Sənətin zirvəsinə aparan uğurlu yollar

 

   Noyabrın 27-də Dövlət Filarmoniyasında «Musiqi formatında ailəvi şəkillər» adlı maraqlı kamera musiqisi axşamı keçirildi. Xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Q.Qarayev adına Dövlət Kamera Orkestrinin ifasında səslənən VasifCeyhun Allahverdiyevlərin əsərləri və Türkan Allahverdiyeva adlı gənc pianoçunun solo ifası tədbirin iştirakçılarına xoş ovqat bəxş etdi.

  

   Əməkdar incəsənət xadimi, Azərbaycan Milli Konservatoriyasının dosenti Vasif Allahverdiyev və Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının dosenti Ceyhun Allahverdiyevin yaradıcılığı olduqca genişdir. Onlar musiqinin simfoniya, sonata, konsert, ballada, kvartet kimi mürəkkəb janrlarında maraqlı əsərlər yaradaraq bu çətin sahədə öz bacarıqlarını uğurla nümayiş etdirirlər. Bir neçə il öncə mən VasifCeyhun Allahverdiyev qardaşları haqqında yazdığım məqaləni «Sənətdə atılan qoşa addım» adlandırmışdım. İndi isə bildirmək istəyirəm ki, bəstəkarların sənətdə qoşa addımlarının cərgəsinə yeni bir addım da əlavə olundu. Bu, Vasif Allahverdiyevin qızı Türkan Allahverdiyevadır.

   Sənət mühitində boya-başa çatan bu qızın uşaqlıqdan musiqiyə olan büyük həvəs və qabiliyyəti onu musiqi məktəbinə, sonra isə Bakı Musiqi Kollecinə gətirib çıxarıb. Hazırda o, bu kollecin III kursunda Nərgiz Mansurovanın sinfində fortepiano ixtisası üzrə təhsil alır. Türkan da hələ musiqi məktəbində oxuduğu illərdə Bakıda keçirilən müsabiqələrdə tez-tez çıxışlar edib. Bu gün isə o artıq professional səhnədə ilk addımlarını atmaqdadır. Filarmoniyadakı konsert onun ilk səhnə debütü idi.

   Gecəni giriş sözü ilə Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq doktoru Gülzar Mahmudova açaraq bəstəkarların - VasifCeyhun Allahverdiyevlərin yaradıcılıq yolubu ailənin daha bir üzvünün - Türkan Allahverdiyevanın solo piano ifaçısı kimi professional səhnəyə ilk çıxışı haqda məlumat verdi.

   Sonra gecənin musiqi nömrələri eşidildi. Türkan Allahverdiyeva İ.S.Baxın fortepianoorekstr üçün «Re minor konserti»nin I hissəsini məharətlə ifa etdi. Bu məşhur əsər bir sıra aparıcı pianoçuların repertuarını bəzəyir və onu bütün əzəmətiylə ifa etmək böyük məsuliyyət tələb edir. Gənc pianoçu bu vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəldi.

   Növbəti nömrə Vasif Allahverdiyevin Xalq artisti Teymur Göyçayevə həsr etdiyi «Simli orkestr üçün musiqi»si idi. Ardınca Vasif Allahverdiyevin kamera orkestri üçün «Hara gedirsən» (solist - kamançada Əməkdar artisti Elşən Mansurov) və Ceyhun Allahverdiyevin «Skertso» (solistlər - tarda Əliağa Sədiyev və kamançada - Elşən Mansurov) əsərləri səsləndi. Gənc pianoçu Türkan Ceyhun Allahverdiyevin fortepianokamera orkestri üçün «Dəniz və səma» və «Sevəcəm» adlı daha iki əsərini də böyük məharətlə ifa etdi. Gecədə həmçinin Vasif Allahverdiyevin kamera orkestri üçün «O yollar» (solist Elşən Mansurov), «Türkü», Ceyhun Allahverdiyevin «Misri» əsərləri də səsləndi. Konsert Ceyhun Allahverdiyevin solistlər və Dövlət Kamera Orkestrinin ifasında «Naz-nazı» əsəri ilə gurultulu alqışlarla başa çatdı.

   Türkanın ən böyük arzusu ali təhsil almaq, Azərbaycanın hüdudlarından uzaqlarda böyük konsert salonlarında çıxış etməkdir. İnanırıq ki, bu gənc musiqiçi XXI əsr Azərbaycan musiqi mədəniyyətinin layiqli təmsilçisi olub, professional musiqi incəsənətini yüksək səviyyədə inkişaf etdirmək naminə yeni-yeni nailiyyətlər qazanacaq. Ona da inanırıq ki, Allahverdiyevlər ailəsi yaradıcılıq həvəsi ilə hələ neçə-neçə gözəl əsərlər yaradacaqmusiqimizi layiqincə təmsil edəcəklər.

  

   Jalə Qulamova,

   sənətşünaslıq namizədi 

 

  Mədəniyyət.- 2010.- 1 dekabr.- S. 15.