Alimin muğam aləmi
Daş ürəklərdə
yanıb daşları sındırdı muğam,
Haqqa
düşmən olanı haqqa
tapındırdı muğam.
Bəxtiyar Vahabzadə
Muğam ilahi hisslərin mövcudluğunun təsdiqidir. Onu dinləyəndə insanın mənəvi dünyası saflaşır, zənginləşir. Bu mənada muğam ifaçılarının üzərində böyük məsuliyyət var. Müxtəlif dövrlərdə yaşamış xanəndə bu məsuliyyəti layiqincə dərk edib, muğam sənətini dərindən duyub-mənimsəyib və onu məharətlə ifa etdiklərinə görə bu müqəddəs sənət xalqın ruhuna hoparaq, həm mənəvi dünyamızın əsil ifadəsinə çevrilib. Bununla da Azərbaycan muğam sənətinin böyük ifaçılıq məktəbi formalaşıb. Bu məktəbin layiqli nümayəndələrinin adı həm xalqın yaddaşına, həm də Azərbaycan ifaçılıq sənəti tarixinə qızıl hərflərlə yazılıb. Bu sırada görkəmli sənətkarımız Alim Qasımovun adı hörmət və ehtiramla çəkilir.
Gəlin bir anlıq xəyalımızda canlandıraq, o, oxuyanda nələri düşünürük. Sanki bütün ürəyimizdən keçən hiss və həyəcanlar, istək və arzular o səslə qanadlanıb, pərvəriş tapır. Sənətkar üçün ən böyük xoşbəxtlik də elə budur. Amma bu xoşbəxtliyə nail olmaq o qədər çətin və kəşməkəşli yollar keçib ki... Bunun ağrı-acısını və şirin-şərbətini dadanlar bilir. O kəslər ki, onların ürəyi sənət eşqı ilə döyünüb, amalı bu yolda özünü ram etməkdir. Ölməz Seyid Əzimin təbirincə desək - “Bir şəmi ki, həqdən yana, heç bad ilə sönməz”.
Alim Qasımov də qəlbi sənət eşqi ilə vuran, ruhu sənətdən pərvazlanan və sənətin zirvəsinə doğru gedən yolda hər çətinliyə sinə gərib, o zirvəni fəth edən sənətkardır. Bu yerdə onun haqqında deyilən bir neçə ustad fikrini nəzərinizə çatdırmaq istəyirəm.
Süleyman Ələsgərov:
“Alim muğamları, xalq mahnılarını və təsnifləri böyük ustalıqla oxuyur. O, klassik muğam ənənələrinə yaxşı bələddir. Oxuyarkən əruzun vurğularını düzgün qeyd edir, nəfəsləri düz vurur. Alim həm istedadlıdır, həm də savadlı. Dinləyicilər Alimin oxumalarını hərarətlə qarşılayır, onu dönə-dönə səhnəyə qaytarırlar. Onun istedadına hamılıqla inanırıq”.
Habil Əliyev:
“Muğam dünyasında Xan əminin də, Seyidin də, Cabbarın da, Mütəllimin də, Zülfünün də, Yaqubun da öz yeri var. Mən cəsarətlə deyə bilərəm ki, Alimin də bu ustadlar sırasında öz yeri, öz dəsti-xətti var”.
Əlbəttə, həm xalqın sevimlisi olmaq, həm də ustadların yüksək qiymətini qazanmaq böyük zəhmətlər hesabına başa gəlib. Bu barədə Alim müəllimlə dəfələrlə söhbətlərimiz olub. Onun sənətlə bağlı düşüncələrindən bəzi məqamlar:
“Əsil sənət yolu istedaddan başlayır. Amma istedadla bərabər gərək zəhmət çəkəsən, daim axtarışda olasan. Bir maneəyə rast gələndə ruhdan düşməyəsən. Məsələn, mən Sumqayıt şəhərində Musiqi Texnikumuna sənəd verdim, amma qəbul olmadım. Səsdən “2” yazdılar. Bu məni qətiyyən məyus etmədi. Növbəti dəfə A.Zeynallı adına Musiqi Texnikumuna sənəd verdim. Qəbul imtahanında ustad sənətkarlarımız tarzən Bəhram Mənsurov, xanəndə Əlibaba Məmmədov, bəstəkar Vasif Adıgözəlov və başqaları vardı. “Mirzə Hüseyn segahı” oxudum. Gördüm, balam, yaman diqqətlə qulaq asırlar. Odur ki, bir az da ürəkləndim. İmtahandan mənə “5” verdilər. Üstəlik bir az da tərifləyib, təbrik etdilər. Bax, beləcə sənət dərsi öyrənməyə başladım. Muğam ustadları Nəriman Əliyev, Hacıbaba Hüseynov, Ağaxan Abdullayev mənə bu yolda çox şey öyrədiblər. Ümumiyyətlə, mən bütün ustadlarımıza minnətdaram. Çünki onları dinləyə-dinləyə böyük sənət yoluna qədəm qoyub özümü tapmışam”.
Alim Qasımov keçdiyi sənət yolunda hər cür çətinliklərə sinə gərərək zirvəyə doğru irəliləyirdi.
Bu yolun bəzi mərhələlərinə diqqət yetirək.
1983-cü ildə Səmərqənddə keçirilən “Yaxın və Orta Şərq xalqları peşəkar musiqisinin ənənələri və müasirlik” mövzusunda İkinci Beynəlxalq simpoziumda “Səmayi-şəms” zərb muğamı ifa edərək uğur qazandı. 1986-cı ildə Azərbaycan muğam və xalq mahnılarının Birinci Respublika müsabiqəsində iştirak edərək müsabiqənin birinci mükafatına layiq görüldü. 1987-ci ilin oktyabrında növbəti dəfə Səmərqənddə Beynəlxalq muğam simpoziumunda xalq artistləri Şəfiqə Eyvazova və Ramiz Quliyevlə birlikdə çox müvəffəqiyyətlə çıxış etdi, bunun sayəsində Amerikada keçirilən Dünya folklor musiqi festivalına dəvət aldı.
Alim Qasımovun səhnə fəaliyyətində ən dəyərli uğurlardan biri onun 1989-cu ildə Opera və Balet Teatrının səhnəsindəki çıxışı ilə bağlıdır. Həmin il o, dahi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında Məcnun rolunu məharətlə ifa edir. Artıq səhnə qanunlarına dərindən bələd olan Alim Qasımov rejissorların da diqqətini cəlb edir. 1990-cı ildə böyük qəzəlxan Əliağa Vahid haqqında çəkilən filmdə xanəndə rolu Alim Qasımova həvalə olunur.
Bu uğurlar içərisində sənətkarın dünyanın müxtəlif salonlarından gələn səsi o qədər uca və əzəmətlidir ki, onun sədalarında Azərbaycan ruhu ölkələri, qitələri gəzib dolaşır. Bu sıradan onun Amerika, Almaniya, Fransa, İsveçrə, İran, Türkiyə və s. bu kimi ölkələrdəki uğurlu çıxışlarını qeyd edə bilərik ki, bunun da sayəsində milli musiqi sənətimiz yüksək səviyyədə təbliğ olunub. Bu da Alim Qasımovun simasında vətənimizə böyük uğur gətirib.
Sənətkarın xarici ölkələrdə qazandığı çoxsaylı uğurların bir neçəsini yada salaq.
1989-cu ildə Parisdəki dünya xalqları mədəniyyət evi Alim Qasımovun (60 dəqiqəlik) valını yüksək tirajla nəşr edib. 1989-1991-ci illərdə Fransanın “Du monde Arabiya” teatr salonunda Azərbaycan musiqisi ilk dəfə məhz onun ifasında səslənir. 1994-cü ildə ABŞ-da Alim Qasımovun konserti təşkil edilir. 1997-ci ildə sənətkar Avropa Türk İslam Birliyinin mükafatına layiq görülür. 1998-ci ildə Almaniyada kompakt diski buraxılır və sənətkar bu ölkədə beynəlxalq folklor festivalında iştirak edir. Alim Qasımovun dünyanın müxtəlif ölkələrində qazandığı bu uğurların ən yüksək mərhələsi ona 1999-cu ildə UNESCO Musiqi Şurasının ali mükafatının təqdim olunmasıdır.
Sənətkarın xarici ölkələrə qastrol səfərləri haqqında çox danışmaq olar. Elə bu yaxınlarda qızı Fərqanə xanımla daha bir səfərdən qayıdıb. Səfərdən zəngin təəssüratlarını bizimlə bölüşür: “Mənim üçün ən böyük uğur odur ki, milli musiqimizi dünya tamaşaçısına çatdıra bilirik. Bu, o deməkdir ki, xarici ölkə vətəndaşlarında Azərbaycan musiqisi haqqında təəssürat yarada bilirik. Əgər bu çıxışlarımızla vətənimiz üçün nə isə edə biliriksə, demək aciz deyilik. Bu torpağın üzərində gəzməyə haqqımız var”.
Alim müəllim sənət uğurlarına öz istedadı və zəhməti sayəsində nail olub. Bunun üçün də xalq onu sevir, dövlətimiz də sənətini yüksək qiymətləndirir. 1989-cu ildə Əməkdar artist, 1993-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb, 2005-ci ildə Prezident təqaüdünə layiq görülüb. 2007-ci ildə isə anadan olmasının 50 illiyi münasibəti ilə “Şöhrət” ordeni ilə təltif olunub. Bu yaxınlarda Konservatoriyanın professoru adına layiq görülüb.
Azərbaycan ifaçılıq sənətinin görkəmli simalarından biri olan Alim Qasımova bu qədər uğur qazandıran və hamıdan fərqləndirən özünəməxsus muğam ifaçılığıdır. Onun muğam dünyasına öz baxışı, öz münasibəti, öz muğam aləmi var.
Görək ustad özü bu barədə nə deyir: “Muğam ilahi bir sənət növüdür. Bu aləmə daxil olduqda qeyri-adi hisslər səni əhatə edir. Sanki başqa bir aləmdəsən. Məsələn, tutaq ki, biri gözəl bir səslə oxuyur. Mən, elə bir səs eşidəndə özümü unuduram. Elə bil hansı bir ilahi qüvvə isə məni özünə cəlb edir. Bəzən oxuyanda da belə oluram. Sanki ruhum bədənimdən çıxıb göylərlə çarpışır. O anda oxuduğum hər hansı bir muğam parçasını bəlkə ikinci dəfə təkrar edə bilmərəm. Belə başa düşürəm ki, əsl sənət budur. Çünki, o sənə ilahidən bəxş olunur. Odur ki, mən muğamı ruhun sənəti kimi qəbul edirəm. Bu da çox müqəddəs bir amildir. O müqəddəsliyi qoruyub saxlamaq əsil sənətkardan böyük istedad və məsuliyyət tələb edir. Nə qədər ömrüm var, bu müqəddəs sənətə bax belə xidmət edəcəyəm”.
Muğam sənətini böyük məharətlə təbliğ edən Alim Qasımov həm də gözəl müəllimdir. 1982-ci ildən pedaqoji fəaliyyətə başlayıb. Onun tələbələri içərisində qızı Fərqanə xanımı xüsusi qeyd etməliyik. Mən dəfələrlə onun dərslərində iştirak etmişəm. Doğrudan da Alim Qasımovun müəllimliyi də elə onun ifaçılığı kimi özünəməxsusdur. O, dərs prosesində də səhnədə olduğu kimi qeyri-adi təbiəti ilə sanki yeni üsullar axtarır. Amma klassik çərçivədən də kənara çıxmır. Həmişə onun dərs prosesini izləyərkən hiss etmişəm ki, tələbələri Alim müəllimin böyük istedadına qibtə ilə yanaşır və sanki hər kəsin üzündən belə bir hiss bəlli olur: “Kaş ona bənzəyə biləydim”.
Onu da deyim ki, tələbələrə qarşı Alim müəllim çox tələbkardır. Amma dərs bitən kimi o, şən zarafatları, səmimi münasibəti və mehribanlığı ilə çox sadə Alim Qasımov olur. Onun ciddiliyi və tələbkarlığı sənətə olan sevgisinin ifadəsidir. Pedaqoji təcrübədən söhbət düşəndə isə belə deyir: “İstəyirəm elə muğam ifaçılarımız yetişsinlər ki, mən də onlarla bəhs etməyə çalışım. Bu isə Azərbaycan muğam sənətinə əsil diqqət və doğmalıq münasibətləri zəminində mümkündür və həm də bu vətəndaşlıq borcudur”.
Öz sənətkarlıq və vətəndaşlıq borcunu layiqincə yerinə yetirən hörmətli sənətkarımız Alim Qasımov haqqında çox danışmaq olar. Bu yaxınlarda (14 avqust) 53 yaşını tamamlayan sənətkara bir arzumuz var: “Ustad, qoy həmişə səsiniz Azərbaycan ifaçılıq sənətinin yüksəkliyindən əskik olmasın”.
Səadət Təhmirazqızı,
Musiqişünas
Mədəniyyət.- 2010.- 27 avqust.-
S. 7.