Mədəni
müxtəlifliyimiz mədəni vəhdətimizdir
Mədəniyyət
və Turizm Nazirliyi yeni layihəyə start verir
Azərbaycan
müxtəlif mədəniyyətlərin, millətlərin,
dini konfessiyaların birlikdə, mehriban və
qarşılıqlı anlaşma şəraitində
yaşadığı tolerant bir ölkədir. Prezident
İlham Əliyevin 2009-cu il 26 noyabr tarixdə
imzaladığı Azərbaycan Respublikasının Qanunu ilə
ölkəmiz UNESCO-nun “Mədəni özünüifadə
müxtəlifliyinin qorunması və təşviqinə dair
Konvensiyası”na qoşulub. Bu konvensiya 2010-cu il mayın 15-də
Azərbaycana münasibətdə qüvvəyə minib. Azərbaycan
dövləti tərəfindən atılan məqsədyönlü
addımlar dinindən, millətindən, irqindən
asılı olmayaraq Azərbaycan xalqının mehriban ailə,
dost, qardaş olaraq yaşamaq ənənələrini daha da
möhkəmləndirir.
Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən UNESCO-nun “Mədəni
özünüifadə müxtəlifliyinin qorunması və
təşviqinə dair Konvensiya”sı çərçivəsində
həyata keçirəcəyi “Mədəni müxtəlifliyimiz
mədəni vəhdətimizdir” layihəsi də bu ənənənin
davamıdır. Nazirliyin Beynəlxalq əlaqələr və
mədəniyyət proqramları şöbəsindən verilən
məlumata görə, layihənin əsas məqsədi Azərbaycan
Respublikasının qoşulduğu UNESCO-nun «Mədəni
özünüifadə müxtəlifliyinin qorunması və
təşviqinə dair Konvensiya»sının müddəalarının
icrasını təmin etmək, mədəni
özünüifadə müxtəlifliyini qorumaq və təşviq
etmək, mədəniyyətlərin qarşılıqlı
səmərəli şəkildə çiçəklənməsi
və sərbəst fəaliyyəti üçün şərait
yaratmaqdır.
Bundan başqa, layihə mədəniyyətlərarası
hörmət və sülh mədəniyyətinin rifahı
naminə bütün dünyada geniş mədəni
mübadiləni təmin etmək üçün mədəniyyətlərarası
dialoqu təşviq etmək, xalqlar arasında mənəvi
körpülərin qurulması ruhunda mədəni əlaqələri
inkişaf etdirmək, mədəni özünüifadə
müxtəlifliyinə hörməti təşviq etmək və
yerli, milli və beynəlxalq səviyyədə onun dəyəri
haqqında məlumatlılığı artırmaq məqsədi
güdür.
Layihə çərçivəsində
milli və beynəlxalq səviyyədə mədəniyyətlərarası
dialoqu təşviq etmək, tolerantlığı təbliğ
etmək, ölkədə yaşayan bütün millətlərə
mənsub insanlar arasında azərbaycançılıq
ideyasını yaymaq, vahid mədəni mühitin
formalaşmasına şərait yaratmaq məqsədilə
müxtəlif tədbirlər həyata keçiriləcək.
Bu məqsədlə ölkə ərazisində milli
azlıqların və yerli xalqların sıx
yaşadığı regionlarda milli həmrəylik
mövzusunda seminarların keçirilməsi, ölkənin mədəni
həyatına inteqrasiya məqsədilə regionlarda olan mədəniyyət
xadimləri, xüsusi mədəni özünüifadəyə
və istedada malik olan insanlar üçün treninqlərin təşkili,
mədəniyyətlərarası dialoqun vəziyyətinə
dair tədqiqat işinin hazırlanması və ölkənin
mədəni rəngarəngliyinə dair buklet və
broşürləri nəşr etmək və s. bu kimi tədbirlər
nəzərdə tutulur.
Layihənin icrasından gözlənilən
nəticələr də az deyil. UNESCO-nun “Mədəni
özünüifadə müxtəlifliyinin qorunması və
təşviqinə dair Konvensiyası”nın müddəaları
icra olunacaq, milli və beynəlxalq səviyyədə mədəniyyətlərarası
dialoq təşviq olunacaq, vətəndaşların, yerli
xalqların və milli azlıqların mədəni
özünüifadə hüquqları qorunacaq və ölkədə
vahid mədəni mühitin formalaşması daha da inkişaf
edəcək. Milli azlıqların və yerli xalqların mədəniyyət
mərkəzləri arasında əlaqələndiricilik təmin
ediləcək və onların ölkənin mədəni həyatında
iştirakı üçün daha da əlverişli şərait
yaranacaq.
Qeyd edək ki, layihə ilə
bağlı tədbirlər planı artıq hazırdır.
Milli azlıqların və yerli xalqların sıx
yaşadığı regionlarda tolerantlıq və mədəniyyətin
xalqlar arasında birləşdirici rolu barədə
seminarların keçirilməsi, “Azərbaycançılıq
- milli mədəniyyətimizin əsas prinsipi kimi” elmi
konfransın keçirilməsi həmin plana daxildir. Ölkə
ərazisində yaşayan milli azlıqlar və yerli
xalqların mədəniyyətini əks etdirən vahid məlumat
bazasının yaradılması da tədbirlər planında
yer alıb.
Mədəniyyət və Turizm
Nazirliyinin saytında milli azlıqlarla iş üzrə
xüsusi bölmənin yaradılması, hər bir milli
azlıq və yerli xalqın mədəniyyəti, ənənələri,
mətbəxi, əl işləri, xalq
yaradıcılğı nümunələri, musiqisi və s.
haqqında (ümumi Azərbaycan mədəniyyəti
kontekstində) vahid məlumat faylının
hazırlanması, milli azlıqların mədəniyyətini
əks etdirən fotokataloqun və məlumat
broşürünün (Azərbaycan, ingilis və rus dillərində)
nəşri, “Azərbaycan bizim vətənimizdir” adlı əl
işləri sərgisinin təşkili də nəzərdə
tutulur.
Mehparə
Mədəniyyət.- 2010.- 25 avqust.-
S. 4.