Muzey-ensiklopediya

 

   Dövlət Kənd Təsərrüfatı Muzeyinin zəngin ekspozisiyaları tariximizin bir salnaməsidir

  

   Muzeyin qapısından içəri daxil olduqda Azərbaycan kinosunun incilərindən olan «Əhməd haradadır?» filmindən bir fraqmenti xatırladım. Filmdə Leyla sevgilisi Əhmədlə Kənd Təsərrüfatı Muzeyini gəzərkən onun eksponatlara dərin maraqla baxdığını görüb soruşur: «Məgər sən indiyədək Kənd Təsərrüfatı Muzeyində olmamısan?». Neçə illərdir Bakıda yaşayan Əhməd isə buraya ilk dəfə gəldiyini etiraf edir.

  

   Elə mən də maraqlı tarixi və zəngin ekspozisiyaları olan bu muzeyi ilk dəfə ziyarət edirdim. Burada insan sanki əsrarəngiz bir aləmə düşür, zaldan-zala keçdikcə bu aləmin rəngləri də dəyişir.

   Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyi 1923-cü ildə respublika hökuməti və Torpaq Komissarlığının təşəbbüsü ilə yaradılıb. Əvvəlcə kənd təsərrüfatı və sənaye-ticarət satışı sərgisi kimi təşkil edilib. Sonralar burada nümayiş olunan eksponatlar zənginliyinə görə böyük marağa səbəb olduğundan muzey kimi fəaliyyətə başlayıb. Muzeyin 6 ekspozisiya zalı Azərbaycanda kənd təsərrüfatının tarixini və bu gününü əks etdirən eksponatlarla zəngindir.

   Muzeyə daxil olan qonaqlar öncə özlərini qədim Azərbaycan kəndində hiss edirlər. Milli geyimli bələdçilər qonaqları ekspozisiya zalları ilə tanış edirlər. Hər zalda ab-havaya uyğun musiqi səslənir.

  

   «Karvan» simfonik süitasının müşayiəti ilə

  

   Muzeyin girişini qədim «İpək Yolu»nun xəritəsi, dənli bitkilərdən hazırlanmış Azərbaycan xəritəsi, kənd təsərrüfatının ayrı-ayrı sahələrinə həsr olunmuş rəsm əsərləri və s. bəzəyir. Qədim «İpək Yolu»nun xəritəsi ilə tanış olarkən qonaqları Soltan Hacıbəyovun «Karvan» simfonik süitası müşayiət edir. Ecazkar musiqinin sədaları altında insan sanki neçə əsr keçmişə qayıdır və özünü qədim «İpək Yolu» ilə hərəkət edən karvanda hiss edir.

   Muzeyin birinci zalında Azərbaycanda qədim insan məskənlərindən olan Qobustan qayalıqlarının maketi yerləşdirilib, burada yel dəyirmanı, əkinçi, darı bitkisi və kənd təsərrüfatı alətlərinin təsvirləri verilib. Bu təsvirlər Azərbaycanda kənd təsərrüfatının qədim tarixini sübut edir.

   Zalda XVIII-XIX əsrlərə aid daxma diqqət çəkir. Daxmanın taxta qapısı xüsusi maraq doğurur. Bu qapı həmin dövrün Azərbaycan kənd evləri üçün xarakterik idi. Qapının üzərində böyük və kiçik iki rəzə var. Rəzələrin səsinə görə evə gələn qonağın qadın və ya kişi olduğu müəyyən edilərək qapıya ev sahibi və yaxud sahibəsi çıxardı. Daxmanın divarları gildən və qamışdan hazırlanıb, üstü isə qamışla örtülüb. Burada XVIII-XIX əsr kəndlisinin sadə məişəti öz əksini tapıb. Daxmada geyim və bəzək, gündəlik məişət əşyaları, gildən və taxtadan hazırlanmış qablar, nehrə, taxta tərəzi və xurcunlar, yun saplardan toxunmuş palaz və xalçalar, cəhrə, kiçik əl dəyirmanı (kirkirə) və s. nümayiş olunur.

  

   Həsən bəy Zərdabiyə həsr olunmuş xüsusi guşə

  

   Növbəti zalda XIX əsrin sonu - XX əsrin əvvəllərə aid eksponatlar, rəsm əsərləri sərgilənir. Burada Azərbaycanın tanınmış alim-nəbatatçı, görkəmli ictimai xadim Həsən bəy Zərdabiyə həsr olunmuş xüsusi guşə də yaradılıb. Zalda 1925-ci ildə Amerikadan ölkəmizə gətirilmiş «Fordzon» markalı traktor haqqında məlumat da verilir.

   Üçüncü ekspozisiya zalı Azərbaycanın əsas kənd təsərrüfatı sahələrindən olan taxılçılığa və pambıqçılığa həsr olunub. Burada Mingəçevirdə arxeoloji qazıntılar zamanı tapılmış eramızın 1-ci əsrinə aid edilən buğda dənəsinin nümunəsi, 1926-cı ildə aparılan arxeoloji qazıntılar zamanı Əsgəran qalası yaxınlığındakı Xocalı qəbiristanlığından tapılmış e.ə. I minilliyə aid edilən və qulpunda arpa, buğda şəkilləri təsvir olunmuş dolçanın şəkli, qədim kənd təsərrüfatı alətləri sərgilənir. Zalda 100-150 il bundan əvvəl buğdanı üyüdüb un əldə etmək üçün istifadə olunan və atla hərəkətə gətirilən dəyirman daşı da nümayiş olunur.

   Zalın pambıqçılığa aid bölməsində arxeoloji qazıntılar zamanı Mingəçevirdə tapılan və V-VI əsrlərə aid edilən pambıq toxumlarının nümunəsi nümayiş olunur. Bölmədə tanınmış əmək qabaqcılları, sosialist əməyi qəhrəmanları Bəsti Bağırova, Şamama Həsənova, Sərdar İmrəliyev, ilk qadın mexanizator Sevil Qazıyeva və digərlərinin şəkilləri yerləşdirilib. Azərbaycanda yetişdirilən pambıq sortlarından ibarət kiçik pambıq tarlası da maraq doğurur.

  

   XVIII əsrin sonu - XIX əsrin əvvəllərinə qısa səyahət

   

   Muzeyin dördüncü ekspozisiya zalında Azərbaycanın dağətəyi zonasında yerləşən bir kənd həyatı təqdim olunur. Burada kənd təsərrüfatının əsas sahələrinə - heyvandarlıq, arıçılıq, meyvəçilik, üzümçülük, ipəkçilik, tütünçülük və çayçılığa dair maraqlı guşələr hazırlanıb.

   Beşinci ekspozisiya zalında Azərbaycan xalqının etnosunu, məişətini göstərən eksponatlar nümayiş olunur. Burada XVIII əsrin sonu -XIX əsrin əvvəllərinə aid kəndli qadının və kişinin iş, toy-bayram, mərasim geyimləri, bəzək əşyaları, sandıq və digər məişət əşyalarını görmək mümkündür. Heyvandarlıqla məşğul olan kənd əhalisi yaylağa köçərkən özlərinə alaçıqlar düzəldirdilər. Zalda həmin alaçıq nümunələri ilə də tanış olmaq mümkündür.

   Sonuncu zalda isə əsasən muzeyə verilən hədiyyələr nümayiş olunur. Bundan əlavə, taxta tərəzi, kəfkir, mis qazan, gil bardaq, taxta tabaqlar və digər məişət əşyaları ilə tanış olmaq mümkündür. Burada həmçinin bəzi heyvanların dərisi, onlardan hazırlanan məmulatlar, qoyun dərisindən düzəldilmiş motal, cəhrə, yun darağı və s. ziyarətçilərin diqqətinə təqdim olunur. Zalda həmçinin əkinçilik alətləri - ikidişli və beşdişli yaba, oraq, vəl, dırmıq və s. var.

  

   Muzeyə giriş pulsuzdur

  

   Muzeylə tanışlığımızı başa vurub direktor Natiq Qurbanovla söhbətləşirik. Müsahibimiz deyir ki, bu muzey həm də elmi idarədir. Azərbaycan kənd təsərrüfatı ensiklopediyasının olmamasını nəzərə alaraq uzun illərdir ki, muzey əməkdaşları kənd təsərrüfatının ayrı-ayrı sahələrinin tarixinə aid materialların toplanması ilə məşğuldur: «Hazırda bu materiallar qruplaşdırılaraq, ensiklopediya halına salınıb. Beynəlxalq əlaqələrimizi də inkişaf etdiririk. Muzeyimiz UNESCO-nun nəzdindəki Beynəlxalq Muzeylər Şurasının üzvüdür».

   N.Qurbanovun sözlərinə görə, muzey tərəfindən müxtəlif nəşrlər - «Novruz bayramı və kənd təsərrüfatı», «Şagirdlərin muzey dünyası» aldı kitabçalar hazırlanıb. Muzeyin nəzdində «Gənc rəssamlar» dərnəyi yaradılıb.

   Muzeyə giriş pulsuzdur. Buraya çoxlu sayda ziyarətçi gəlir. Bunların arasında xarici qonaqlar da olur. İstər yerli, istərsə xarici ziyarətçi muzeydən olduqca zəngin xoş təəssüratla ayrılır.

  

       

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2010.- 27 avqust.- S. 15.