61 il səhnədə...

 

   Unudulmaz sənətkarlar: Məmmədkamal Kazımov

  

   Həyatda tanıdığım elə insanlar olub ki, sənət aləminə gəlişimdə və bu sənətdə uğurlar əldə etməyimdə ağıllı məsləhətləri, təmənnasız köməklikləri ilə çox böyük rol oynayıblar. Belə insanlardan biri də Əməkdar mədəniyyət işçisi, tanınmış rejissoraktyor Məmmədkamal Kazımov idi. Məmmədkamal müəllimi hələ tələbəlik illərindən tanıyırdım, Akademik Milli Dram Teatrında quruluş verdiyi tamaşalara, çəkildiyi kinofilmlərə baxmışdım. 1985-1988-ci illərdə Ə. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında işlədiyim vaxtlarda onunla yaxından tanış oldum. Həmin vaxt Məmmədkamal müəllim bu teatrın baş rejissoru idi, mən isə quruluşçu rejissor işləyirdim.

  

   Teatr aləmində belədir ki, çox vaxt baş rejissor öz hegemonluğunu göstərir və quruluşçu rejissorun işinə müdaxilə edir. Hətta tamaşanı necə hazırlamağı, mizanları qurmağı da quruluşçu rejissora diktə edir. Nəticədə baş rejissorla quruluşçu rejissor arasında konflikt yaranır, bu da yaradıcı heyətin işinə mənfi təsir edir. Mənim bəxtim onda gətirdi ki, Məmmədkamal müəllim çox dəyərli ziyalı olduğuna görə, bu cür davranışdan tamamilə uzaq idi, heç vaxt öz hegemonluğunu nümayiş etdirməzdi. Hətta özü tamaşalar hazırlayanda da mənimlə məsləhətləşərdi. Mən həmin vaxt Moskvada A.Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda (qiyabi) rejissor təhsili alıb, təyinatla Ağdama işləməyə getmişdim. M. Kazımov da mənə əlindən gələn köməkliyi edirdi, mənə tam sərbəstlik vermişdi ki, quruluş verdiyim tamaşalarda istəyimə nail ola bilim. Aramızda 21 yaş fərq olsa da, biz onunla Ağdamda həqiqətən dostlaşdıq.

   Sözün həqiqi mənasında əsilzadə və xeyirxah insan olan Məmmədkamal müəllim həm də teatr aləminin canlı ensiklopediyası idi. Təkcə Azərbaycan teatrı yox, həm də dünya teatrı haqqında çox məlumatlı idi. Hətta Azərbaycan teatrında baş verən çoxlu hadisələr vardı ki, yazıya köçməmişdi, amma Məmmədkamal müəllim onları bilirdi. Ömrünün 61 ilini teatr sənətinə həsr etmişdi. Onun həm teatrda, həm də kinoda çox maraqlı və məhsuldar yaradıcılıq tarixçəsi olub. Həyatda bir insan kimi böyüklüyü sadəliyində və ürəyinin büllur kimi saflığında idi. Mənə elə gəlir ki, bu insan həyatda yalnız xeyirxahlıq və insanlara təmənnasız xidmət etmək üçün yaranmışdı.

   Məmmədkamal Allahqulu oğlu Kazımov 1929-cu il avqustun 27-də Bakıda anadan olmuşdu. Uşaqlıq illərindən teatra böyük həvəsi olduğuna görə, 1944-cü ildə Azərbaycan Dövlət Milli Akademik Dram Teatrına işə qəbul olunub, buradakı Teatr-Studiyada təhsil alıb. Sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) dramkino aktyorluğu, daha sonra isə rejissorluq fakültələrini bitirib. Professional rejissor təhsili alan M. Kazımov, Akademik Milli Dram Teatrında bir-birinin ardınca maraqlı tamaşalara quruluş verib. Onun quruluş verdiyi Aleksey Arbuzovun «Tanya», Hüseyn Muxtarovun «Kimdir müqəssir?», İslam Səfərlinin «Yol ayrıcında», Seyfəddin Dağlının «Kölgələr pıçıldaşır», Qriqori Qorinin «Görünməmiş toy», Mirzə Fətəli Axundovun «Xırs quldurbasan» tamaşaları təkcə bu teatrın deyil, Azərbaycan teatrının tarixində özünəməxsus yer tutub.

   İstedadlı rejissor gözəl pedaqoq M. Kazımov çox zəhmətkeş insan olduğuna görə, öz işlərini təkcə Milli Dram Teatrı ilə məhdudlaşdırmayıb. Onun H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrında, Tənqid-Təbliğ Teatrında Əhli Beyt Teatrında quruluş verdiyi Yəhya Məmmədovun «Ana məhəbbəti», Qeybulla Rəsulovun «Məhəbbət oyunu», Şərəf Nəzərlinin «Mücdədin yuxusu» onlarca belə tamaşalar rejissor yozumuna, səhnə həllinə görə çox maraqlı alınmışdı. Bütün bu işləri ilə birlikdə o, uzun illər Bakı şəhərində xalq teatrlarına rəhbərlik edib, çoxlu tamaşalar da hazırlamışdı, Azərbaycan teatrı üçün çoxlu kadrlar yetişdirmişdi.

   Məmmədkamal müəllimin Ağdamda işlədiyi dövr, onun yaradıcılığında daha maraqlı illər sayıla bilər. Çünki o, artıq bu teatrın yaradıcı rəhbəri kimi, təkcə tamaşalara quruluş vermir həm teatrın repertuar siyasətini qurur, aktyorların inkişaf etməsində, tanınmasında, roldan-rola püxtələşməsində əlindən gələni edirdi. Ona görə onun bu teatrda quruluş verdiyi tamaşalar - Mehdi Hüseyn İlyas Əfəndiyevin «İntizar», Süleyman Rüstəmin «Qaçaq Nəbi», Əjdər Fərzəlinin «Yurdda kim qaldı», Əsgər İlhamın «Qızıl əjdaha», «Nərgiz ana», İsi Məlikzadənin «Son gecə» - həm özünün professional rejissor yozumuna, həm aktyorların püxtələşməsi, əsərdən-əsərə inkişaf etməsi üçün çox maraqlı səhnə əsərləri idi. O, quruluş verdiyi tamaşaların sözlərini əzbər bilirdi. Bu da onun fenomen yaddaşa malik olmasına bir sübutdur.

   Məmmədkamal müəllim həddindən artıq çalışqan insan idi. Onun zəhmətsevərliyinə, çox məhsuldar işləməsinə cavanlar belə həsəd apara bilərdilər. Bu insanda «yoruldum» sözü yox idi. Bəzən tamaşanı 4-5 saat məşq edirdi. Ömrünün son günlərinə kimi bu insan mütaliə edir dünya teatrlarında tamaşaya qoyulan əsərlərlə maraqlanırdı. Özünə onunla işləyən yaradıcı heyətə qarşı çox tələbkar idi. Bax bütün bu maraqlı, yaxşı keyfiyyətlərinə görə aktyorlar, eləcə adi insanlar onu çox sevirdilər. O, həm çox maraqlı aktyor olduğuna, teatr sənətini dərindən bildiyinə görə, aktyorlarla işləmək ona elə çətin deyildi. Ağdam teatrında işləyən cavan aktyorlar ondan daha çox şey öyrənirdilər. O, da gənclərlə işləməyi çox sevirdi.

   Məmmədkamal müəllim Bakı şəhər Xətai adına Mədəniyyət Sarayındakı S.Vurğun adına Xalq Teatrına da 20 ilə yaxın rəhbərlik etmiş, burada biri-birindən maraqlı 40-dan artıq tamaşaya quruluş vermişdi. Həmin kollektivdə çalışan Məmmədkamal müəllimdən aktyorluq sənətinin sirlərini öyrənən çoxlu gənc sonralar professional teatr aləminə gələrək respublikanın tanınmış sənətçiləri olublar. O, həmişə özünün belə istedadlı tələbələri ilə fəxr edirdi. Onlar haqqında böyük həvəslə danışır ən kiçik uğurlarına da bir ata kimi sevinirdi. Cavan aktyor aktrisalara öz övladı kimi, böyük məhəbbətlə yanaşırdı. Həmişə onlara «qızım», «oğlum» deyə müraciət edirdi. Üç il bir yerdə işlədiyimiz müddətdə mən heç vaxt onun hirsləndiyini, kimə isə ağır söz dediyini eşitmədim. Bu insan həmişə barışdırıcı mövqedə dayanmağı sevirdi. Özü maraqlı el məsəlləri ilə, ədəbiyyat, teatr korifeylərindən sitatlar gətirməklə...

   Qeyd etdiyim kimi, Məmmədkamal müəllim həm çox maraqlı aktyor idi. Çəkildiyi kinofilmlərin əksəriyyətində epizodik rollar oynasa da, tamaşaçıların yaddaşında əbədilik qalırdı. Epizodik rol oynayıb tamaşaçı yaddaşında qalmaq isə yalnız böyük sənətkarlara nəsib olur. Bu haqda böyük teatr islahatçısı K.Stanislavski belə deyib: «Rolun böyüyü, kiçiyi yoxdur. Aktyorun böyüyü, kiçiyi var». Məmmədkamal müəllim çəkildiyi «Bir cənub şəhərində», «Yol əhvalatı», «Qətl günü», «Ölülər», «Ümid», «Mənim şəhərim», «Şahid qız», «Güllələnmə təxirə salınır», «Qara volqa» s. filmlərdə, «Ac həriflər» teletamaşasında özünün böyük aktyor olduğunu bir daha sübut edib. Elə onun «Yol əhvalatı» filmində (Şəmsi dayı) sözaltı mənalarla dediyi «Dokument» sözü sonralar tamaşaçıların təkhiyə-kəlamına çevrilib. Bu sözü insanlar yeri gələndə maraqla işlədiblər işlədirlər.

   Həddindən artıq yaradıcı, təşkilatçı insan olan M. Kazımov ömrünün son günlərinə qədər teatr sənətindən ayrılmadı. Axırıncı yeri olan Azərbaycan Mədəniyyət Fondunun «Sönməyən ulduzlar» Teatrının baş rejissoru kimi burada çox işlər gördü, S. Vurğunun «Vaqif», C. Cabbarlının «Solğun çiçəklər» biri-birindən maraqlı tamaşalara quruluş verdi. Bütün bu işləri ilə bir daha sübut etdi ki, M. Kazımov Azərbaycan teatr sənətində öz yolu, öz dəst-xətti olan sənətkarlardandır. O, milli teatr sənətimizin yorulmaz əsgəri, bu sənətə sadiq sənətkar olduğunu bu sahədə 61 il çalışmaqla sübut etdi.

   Qeyd etdiyim kimi, Məmmədkamal müəllim Azərbaycan teatrının canlı ensiklopediyası idi. Çox əfsus ki, teatrşünaslarımız belə böyük sənət fədaisindən onun bildiyi bütün bu unikal məsələləri, hadisələri öyrənib tarixə köçürmədilər. Azərbaycan teatr tarixində əvəzsiz işlər görən Məmmədkamal Kazımov 2005-ci ilin dekabr ayının 13-də haqq dünyasına qovuşdu. Əgər yaşasaydı avqust ayının 27-də 82 yaşını qeyd edəcəkdi. Biz dostları, tanışları, ailə üzvləri tamaşaçıları da onu ad günü münasibəti ilə təbrik edəcəkdik...

   Bax beləcə, çoxlu sənətkarlarımız özləri ilə haqq dünyalarına teatr aləmi ilə bağlı bir dünya da aparıblar. Belə insanların həyat yaradıcılığını layiqincə öyrənib gələcək nəsillərə çatdırmaq lazımdır.

  

 

   Ağalar İdrisoğlu,

   yazıçı-rejissor

 

   Mədəniyyət.- 2010.- 27 avqust.- S. 10.