İpək
ovqatlı misralar
Zərif
duyğularının poetik şəkildə
təsirli ifadəsinə, həyatın adilikləri içərisində
heyrətedici məqamları görə bilməsinə və
bunun da nəticəsində
qələmə aldığı şeirlərində
insanın ruhunu dilə gətirən, ona romantik duyğular
aşılayan, düşündürən Nigar
Rəfibəyli Azərbaycan poeziyasında öz dəst-xəttinə malik
unudulmaz söz sahiblərindən
biridir.
Azərbaycan ədəbiyyatında
qadın şairlərimizin möhtəşəm bir sırası var: Nigar Rəfibəyli, Mədinə Gülgün, Hökumə Billuri,
Mirvarid Dilbazi... Doğrudur, poeziyada müəllifin kişi-qadın
bölgüsünə ayrılması düzgün
səslənmir, amma məhz Nigar xanımın şeirlərini oxuyanda qeyri-ixtiyari onun müəllifinin məhz xanım olduğu açıq-aşkar duyulur.
Çünki bu
şeirlərin ahəngində elə bir
zəriflik, həssaslıq, həzinlik var
ki, istər-istəməz bu
ipək ovqatlı misraların ürək
döyüntüsündə məhz qadın məhəbbətinin,
həsrətinin göynərtiləri hiss
edilir.
Çoxşaxəli yaradıcılığı ilə ədəbiyyat tariximizə silinməz izlər salan Nigar Rəfibəyli oxunan və həm də çox sevilən şairlərdən olub. Könlü gözəllik vurğunu olan, dillər əzbəri nəğmələri ilə daim xatırlanan Nigar Rəfibəylinin yaradıcılığı başdan-ayağa duyğulardan ibarətdir. Gülün ləçəklərinə, bağların qış kimsəsizliyinə necə qəribə şeirlər qoşub?! Bəzən bu şeirlərdə həyatın və ovqatın poetik mənzərəsi adamı heyrətə gətirir. Misraların pəjmürdəliyindən süzülən kövrəklik sanki iliyə qədər işləyir. Şairin poetik sualları adamın içindən keçir, cavabını isə tapa bilmirsən:
Yenə olan oldu, keçən də keçdi,
Eşqin çeşməsindən könül su içdi.
Yüz dostun içindən bir səni seçdi,
Əziz, mehribanım, neyçün
gəlmədin?
Nigar xanımın yaradıcılığı
bir neçə cəhətdən maraqlıdır.
Hər şeydən əvvəl isə o, gözəl nəğmələrin, heç
zaman unudulmayan, həmişə təzə-tər
səslənən mahnıların
müəllifidir. Azərbaycanın
çox görkəmli
bəstəkarları şairin
şeirlərinə müraciət
ediblər: Niyazi, Fikrət Əmirov, Səid Rüstəmov, Cahangir Cahangirov, Tofiq Quliyev, Süleyman Ələsgərov,
Emin Sabitoğlu, Polad Bülbüloğlu, Vasif Adıgözəlov, Telman Hacıyev, Sevda İbrahimova və başqaları. Gözəl səsləri ilə dinləyici qəlbini fəth edən müğənnilərimiz böyük
şövq və məhəbbətlə Nigar
xanımın sözlərinə
bəstələnmiş mahnıları
məharətlə oxuyublar.
Unudulmaz Bülbüldən,
Rəşid Behbudovdan
başlamış Zeynəb
Xanlarovayadək olan məşhur müğənnilərin
əksəriyyəti Nigar
xanımın şeirlərinə
ikinci ömür veriblər. Xüsusilə də Xalq artisti Zeynəb Xanlarovanın ifasında səslənən "Dağları
duman alanda" nəğməsindəki xiffət
insan xəyalını
haralara qədər çəkmir? Ürəyində
mürgüləmiş duyğuların
həzin titrəyişi
başlayır:
Dağları duman alanda,
Gözüm yollarda qalanda,
Yadıma səni salanda,
Gül yanağım solmasınmı?
Bugünkü bayağı mahnıların
meydan suladığı
bir vaxtda üç böyük sənətkarın ruhundan
doğan bu nəğmə insanda
"nostalji" duyğular
oyadır. İstər-istəməz
biz bu etirafa məcburuq ki, mahnı yaradıcılığında
hər üç müəllifin peşəkarlığı
və istedadı möhtəşəm bir sənət nümunəsi
yaradıb. Nigar Rəfibəylinin
bənzərsiz, yüksək
melodik ahəngə və dəyərli sözə malik olan nəğmələri
çoxdur. Söz, musiqi,
səs - üçünün
tamamilə yerində olması bu nəğmələrin əbədiyaşarlığına
imza atıb. Belə ömrü bahar olan nəğmələrdən
biri də yenə Emin Sabitoğlunun bəstəsində
musiqi qanadı geyinərək dillər əzbərinə çevrilən
"Neyləyim" şeiridir:
Çiçəklərin
çəkir gözü
intizar,
Ayrılıqdan betər dünyada
nə var?
Yaz axşamı səni bil ki, bu
Nigar,
Həzin-həzin yada salır,
neyləyim?
Nigar xanımın həyat
yoldaşı, görkəmli
şairimiz Rəsul Rzaya ünvanladığı
bu qəlb titrədən könül
şərqisində böyük
bir eşqin ayrılıqdan doğmuş
iztirabları duyulur.
Həsrətin həzin, qəlb
parçalayan harayını
bu ahəngdə dilə gətirə bilmək həqiqətən
müəllifdən dərin
sevgi ilə bərabər, yüksək
düşüncə, ürək
və istedad tələb edir.
Nigar xanım haqqında
yazanlar haqlı olaraq qeyd ediblər
ki, bu şair
dünyanın dərdini
içinə əridərək
öz əzabına çevirən bir söz sahibi olub. Bəlkə də bu,
ilk növbədə müəllifin
ana olması ilə bağlıdır.
Razılaşaq ki, ana daha çox dərd çəkən,
onu dəf etməyə çalışan,
ən ağır, ən sarsıdıcı əzabın önündə
əzəmətini, vüqarını
saxlamağı bacaran
qeyri-adi varlıqdır.
Analıq hisslərini keçirməyən,
onun şirinliyini, acısını dadmayanlar
heç zaman özgənin dərdini duymaz, qəmini hiss etməzlər. Bu mənada,
Nigar Rəfibəylinin
poeziyasında həmişə
ana şərqisi duyulur:
Nə çoxdur dünyanın
dərdi,
kədəri.
Nə ağırdır insanların
bitib
tükənməyən qəmləri.
Hələ
atom qorxusu
yaşayırkən
cahanda,
Mən necə rahat yata bilərəm
balalarımla
Bu güllü,
bu sarmaşıqlı
eyvanda.
Nədən yazmağından asılı olmayaraq, Nigar Rəfibəylinin poeziyasında daim müraciət olunan bir mövzu həmişə diqqət
çəkib. Bu, ana məhəbbəti, qadın sədaqəti, övlad sevgisidir. Tədqiqatçılar Nigar xanımın
həmişə şairliyi
ilə şəxsiyyətinin
qoşa dayandığını
böyük qürurla
bildiriblər. Bu, hər kəsə də nəsib olan səadət deyildir. Özü ilə sözü arasında uçurumlar olan sənət adamları az
görməmişik. Bütün
bunlardan fərqli olaraq, Nigar Rəfibəyli
şeirlərinin birində
yazırdı:
Mən könül mülkünün
tacidarıyam,
Xəyal dünyasının şah nigarıyam.
Vətən torpağında iftixar olan
Şanlı nəsillərin yadigarıyam.
Bəllidir ki, Nigar Rəfibəyli Gəncədə
Xudadat bəyin ailəsində dünyaya göz açıb.
Repressiya
illərində bəy
qızı olması ilə bağlı min cür əzab və əziyyətlə üzləşib. Onun qohum-qardaşlarını
"xalq düşməni"
adı ilə qətlə yetirdilər.
O şanlı nəsildən
həqiqətən də
yadigar qalan Nigar Rəfibəyli bu ədalətsiz münasibətin acığına
bütün ömrü
boyu ləyaqətlə
yaşadı. Quruluşun, zamanın,
ayrı-ayrı nadanların
haqsızlıqlarını torpağın, millətin
ayağına yazmayaraq
vaxtdan ucada dayandı. Əksinə, çəkdiyi əzabların
önündə öz
məğrurluğunu saxlayaraq
varlığı ilə
bağlı olduğu
torpağa, Vətənə
övlad borcunu yerinə yetirə bildi. Nigar Rəfibəyli mənsub
olduğu nəslin və xalqın ən dəyərli, unudulmaz sənətkarlarından
birinə çevrildi.
Bəlkə də buna görə o, şeirlərinin birini belə adlandırmışdı:
"Səni sevirəm,
ey insan".
Qəlbi həyata, insanlara
sevgi ilə dolu olan Nigar
Rəfibəyli həmişə
saf duyğuların, böyük arzuların yiyəsi olub. Həyatda və sənətdə necə umacaqsız olduğunu dəfələrlə
təsdiqləyib. Onun ayrı-ayrı
şeirləri sanki böyük bir insanın rəsminin cizgiləridir. Bu cizgilər - bu misralar bir-birinə qovuşaraq gözümüzün
önündə ustad
bir sənətkarın
portretini yaradır.
Şeirlərinin ovqatından
həmişə bu təzadlı dünyanın
sübh şəfəqləri
süzülən, əbədi
bahar kimi torpağımıza "gözlərin
aydın" söyləyən
Xalq şairi Nigar Rəfibəylinin xəyalımızdan heç
vaxt çəkilməyən
xatirəsi qarşısında
ehtiramla baş əyirik:
Qaldırsın
analar səsini gərək,
Körpə dodaqlarda nəğmə
susmasın.
Çəkilsin
dünyanın üfüqlərindən,
Soyuq buz nəfəsi
kədərin, yasın.
Hələ sovet dövründə
yazılmış bu şeirdə bugünün
istəkləri ifadə
olunur. Bu, təkcə bir ailənin, bir ananın, bir Vətənin deyil, bütün dünyanın
arzusudur. Belə bəşəri
şeirləri yazdığına
görə həmişə
gələcəyə doğru
yol gedir Nigar Rəfibəyli.
Flora Xəlilzadə
Mədəniyyət.-
2010.- 27 avqust.- S. 13.