İstanbul «Avropanın Mədəniyyət Paytaxtı» missiyasını necə yerinə yetirir?

 

   Bu nəhəng mədəniyyət layihəsi bizim üçün də zəngin təcrübə qaynağı ola bilər

  

   «İstanbul - Avropanın Mədəniyyət Paytaxtı - 2010» ilinin başa çatmasına az qalıb. İl çərçivəsində həyata keçirilən layihələr, mədəni tədbirlər İstanbulu nəinki Avropanın, hətta dünyanın cazibə mərkəzinə çevirib. Özündə zəngin tarix və mədəni irs yaşadan, Avropa və Asiyanı bir-birinə bağlayan, mədəniyyətləri qovuşduran İstanbula dünyanın ən müxtəlif yerlərindən axın-axın insanlar gəlir. Bu qos-qoca şəhər kəşf edildikcə yenidən tanınır, tanındıqca yenidən kəşf edilir. İstanbul «Avropanın Mədəniyyət Paytaxtı» missiyasını uğurla doğruldur.

  

   Yəqin ki, bir azərbaycanlı olaraq doğma Bakıya da belə bir missiyanın həvalə edilməsi hər birimizin ürəyindən olardı. Nəzərə alsaq ki, Azərbaycanın paytaxtı 2009-cu ildə «İslam Mədəniyyəti Paytaxtı» missiyasını uğurla yerinə yetirib, son illər şəhər beynəlxalq səviyyəli ən müxtəlif mədəni forumlara, toplantılara ev sahibliyi edir, mədəniyyətlərarası dialoqun fəal iştirakçısına çevrilir, o zaman yaxın gələcəkdə Bakının «Avropanın Mədəniyyət Paytaxtı» adına da layiq görüləcəyini gözləmək olar. Bu baxımdan qardaş Türkiyənin bu sahədəki təcrübəsi, «İstanbul - Avropanın Mədəniyyət Paytaxtı - 2010» ilinin özəllikləri ilə yaxından tanış olmaqyararlanmaq işin xeyrinə olardı.

   Bunu nəzərə alıb İstanbulun simasında «Avropanın Mədəniyyət Paytaxtı» anlayışı, onun mahiyyəti və əhəmiyyəti barədə bəzi məqamları oxucuların diqqətinə çatdırmaq istərdik. Bu məqamları araşdırmaqda bizə Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və tanıtım müşavirliyinin əməkdaşı Nizami Zöhrabi yardımçı oldu.

  

   Qısa tarixi ekskurs

  

   «Avropanın Mədəniyyət Paytaxtı» (AMP) adı Avropa Birliyi (AB) tərəfindən təsis edilmiş fəxri tituldur. Bu ad Avropa mədəniyyəti ilə ayaqlaşan, onun zənginləşməsinə xüsusi töhfələr verən şəhərlərə verilir. İlk dəfə 1985-ci ildə Yunanıstanın Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən «Avropa Mədəniyyəti Şəhəri» ideyası Avropa Birliyinin Nazirlər Şurasının qərarı ilə gerçəkləşib. Bu ad ilk dəfə elə həmin ildə Yunanıstanın paytaxtı Afinaya verildi. 1999-cu ildə «Avropa Mədəniyyət Şəhəri» titulu «Avropanın Mədəniyyət Paytaxtı» adı ilə əvəz edildi. 2000-ci ildən etibarən isə «Avropanın Mədəniyyət Paytaxtı» adı eyni zamanda bir neçə şəhərə verilməyə başlandı. Bu ad həmçinin AB-yə üzv olmayan ölkələrin də şəhərlərinə aid edildi.

  

   İstanbul «Avropanın Mədəniyyət Paytaxtı» adını necə qazandı?

  

   2005-ci ildə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə İstanbulun bu fəxri adı qazanması üçün Təşəbbüs Qrupu yaradıldı və bu yöndə zəruri dəstək qazanmaq üçün aparıldı. 2006-cı ildə Avropa Birliyi Mədəniyyət Nazirləri Şurasının qərarı ilə İstanbulun 2010-cu ildə «Avropanın Mədəniyyət Paytaxtı» seçildiyi elan edildi. Nizami Zöhrabi: «2007-ci ildən geniş hazırlıq prosesləri başlandı. Bununla bağlı parlament tərəfindən xüsusi qanun qəbul edildi. Həmin qanunla ictimaiyyət, sivil toplum quruluşları, özəl sektor və bələdiyyələrdən olan peşəkarların bir araya gəlməsini əlaqələndirmək, İstanbulun mədəniyyət, sənət, turizmin tanıdılması, mədəni mirasın qorunması ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək üçün xüsusi qurum - Agentlik - yaradıldı. İstanbulla bağlı layihələr bu agentlik tərəfindən dəyərləndirilərək icra olunur. Bu çərçivədə İstanbulun «Avropanın Mədəniyyət Paytaxtı» hədəfləri ilə ayaqlaşması üçün nəzərdən keçirilən 2272 layihədən 451-i bəyənilib. Bu layihələrin 132-si başa çatıb, 89-u davam edir, 230-u isə bu ilin sonunadək həyata keçiriləcək».

   Həmsöhbətim deyir ki, 8500 illik tarixi və mədəniyyət xəzinəsi olan İstanbul şəhəri təkcə Avropanın deyil, bütün dünyanın mədəniyyət paytaxtı olmağa layiqdir. «Layihələrin dəyərləndirilməsinə gəlincə, onların əsas hədəflərini qısaca belə təqdim etmək olar: yaradıcılıq və yenilikçiliyin təşviq edilməsi, mədəniyyət turizminə töhfə verilməsi, mədəni müxtəlifliyin təbliği, tarix və memarlıq mirasının qorunması, sənət töhfələrinin butun istanbullular üçün əlçatan olmasının təmin olunması, beynəlxalq əməkdaşlıq, Avropa ölkələri ilə mədəni əlaqələrin dərinləşdirilməsi və s.».

   N.Zöhrabinin sözlərinə görə, «İstanbul - Avropanın Mədəniyyət Paytaxtı» ili çərçivəsində düzənlənən layihələr 17 əsas istiqaməti ehtiva edir: «Şəhər layihələri, mədəni miras və muzeylər, klassik türk musiqisi, musiqiopera, ədəbiyyat, şəhər mədəniyyəti, təhsil, dənizçilik, turizm və tanıtım, ictimaiyyətlə və tədbirlər, reklam-marketinqs. Bu layihələrin həyata keçirilməsi ilə İstanbulun dəyəri və gözəlliyi yenidən kəşf ediləcək. Həyata keçirilən layihələrin əsas hədəfləri İstanbulun qənirsiz gözəlliyini ön plana çıxarmaq, mədəniyyət və sənət infrastrukturunu inkişaf etdirmək, İstanbulu mədəniyyət və sənətlə tanıtmaq, İstanbulun mədəniyyət turizmi bazarından gəlirlərini artırmaqdır.  

 

   Töhfələr və dəyərlər

  

   Bəs «İstanbul - Avropanın Mədəniyyət Paytaxtı» ilindən gözlənilən nəticələr hansıdır? Həmsöhbətim bildirir ki, İstanbul «Avropanın Mədəniyyət Paytaxtı» missiyası ilə dünya mədəniyyət gündəmində yer alacaq: «Tarix boyu fərqli mədəniyyətləri bir yerdə yaşadan İstanbul sahib olduğu dünya mədəniyyət mirasını bütün zənginliyilə Avropa ilə paylaşmaqdadır. Həyata keçirilən layihələr şəhərin görkəmini dəyişib, istanbulluların yaşam rifahını yüksəltməkdədir. Bu qədim şəhər mədəniyyət məkanlarına qovuşacaq, şəhərin mədəniyyət infrastrukturunu gücləndirəcək. Beynəlxalq layihələr vasitəsilə türk mədəniyyəti Avropa ölkələrinə daha geniş tanıdılır, İstanbula müxtəlif ölkələrdən gələn qonaqlar, o cümlədən media təmsilçiləri bu şəhərin dünya mədəniyyəti paytaxtı olduğunu görurlər. Beləliklə, istanbullular İstanbulun sahib olduğu dəyərləri yenidən kəşf edəcək, bu şəhərdə yaşamaq fürsətinə sahib olduqları üçün qürur duyacaqlar. «Avropanın Mədəniyyət Paytaxtı» olmaq İstanbula çox şey qazandıracaq. İstanbulun bənzərsiz mədəni mirasının və yaradıcı mədəniyyətinin turizmə təsir dairəsini artırmaq, turizmə lazım olan şəhər infrastruktunun yaxşılaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi yolu ilə İstanbul önəmli mədəniyyət turizmi məkanı olacaq.

   İstanbul sadəcə tarixi ilə deyil, mədəniyyət-sənət tədbirləri ilə də beynəlxalq arenada Avropanın önəmli mədəniyyət mərkəzinə çevrilir. Bu isə sonda turizmdən daha çox gəlir əldə etməsinə gətirib çıxaracaq».

   İstanbulun tarixən böyük dövlətlərin, imperiyaların paytaxtı olaraq mədəni zəngilik baxımından dünyanın nadir şəhərlərindən birinə çevrildiyini deyən N.Zöhrabi bildirdi ki, «Avropanın Mədəniyyət Paytaxtı» ili bu yöndə yeni töhfələr ortaya qoyacaq: «İstanbul zəngin mədəni mirasa sahibdir və «Avropanın Mədəniyyət Paytaxtı» çərçivəsində gerçəkləşdirilən layihələr mədəni mirasın qorunması və təbliği, mədəniyyət və sənət öyrətimi, təhsil, sənət haqqında bilgi qaynaqlarının yayılması, sərgilənməsi kimi məsələlərdə şəhərin potensialını daha da artıracaq».

  

   Türkiyənin beynəlxalq nüfuzunun güclənməsi üçün böyük fürsət

  

   Həmsöhbətim qeyd edir ki, «İstanbul - Avropanın Mədəniyyət Paytaxtı - 2010» ili, hər şeydən öncə, İstanbulun sakinləri üçün böyük bir iftixar qaynağıdır. Bu mədəni hadisə şəhərdə yaşayanlara istanbullu olmağın qürurunu bir daha yaşadır. Gerçəkləşən mədəniyyət-sənət tədbirləri ilə İstanbul bir cazibə mərkəzinə çevrilir, dünya turizminin öncül məkanlarından biri kimi daha da məşhurlaşır: «Avropanın Mədəniyyət Paytaxtı» ili çərçivəsində şəhərə böyük turist axınından, gətirdiyi iqtisadi dividendlərdən istanbullular da faydalanır. Həyata keçirilən layihələrlə şəhərdə müasirləşmə sürətlənəcək, İstanbul daha yaşanabilir bir şəhərə çevriləcək. «İstanbul - Avropanın Mədəniyyət Paytaxtı» ili Türkiyənin beynəlxalq arenada adını duyurması və nüfuzunu gücləndirməsi baxımından da çox böyük bir fürsətdir. Çünki bu il çərçivəsində İstanbul adına həyata keçirilən hər layihə, tanıtım Türkiyənin də tanınması deməkdir».

  

 

   Mehparə Sultanova

 

   Mədəniyyət.- 2010.- 25 avqust.- S. 8.