Naxçıvanda ekoturizmin inkişafı üçün əlverişli imkanlar var

 

   Azərbaycanın qədim diyarı olan Naxçıvan təbii bulaqları və təbii gölləri ilə dünyanın ən diqqətəlayiq bölgələrindəndir. Bu təbii imkanlar bölgədə ekoturizmin inkişafı üçün əlverişli şərait yaradır.

  

   Naxçıvan Dövlət Universitetinin sosial idarəetmə və turizm kafedrasının müdiri Hafiz Hüseynovun dediyinə görə, muxtar respublikanın dünyada yeganə olan üzən adası - Batabat gölü bu gün turistlərin ən çox maraqlandığı obyektdir. Şahbuz şəhəri ərazisində, Naxçıvan şəhərindən 65 km məsafədə, dəniz səviyyəsindən 2445 m hündürlükdə olan bir yer həm də özünün şəfalı suyu ilə dünyada məşhurdur.

   Həmsöhbətimiz deyir ki, Şahbuz Naxçıvanın inkişaf edən bölgələrindəndir. Əvvəllər burada olan turistlər indi Şahbuz şəhərini görəndə tanımır: «Həyata keçirilən sosial-iqtisadi proqramlar bu bölgənin insanlarının mədəni həyatında da ciddi dəyişikliklərə səbəb olub, eyni zamanda onların sosial problemlərinin aradan qaldırılmasında həlledici rol oynayıb. Azərbaycan Respublikası Prezidentinin 2003-cü ilin 16 iyununda imzaladığı sərəncama müvafiq olaraq Şahbuz Dövlət Təbiət Qoruğu yaradılıb və hazırda fəaliyyət göstərir».

  

   Batabat mineral suları ilə məşhurdur

  

   Batabat Şahbuz şəhərinin ərazisində, Naxçıvan hövzəsində, Kiçik Qafqaz dağlarında yaylaq yeridir. Burada əsasən dağ, göl və dağ-çəmən landşaftı inkişaf edib. Hafiz Hüseynovun dediyinə görə, isti yay günlərində buraya xeyli sayda insan axışır: «Təbiətin gözəl guşələrindən biri olan Batabat yaylağı gül-çiçəkli çəmənlikləri, təbii gölü, sadə və təmiz dağ havası, meşələri, Zorbulaq, Südlübulaq kimi şirin suları və «Narzan» tipli mineral suları ilə məşhurdur. Batabat yaylağının iqlimi ciyər, ürək, əsəb və s. xəstəliklərin müalicəsi üçün çox münasibdir. Gəmiqaya ilə qonşuluqda yerləşən Batabat yaylağı ərazisində arxeoloji qazıntılar zamanı aşkara çıxarılan əmək alətləri və s. maddi-mədəniyyət nümunələri Naxçıvanın ən qədim zamanlardan ibtidai insanların yaşadığı ərazilərdən biri olduğunu göstərir».

  

   Üzən ada maraqlı turizm obyektidir

  

   Müsahibimiz deyir ki, üzən ada Şahbuz şəhərinin Batabat yaylağı ərazisində təbiət abidəsidir. Suvarma sistemi üçün istifadə olunan üç göldən ikincisidir: «Üzən ada Sfaqnum mamırlarından və onun üzərində bitən ot örtüklərindən formalaşıb. Küləyin istiqamətindən asılı olaraq ada öz yerini dəyişir, bu da adama xüsusi ləzzət verir. Göldə yaşayan qiymətli qızıl və gümüşü ilişkən balıq növü bu ərazidə balıq ovu idmanının da yaradılmasına imkan verməklə, gələcəkdə turistlər üçün maraq kəsb edə bilər. Ada göldəki suyun tam axıdılmasına mane olduğundan, burada balıqlar qışda da qala bilir. Torfun altındakı münbit şərait hesabına çoxalan külli miqdarda onurğasızlar balıqların bol qidasını təmin edir».

   H.Hüseynovun fikrincə, adıçəkilən ərazi dərman bitkiləri ilə zəngin olduğundan, həm də təmiz hava hesabına burada gələcəkdə turist bazası və filoterapiya mərkəzinin yaranması üçün perspektiv var.

 

 

   Abdullayeva, Fəxriyyə.

 

   Mədəniyyət.- 2010.- 27 avqust.- S. 9.