İnancdan doğan estetika vurğunu

 

   “Hüsnü xətt”, gözəl yazı, “xəttatlıq”, gözəl yazma sənətidir. Evklid xətt sənətini ruha aid həndəsə adlandırırdı. Şərqdə və ümumilikdə dünyada xəttatlıq sənətinin təşəkkülü İslam mədəniyyətinin inkişafı ilə bağlıdır. Dünyaca məşhur fırça ustası Pablo Pikasso etiraf edirdi ki, onun rəssamlıqda yüksəlmək istədiyi son nöqtəni İslam xətt sənətkarları çoxdan kəşf edib. Xətt sözünya ruhda cərəyan edən fikir və duyğuların əlifba və yazı formaları ilə təsvir edilməsidir...

  

   İstedadlı rəssam, xəttat Gülxan Bəydəmir əslən Şamaxı rayonundandır. 1976-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. Əsərləri ölkəmizdə və bir sıra xarici ölkələrdə sərgilərdə nümayiş olunub, kolleksiyaçılar tərəfindən alınıb. Gülxan Bəydəmir bir müddət unudulmaqda olan daş üzərində oyma sənəti ilə də məşğul olub. Lakin onu ən çox maraqlandıran daşların üzərindəki xətt yazı sənəti, yəni yüz illərdən bəri daşlara həkk olunmuş və mükəmməlliyi ilə diqqəti çəkən xəttatlıq sənəti olub.

   Bu sənətin incəliklərini daha da dərindən öyrənmək həvəsi onu Türkiyəyə aparır. 2003-cü ildə Türkiyədə Kamil Nazik adlı xəttatdan ilk dərsini alan Gülxan Bəydəmir daha sonra dünya şöhrətli xəttat Davud Bektaşdan xətt sənətinin sirlərini öyrənir. Xəttatlığın dekorativ sənətlərin zənginləşməsində və memarlıqda böyük rol oynadığını deyən sənətkar etiraf edir ki, xətt sənətindən heç də hamı zövq ala bilmir: “Bu, inancdan doğan estetikadır. Xətt sənəti heç də hamının anlaya bildiyi sənət deyil”.

   Onun sözlərində görə, ilahi qüdrətlə yaradılmış xətt sənəti özü-özlüyündə hər zaman müasir şəkildədir. Klassik xətt sənəti isə abstrakt sənətlərin ən yaxşı formasındadır. Üstəlik xətt sənətində abstrakt estetika abstrakt janrın ortaya çıxmasından çox əvvəl mövcud olub.

   Həmsöhbətim bu sənətin sirlərini hələ də öyrəndiyini deyir: “Xətt sənətində kufi, sülüs, divani və digər yazı növləri var. Bunların hər biri ayrıca elmdir. Çünki hər sənətin özünə xas missiyası, atmosferi olduğu kimi, bu sənətin də missiyası inancdan doğan gözəlliyi, estetikanı tamaşaçıya çatdırmaqdır”.

   Söhbət əsnasında ondan xəttatlıq sənətində yeni formaların tətbiqinə münasibətini də soruşuram. “Xətt sənətinə müasir əlavələr olunmasını deyənlər bu sənətdə başqa rəng və formaları görmək istəyirlərsə, onlara rəngkarlıq, heykəltəraşlıq və xüsusilə də qrafika sənətləri ilə maraqlanmalarını tövsiyə edərdim. Məncə, ənənəvi xəttatlıq yaşadılmalıdır”, - deyir.

   Gülxan Bəydəmir Azərbaycanda xətt sənətinə böyük marağın olduğunu deyir. “Bakıda açılan son sərgidə bir çox gənclərin bu sahəyə marağının olduğunu gördüm. Biz onlarla əlaqələri genişləndirəcəyik. Azərbaycanda bu sənətlə sistemli şəkildə məşğul olunmasına ehtiyac var. Çünki xəttatlıq sənəti çox zəngin bir elm, sənətdir. Mən özüm isə hələ də öyrənirəm”.

  

   Ceyhun

 

   Mədəniyyət.- 2010.- 1 dekabr.- S. 15.