Misir ədəbiyyatına həsr olunmuş konfrans
“Simurq” Azərbaycan Mədəniyyət
Assosiasiyasının və Misirin Bakıda fəaliyyət
göstərən Mədəniyyət Mərkəzinin birgə
təşkilatçılığı ilə noyabrın
26-da “Misir mədəniyyəti” mövzusunda beynəlxalq
konfrans keçirildi.
Tədbiri giriş sözü ilə açan Misir Mədəniyyət Mərkəzinin direktoru, doktor Adil Dərviş ölkəsinin qədim ədəbiyyatından, görkəmli yazıçı və şairlərdən Mahmud Sami Əl Bardavi, Əmir Əl Şüara, Əhməd Şövqi, Hafiq İbrahim, Əbd Əl Əziz Məsluh, Əbd Əl Rəhman Çükri, İbrahim Əbd Əl Qadir Əl Mazli, Abbas Əl Aqqad, Əhməd Zəki Əbu Şadiya, İbrahim Naci, Əli Mahmud Taha və digərlərinin yaradıcılıqlarından bəhs etdi. Bildirdi ki, beynəlxalq aləm ədib Nəcib Məhfuzun simasında misirli yazarlara öz yüksək qiymətini verərək Nobel mükafatı ilə təltif edib.
Misirin Azərbaycandakı səfiri Sabir Mənsur konfrans iştirakçılarını səmimi salamlayıb bu qədim, füsünkar diyarda ədəbiyyatın hələ fironlar dövründən təşəkkül tapdığını, yazarların həmişə fəal mövqedə olduğunu vurğuladı, məşhur qələm sahibi Tövfiq Əl Həkimin zəngin yaradıcılığından danışdı. Səfir Qahirədə fəaliyyət göstərən Ərəb Dili Akademiyasının fəaliyyətindən də bəhs etdi. Qeyd edək ki, azərbaycanlı akademik Vasim Məmmədəliyev həmin elm məbədinin fəxri üzvüdür. Diplomat ölkələrimiz arasında bundan sonra ədəbi, mədəni əlaqələrin daha da inkişaf etməsini arzuladı.
Konfransda iştirak edən Mərakeş Krallığının Azərbaycandakı səfiri, yazıçı-şair Həsən Hami çıxışında ərəb ədəbiyyatı barədə fikirlərini bölüşdü, ərəb ədəbiyyatının inkişafında misirli ədiblərin rolunu qeyd etdi.
Misirli alim, professor, hazırda AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda çalışan Hani Sisi “Tövfiq Əl Həkimin dramaturji fikirləri - Əhlil Kəhf əsasında”, dosent Samirə Mir Bağırzadə “Misir ədəbiyyatının tarixi icmalı”, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı Cəmilə Dəmirova “Misirdə qadın şairləri”, filologiya elmləri namizədi Əfsanə Məmmədova “Müasir Misir yazıçılarının yaradıcılığında ictimai mövzular” adlı məruzələrlə çıxışlar etdilər.
Konfransı “Simurq” Mədəniyyət Assossiasiyasının rəhbəri, professor Fuad Məmmədov yekunlaşdıraraq ölkələrimiz arasında olan mədəni əlaqələrdən danışdı. İyirmi ildir fəaliyyət göstərən assosiasiyanın işində fəal rol oynamış üzvlərə təşkilatın diplom və medalları təqdim olundu. Təltif olunanlar arasında Misir Mədəniyyət Mərkəzinin rəhbəri Adil Dərviş və səfir Həsən Hami də vardı.
İradə
Mədəniyyət.-
2010.- 1 dekabr.- S. 15.