Təsviri
və xalq dekorativ-tətbiqi sənətinə
dövlət qayğısının təzahürü
Həvəskar rəssamların və
tətbiqi sənət ustalarının iştirakı ilə regionlarda keçirilən sərgi-seminarlar uğurla yekunlaşıb
Bədii
yaradıcılığın və incəsənətin
müxtəlif sahələrində - poeziya
və musiqi, heykəltəraşlıq və
memarlıq, miniatür və dekorativ-tətbiqi
sənətlərdə misilsiz nailiyyətlər
əldə edən Azərbaycan sənətkarları dünya mədəniyyəti xəzinəsini
zənginləşdirən çoxlu
şah əsərlər yaradıblar. Nadir
memarlıq abidələri, əlvan koloriti,
zəngin yaradıcılıq fantaziyası və misilsiz gözəlliyi ilə seçilən xovlu-xovsuz naxışlı və süjetli xalı və xalçalar,
dulusçuluq nümunələri, bədii
parça, zərgərlik, metal və keramika məmulatları
Azərbaycan xalqının qədim yaradıcılıq
irsinə malik olduğunu
sübut edir.
Orta əsr Azərbaycan təsviri sənətinə dünya şöhrəti qazandıran miniatür sənətimiz olub.
Azərbaycan təsviri və dekorativ-tətbiqi sənəti Yaxın və Orta Şərq xalqlarının incəsənəti tarixinin ən maraqlı səhifələrindən birini təşkil edir. Bu sənət günümüzədək uğurlu inkişaf yolu keçib. Xalq dekorativ-tətbiqi sənət ustalarının yaratdıqları əl işləri qədim tariximizin yaddaşından silinməyən bədii nümunələr kimi əbədi qalaraq yaşayır.
Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə daim mədəniyyət və incəsənətimizin yüksəlişinə, tərəqqisinə xüsusi qayğı göstərib. Bu dövrdə həmçinin təsviri və xalq dekorativ-tətbiqi sənətinə verilən xüsusi diqqətin nəticəsində müntəzəm olaraq müxtəlif tədbirlər, həmçinin sərgilər keçirilirdi. Xalqımızın təsviri və dekorativ-tətbiqi sənətinə yönələn belə bir diqqət və qayğı həvəskarlıqdan peşəkarlığa doğru gedən təkmilləşməni sürətləndirir, habelə sərgilərin iştirakçıları arasında adlı-sanlı sənətkarların yetişməsi ilə nəticələnirdi.
Mədəniyyət və incəsənətimizin inkişafına yüksək dövlət qayğısı bu gün də davam etməkdədir. Ölkə prezidentinin bu sahə ilə bağlı imzaladığı sərəncamlar, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın bilavasitə mədəniyyətin, o cümlədən təsviri incəsənət və dekorativ-tətbiqi sənətin inkişafına göstərdiyi diqqət Azərbaycan xalqının milli-mədəni irsinin və mənəvi dəyərlərinin dünya miqyasında təsdiq edilməsinə yönəlib.
Son vaxtlar respublikamızda keçirilən bir sıra sərgilər də paytaxtda və regionlarda yaşayıb-yaradan həvəskar sənətçilərin fəaliyyətini təşviq etmək, onların dəyərli əl işlərini ölkəmizdə və xaricdə təbliğ etmək məqsədi daşıyır. Bu il Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə regionlarda keçirilmiş və payızda Bakı şəhərində yekun vurulacaq «Həvəskar rəssamların və tətbiqi sənət ustalarının əsərləri» mövzusunda sərgi-seminarlar da həmin məqsədə xidmət edir.
Qeyd etmək lazımdır ki, xalqın içərisindən istedadlı insanların, xüsusən gənc sənətçilərin üzə çıxarılmasına xidmət edən belə sərgi-seminarlar əvvəllər də uğurlu nəticələr verib. Hələ sovet dönəmində təşkil edilən bu növ kütləvi tədbirlərin sayəsində ixtisas təhsili almamış, ancaq bədii yaradıcılığa meyilli olan istedadlı şəxslərin, həvəskar sənətçilərin üzə çıxarılması, onlara metodiki tövsiyələrin verilməsi, axtarışlarının və fəaliyyətlərinin düzgün istiqamətləndirilərək qiymətləndirilməsi diqqət mərkəzində saxlanılıb. Bu mənada həvəskarlar arasında təsviri və dekorativ-tətbiqi sənətin inkişafı sahəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşəbbüs və təşkilatçılığı həmişə mühüm rol oynayıb. Bu dövlət idarəsinin rəhbərliyilə keçirilən tədbirlərdə üzə çıxarılmış çoxlu sayda sənətçi və xalq tətbiqi sənət ustalarının arasından sonralar professional sənətə gələrək öz əsərləri ilə ölkədə və xaricdə tanınan sənətkarlar da olub.
Həmin ənənə bu gün uğurla davam edir. Mədəniyyət və Turizm Nazirliyinin xalq yaradıcılığının mühüm tərkib hissəsi kimi həvəskar rəssamların və tətbiqi sənət ustalarının layiqli əsərlərinin üzə çıxarılması, təbliğ olunması və onların peşəkarlıq səviyyələrinin yüksəldilməsinə kömək göstərilməsi məqsədilə 2010-cu ilin payızında Bakı şəhərində «Həvəskar rəssamların və tətbiqi sənət ustalarının əsərlərindən ibarət sərgi-seminar» keçirilməsi barədə qərarı da bunun göstəricisidir. Ənənəyə sadiq qalaraq daim axtarışlarda olan Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz sənətçiləri, həvəskar rəssamları, gəncləri yaradıcılığa yönəltmək istiqamətində məqsədyönlü fəaliyyətini bu sərgi-seminarın təşkilində də davam etdirir.
Sərgi-seminarın Əsasnaməsinə uyğun olaraq əsərlərin nümayişi və seçimi əvvəlcə regionlarda keçirildi. 2010-cu il iyunun 16-18-də Cəlilabadda Lənkəran, Yardımlı, Masallı, Astara, Lerik, Neftçala, Biləsuvar rayonlarından müəlliflərin iştirakı ilə sərgilərin keçirilməsinə start verildi. Doqquz rayondan 65 müəllifin müxtəlif janrlar üzrə 170-ə qədər əsəri nümayiş etdirildi. Sərgidə fərqlənən həvəskar sənətçilər Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin «Fəxri fərman»ı ilə təltif olundu. Daha layiqli əsərlər Bakıda, respublika sərgisində nümayiş olunmaq üçün münsiflər tərəfindən seçildi.
İyulun 6-8-də Balakən rayonunda sərgi-seminar davam etdi. Şəki, Qobustan, Şamaxı,
İsmayıllı, Qəbələ,
Oğuz, Qax, Zaqatala rayonlarından olan müəlliflərin iştirakı ilə ümumiyyətlə, 85 sənətçinin
309-a qədər əsəri
nümayiş etdirildi.
Sərgi-seminarda iştirak edən
həvəskar rəssamlardan
və xalq sənəti ustalarından
28 nəfərinə «Fəxri
fərman» təqdim olundu.
Sərgi-seminarın davamı iyulun
12-14-də Şabran şəhərində
Xaçmaz, Xızı,
Siyəzən, Qusar, Quba, Şabran rayonlarından olan sənətçilərin iştirakı
ilə keçirildi.
Sərgidə 27 sənətçinin 180-ə
qədər əsəri
nümayiş etdirildi.
Altı rayondan gəlmiş sənətçinin 24 nəfərinə
«Fəxri fərman» verildi. Müxtəlif janrlarda ən
yaxşı əsərlərin
müəllifləri Bakı
şəhərində keçiriləcək
yekun sərgisinə dəvət aldı.
İyulun
26-28-də Gəncə şəhərində
Mingəçevir, Göyçay,
Ağdaş, Yevlax, Bərdə, Daşkəsən,
Gədəbəy, Şəmkir,
Xanlar, Tovuz, Ağstafa, Qazax, Kəlbəcər rayonlarından
olan sənətçilərin
iştirakı ilə
növbəti sərgi-seminar
keçirildi. Sərgi-seminarda
14 rayondan 37 sənətçinin
100-dən artıq əsəri
nümayiş etdirilirdi
ki, onların da 30 nəfərinə «Fəxri fərman» verildi. Gözəl sənət nümunələrinin
respublika sərgisinə
göndərilməsi qərara
alındı.
Nəhayət, avqustun 4-6-da Sumqayıt
şəhərində keçirilən
sonuncu regional sərgi-seminarda
Bakı, Abşeron və Şuşanı təmsil edən tətbiqi və təsviri sənət əsərlərinin müəllifləri
iştirak etdilər.
30-dək sənətçinin
100-ə yaxın əsərinin
nümayiş olunduğu
sərgi-seminarda fərqlənən
sənətçilər Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki
Mərkəzin «Fəxri
fərman»ı ilə
təltif olundular.
Seçilmiş əsərlər müəllifləri ilə
birlikdə Respublika sərgisinə dəvət
aldı.
Ümumiyyətlə, 5 regionda keçirilmiş
sərgi-seminarda müxtəlif
janrlarda işləyən
350-ə yaxın sənətçi
iştirak edib ki, onların da təxminən 2 min əsəri nümayiş
olunub. Bu regional sərgilərdən payızda
keçiriləcək respublika
sərgisində nümayiş
etdirilmək üçün
700-dən artıq sənət
nümunəsi seçilib.
Qədim
milli yaradıcılıq
adət-ənənələrimizdən bizə gəlib çatan təsviri və xalq dekorativ-tətbiqi
sənət nümunələri
tamaşaçılar tərəfindən
böyük rəğbətlə
qarşılanaraq yüksək
qiymətləndirilib. Buna misal olaraq bir
çox sənətçilərin
adlarını çəkə
bilərik: Gəncədən
dəmir üzrə naxış açan usta Şaiq, Şəkidən şəbəkə
ustası Tofiq, Şabrandan xalçaçı
Həlimə, Şamaxıdan
xalçaçı Tükəzban,
Balakəndən musiqi
alətləri ustası
Aydın, Cəlilabaddan
musiqi alətləri ustası Aydın və xalçaçı
Bəhram, Xırdalandan
rəssam Elçin...
Bu siyahını daha da genişləndirmək
olar. Tətbiqi və təsviri
sənət həvəskarlarının
yaratdıqları sənət
əsərləri onların
müəlliflərinin xalqımıza,
elimizə olan məhəbbətlərinin bariz
nümunəsidir.
Respublika sərgisindən sonra ən layiqli
əsərlərin Moskvada
keçiriləcək sərgidə
nümayiş etdirilməsi
nəzərdə tutulub.
Bütün bunlar təsviri
və xalq dekorativ-tətbiqi sənətimizə
dövlət qayğısının
təzahürüdür.
Mədəniyyətimizin hamisi Mehriban
xanım Əliyevanın
qeyd etdiyi kimi, kökünü qədim əsrlərdən,
Qobustanın qayaüstü
rəsmlərindən götürən
Azərbaycan təsviri
sənəti bu gün öz professional dəyəri və bədii tutumu baxımından dünyada
ən yüksək yerə layiqdir. Bu bir daha öz növbəsində
Azərbaycanın odlar
yurdu, nur və işıq diyarı olmasının ən gözəl sübutudur.
Rafiq Quliyev,
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki
Mərkəzin İncəsənət
bilikləri şöbəsinin
müdiri
Mədəniyyət.-
2010.- 25 avqust.- S. 7.