeganə
təbliğat vasitəsi
kinodur”.
20-ci illərdə
Bakıda yenicə istifadəyə verilmiş
I Dövlət Kinofabrikində
çəkilən filmlər
- “Mədənçi-neftçi istirahətdə və müalicədə”, “Əvəz-əvəzə”,
“Müxtəlif sahillərdə”,
“Gilan qızı”, “Vulkan üzərində ev” o dövrün mühüm və aktual problemlərinə toxunsa da, bədii
səviyyəsinə görə
heç bir şeylə fərqlənmirdi.
Bununla belə həmin dövrdə müasir mövzuda və klassik ədəbi əsər əsasında
çəkilmiş “Bismillah”,
“Hacı Qara”, “Sevil” bədii filmləri kino sahəsində irəliyə
doğru atılmış
addım idi.
1925-ci ildə istehsal olunmuş “Bismillah” filmi görkəmli teatr aktyoru Abbas
Mirzə Şərifzadənin
bədii kinoda ilk rejissor işidir. Sosial dram janrında çəkilmiş
film o vaxtlar din əleyhinə
çevrilmiş kino əsəri kimi təqdim olunmuşdu.
“Azdövlətkino”nun idarə
heyətinin sədri Şamil Mahmudbəyov
1928-ci ildə Azərbaycanın
ilk milli kinorejissoru A.M.Şərifzadənin dövlət
teatr səhnəsində
fəaliyyətinin 20 illik
yubileyi münasibətilə
təqdim etdiyi arayışda deyilir: “Din əleyhinə olan “Bismillah” filmi böyük siyasi əhəmiyyətə malikdir.
Məişət materialı
ilə zəngin bu film Qərbi Avropa fəhlə nümayəndələri və
Komintern tərəfindən
təqdir edilmişdir”.
N.Sadıxov və M.Mərdanovun
“A.M.Şərifzadənin teatr
və kino fəaliyyəti” kitabında
da bu dəlil
öz təsdiqini tapıb. Kitabda yazılıb: “Bismillah” yalançı mollaların
törətdikləri iyrənc
cinayətləri bütün
çılpaqlığı ilə əks etdirən, din əleyhinə
çevrilmiş qiymətli
bir kino əsəri idi...”
Əlbəttə, bu fikirlərlə
heç cür razılaşmaq mümkün
deyil. Məsələ ondadır ki,
20-ci illərin ortalarında
Sovet İttifaqının
müxtəlif yerlərində
“Allahsızlar” adlı
üzdəniraq cəmiyyətlər
yaradılmışdı. Bu cəmiyyətlər vasitəsilə dinə qarşı kəskin mübarizə aparılır,
hökumətin qərarı
ilə məscidlər,
kilsələr dağıdılır,
ən yaxşı halda anbarlara çevrilirdi. Mollalar isə
həbs olunub sürgünə göndərilirdi.
“Bismillah” filminin
istehsalı isə ölkədə din əleyhinə
aparılan kampaniyanın
ən qızğın
vaxtına düşmüşdü.
Əlaqədar təşkilatlar bundan çox vaxtında və yerində istifadə edə bildilər.
Abbas Mirzə Şərifzadə
elə bir şəxsiyyət, elə
bir xarakterə, əqidəyə malik insan idi ki,
onun vicdanı buna yol verə
bilməzdi. Respublikanın
Xalq artisti İsmayıl Dağıstanlı
xatirələrinin birində
bu fikri belə ifadə edib: “Abbas Mirzənin
şəxsi həyatı
və səhnə fəaliyyəti, əxlaqi
və yaradıcılıq
prinsipləri göstərir
ki, o, həmişə
məfkurəvi və
tərbiyəvi məqsədlər
izləmiş, demokratik
və mütərəqqi
bir etiqada malik olub”.
Ona görə də qətiyyətlə demək
olar ki, rejissor burada yalançı və fırıldaqçı mollaların
şəriət pərdəsi
altında “dilsiz-ağılsız”,
yoxsul, bisavad kəndlilərin başına
gətirdikləri oyunları
göstərməyə çalışıb
və buna nail olub. Bu film əslində
dini fanatizm əleyhinə təşviqat-təbliğat
məqsədilə yaradılmışdı.
Filmdə söhbət Azərbaycan
kəndlərindən birində
yoxsul ailənin başına gətirilən
oyunlardan gedir. Ailənin başçısı Qulunun
üzü heç gülmür. Çünki
uşaqsız ailənin
sevinci az
olur. Günlərin birində Qulu
arvadı Zeynəbi götürüb kənd mollasının yanına gəlir. Qulu uşaqları olmadığını
mollaya deyir. Molla bu işə bir əncam çəkəcəyinə söz
verir. Lakin Quluya tapşırır
ki, gələn dəfə arvadını
tək göndərsin.
Qadına yazacağı
dua ailənin sevincinə, yəqin ki, səbəb olacaq...
Bir neçə gündən
sonra əyyaş molla Zeynəbi qəbul edir, onun bədənindən cini qovmaq məqsədilə
namusuna təcavüz edir. Məhərrəm ayında Qulunun
oğlu olur. Qulu həyətlərindəki yeganə
toğlunu mollaya nəzir gətirir. Arzusunun həyata keçməsi münasibətilə Qulu məscidə gedib zəncir vurur, hətta yenicə doğulmuş uşağın
başına bir neçə yerdən ülgüc çəkir.
Aşura
(Məhərrəm ayının
10-u - red.) günü körpə
ölür. Qulu
mollanın yaxasından
yapışıb deyir:
“Sənin məsləhətinlə
körpənin başına
ülgüc çəkdik.
Körpə də həlak oldu...” Mollanın cavabı qısa olur: “Körpəni sənə
Allah vermişdi, Allah da
aldı. Allahın məsləhəti belə
imiş...”
Bundan sonra Qulunun ailəsində bir sıra hadisələr baş verir. Bisavadlığı və avamlığı
ucbatından Qulunun başı bəlalar çəkir. “Ruhani adamlar Allahın yaxın bəndələridir. Onlar Allahın
buyruqlarını yerinə
yetirənlərdir”. Bu
sözlərlə kəndlilərin
başını qatan
kənd mollasının
bir gün fırıldaqları aşkara
çıxır. Xalq
məhkəməsi yaramaz
və alçaq işlərlə məşğul
olan yalançı mollanın həbs olunması haqqında hökm çıxarır...
Yazıçı P.Blyaxinin ssenarisi
əsasında çəkilmiş,
milli koloritlə yoğrulmuş, özünəməxsus
yaradıcılıq dəst-xətti
ilə həll olunmuş “Bismillah” filmi bədii kino sənətimizin inkişafında ilk dəyərli
addım idi. Burada ilk dəfə olaraq, Azərbaycan qadınının
köhnə adət-ənənələrə
qarşı fəal etirazını görürük.
A.M.Şərifzadənin
kinorejissor kimi bu filmdəki uğurlarından biri çəkilişə dəvət
etdiyi gözəl aktyor ansamblıdır: istedadlı və xalq içərisində çox populyar komik aktyor olan
Mirzəağa Əliyev
şəhvət düşkünü,
əyyaş və fırıldaqçı molla
rolunu parlaq və satirik manerada ifa etmişdi.
Aktyorlardan Mirseyfəddin
Kirmanşahlı mülkədar,
M.Mərdanov Qulu, Kazım Ziya Rövzəxan, K.Vyazkova Zeynəb, M.Sənani qoçu, T.Vişnevskaya Gülzar rollarınu uğurla oynamışdılar.
O illərdə
əhalinin bir hissəsi kinonu şeytan əməli, ekranda görünən adamları isə şeytan balaları adlandırırdı. Belə bir
vaxtda böyük dramaturq Cəfər Cabbarlı öz körpəsini - balaca Aydını kinostudiyaya gətirir və “Bismillah” filmində Qulunun təzəcə doğulmuş uşağı
rolunda çəkdirir.
Rejissorun kütləvi səhnələrdə
nail olduğu həyatilik
və gerçəkliyin
zəngin boyalarla təsviri ümumittifaq kino mütəxəssislərinin
diqqətindən yayınmamışdı.
A.M.Şərifzadə filmin mürəkkəbliyini
və aktuallığını
nəzərə alaraq,
böyük həvəslə
çəkilişləri aparmışdı.
O, filmə lazım olan rekvizit, kostyum və qrimi Bakının müxtəlif teatrlarından
almışdı.
“Bismillah”
filmi yenicə çəkilib başa çatdığı vaxt
Almaniya kino şirkətinin nümayəndələri
Bakıda imiş.
Onlar İrandan Berlinə qayıdarkən şəhərimizin
qonağı olurlar.
Kinofabrikdə qonaqlara “Bismillah”
filmi göstərilir və film onların çox xoşuna gəlir. Hətta qeyd edirlər
ki, Azərbaycanın məişət və ənənələrini göstərən
epizodlar yüksək keyfiyyətlə həll edilib, çəkilən
toy dəstgahı və
məhərrəmlik mərasimi
onlarda dərin təəssürat yaradıb.
Onlar indiyə kimi kino aləmində belə ənənəvi epizodlar görməyiblər.
Nümayəndə heyətinin başçısı
Maks Bruxmüller onu da deyib
ki, təchizat cəhətdən o qədər
yüksək səviyyədə
olmayan kinofabrikdə belə bir filmin
çəkilməsi böyük
uğurdur.
Kino əsərində
aktyor M.Mərdanovun iştirakı ilə çəkilmiş “şaxsey-vaxsey”
epizodu baxımlıdır.
Bu epizod məhərrəmlik
vaxtı Bibiheybət məscidində gizli şəkildə çəkildiyi
üçün maraq
doğurur. “Gizli kamera” yaradıcılıq
metodu Azərbaycanda
ilk dəfə “Bismillah”
filmində (II rejissor və quruluşçu
operator A.Yalovoy idi) həyata keçirilib.
Həmin
səhnənin filmə
necə alındığı
barədə aktyor M.Mərdanov “50 il Azərbaycan səhnəsində”
kitabında ətraflı
söhbət açıb.
A.M.Şərifzadə öz xalqının
tarixini, onun milli xüsusiyyətlərini
və adətlərini,
psixologiyasını və
məişətini yaxşı
bilirdi. Materialı belə gözəl
bildiyinə görə
ekranda baş verən əhvalatlar bütün rəngarəngliyi,
reallığı ilə
tamaşaçını inandırır,
düşündürür. Bu baxımdan “Bismillah”
əvvəlki filmlərdən
çox fərqlənir.
Aydın Kazımzadə
Xalq
qəzeti.- 2010.- 25 avqust.- S. 10.