Uşaq Filarmoniyasının növbəti uğuru
Balaca ifaçılar beynəlxalq festivaldan təşəkkür məktubu
alıblar
Dövlət Uşaq
Filarmoniyasının xalq
çalğı alətləri ansamblının üzvləri
bu günlərdə Almaniyada
keçirilən beynəlxalq musiqi
festivalında uğurla iştirak
ediblər. Azərbaycan, İsrail, Suriya musiqiçilərinin təmsil olunduğu festival
Almaniyanın Osnabruq şəhərində
baş tutub.
Səfər barəsində təəssüratlarını bizimlə paylaşan ansamblın bədii rəhbəri Qönçə Mehdiyevanın sözlərinə görə, festivalda 11 yaşlı xanəndə Rəşid Seyidov, 17 yaşlı tarzən Mircəfər Mövsümzadə və 15 yaşlı kamança ifaçısı Niyaməddin Allahverdiyev iştirak ediblər: “Biz festivalda Azərbaycan muğamları, xalq və bəstəkar mahnılarından ibarət repertuarla çıxış etdik. Çıxışımız alqışlarla qarşılandı. Festival təşkilatçılarından yüksək səviyyəli iştiraka görə təşəkkür məktubu almışam”.
Qeyd edək ki, sözügedən festival hər il böyüklər arasında keçirilir. Qönçə xanımın sözlərinə görə, ötən il Azərbaycandan bu festivala Alim Qasımov dəvət alıb: «Bu il isə qərara alınıb ki, festival yalnız uşaqlar arasında keçirilsin. Birinci dəfə olduğuna görə, festivala 3 ölkəni dəvət etmişdilər. Güman edirik ki, növbəti illərdə iştirakçı ölkələrin sayı artacaq».
Festival müddətində balaca ifaçıların çox gözəl çıxış etdiyini deyən Q.Mehdiyeva birinci Suriya, sonra İsrail, bunun ardınca da Azərbaycan musiqiçilərinin çıxış etdiyini dilə gətirdi: «Festival zamanı belə qərara gəldilər ki, sonda konserti Azərbaycan musiqiçiləri bağlasın. Məqsəd tamaşaçıların həmin festivaldan xoş təəssüratla ayrılması idi. Ona görə də biz sonda çıxış etdik».
Beləliklə, istər konsert iştirakçıları, istərsə də festivalın rəhbərliyi konsertdən gözəl təəssüratla ayrılıblar. Söhbət əsnasında ansamblın bədii rəhbəri bir məqamı da diqqətə çatdırdı: «Hətta biz Azərbaycana qayıdandan sonra mənim elektron ünvanıma təşəkkür məktubları göndəriblər və həmin məktubda bizim heyətin çox gözəl çıxış etdiyi bildirilir. Almaniyada nəşr edilən qəzetlərdə də bizim haqqımızda gözəl yazılar nəşr edilib. Biz özümüz də həmin festivaldan gözəl təəssüratla ayrıldıq. Üç gün ərzində həm İsrail, həm də Suriyadan gələn musiqiçiləri dinlədik. Hər halda bu günlər ərzində bir daha sübut olundu ki, muğam məhz Azərbaycanda yaranıb və heç bir ölkədə muğamı azərbaycanlılar kimi ifa edə bilmirlər».
Mehparə
Mədəniyyət.-
2010.- 27 avqust.- S. 5.