Almaniyada
yaşamış xeyriyyəçi azərbaycanlı xanım
“Qacar xanədanının Almaniyada
yaşayan yeganə şahzadəsi” kimi tanınan Mehparə
Tağızadə kim olub?
Ötən əsrin əvvəllərində Azərbaycanın da daxil olduğu Rusiya imperiyasının paytaxtı Sankt-Peterburqda çoxlu azərbaycanlı gənc təhsil alıb. Sonradan bir qismi təhsilini Avropada davam etdirib və orada qalaraq, müxtəlif sahələrdə çalışıblar.
Onların arasında azərbaycanlı xanımlar da olub. Belə ziyalı qadınlarımızdan biri də Mehparə Tağızadədir. O, maraqlı ömür yolu keçib, Almaniyada ilk xeyriyyəçi azərbaycanlı qadın kimi tanınıb. Mehparə Tağızadənin həyat və fəaliyyətini tədqiq edən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Ənvər Çingizoğlu araşdırmasının bəzi nəticələrini bizimlə bölüşdü:
- Mehparə
Tağızadə əslən Qarabağdan,
Şuşadandır. Atası Heydərqulu Mirzə Qacar nəslindən
olub. Sankt-Peterburqda hərbi təhsil alıb, sonra çar qvardiyasında
qulluq edib. Heydərqulu Mirzənin beş övladı - Rəna,
Rəhimə və Mehparə adlı qızları, Abbas Mirzə
və Əhməd Mirzə adlı oğlanları olub. Mehparə
xanım Heydərqulu Mirzənin üçüncü
qızı olub, 1891-ci il fevralın 28-də Şuşa şəhərində
doğulub. Amma uşaqlıq və gənclik illəri
atasının işlədiyi Sankt-Peterburq şəhərində
keçib, orada qızlar gimnaziyasını bitirib. Doğma ana dilindən əlavə
rus, alman, fransız və fars dillərini mükəmməl
bilib. Eyni zamanda musiqi təhsili alıb. Fortepianoda gözəl
ifa etməyi bacarıb.
- Onun sonrakı taleyi necə olub?
- O, Sankt-Peterburqda yaşasa da, hər
il yay fəslində Şuşaya, ata-baba yurduna gələrmiş.
Onu burada tanınmış, zəngin iş adamlarından olan
Məhəmməd Tağızadə görür və bəyənir,
yaxınlarını elçiliyə göndərir. Mehparənin
nənəsi Əzət xanım elçilərə belə
deyir: “Bizim qızımız müasir
dünyagörüşlü qızdır. O, müasir həyata
alışıb. Məhəmməd Tağızadə onunla
ailə qurmalı olsa, bu həyat tərzini davam etdirməlidir”.
Məhəmməd Tağızadə onun qarşısına
qoyulan şərtlərə əməl edəcəyinə
söz verir. Beləliklə, onlar 1911-ci ildə nikah
bağlayır və ailə qururlar. Sonra Tiflis şəhərinə
köçürlər. O, Mehparənin adına Tiflisdə
böyük bir malikanə və bağ evi alır. Mənbələrdə
o da göstərilir ki, Məhəmməd Tağızadənin
böyük ticarət şəbəkəsi olub. O, Qafqaz,
İstanbul və London arasında qiymətli daş-qaş,
xalça və parça ticarəti aparıb,
özünün fabrikləri olub. Onlar bir müddət Tiflisdə
yaşayırlar. Sonra işlə bağlı Bakıya
köçürlər.
1920-ci ildə Azərbaycanda sovet
hökuməti qurulduqdan sonra onların vəziyyəti çətinləşir.
Yeni hökumət bütün zəngin adamlar kimi, onların
da var-dövlətini əllərindən alır. 1929-cu ildə
onlar ailəliklə Almaniyaya köçürlər, Berlində
yaşamağa başlayırlar.
Mehparə xanım burada fəal
ictimaiyyətçi kimi ad çıxarır, türk-azərbaycanlı
diasporu arasında təşkilati iş aparır. 1931-ci ildə
Berlin Türk Xanımlar Klubunu yaradır. Berlin Elm və Sənət
Cəmiyyətinin, Şərq İslam Cəmiyyətinin,
Şərq Asiya Cəmiyyətinin, Berlin İslam Cəmiyyətinin
və Qırmızı Xaç Təşkilatının
üzvü olur. Almaniyada fəal bir təşkilatçı
və xeyriyyəçi kimi tanınır. Bu fəaliyyətinə
görə Qırmızı Xaç Təşkilatının
“Ləyaqət” ordeni ilə təltif olunur. O, tez bir zamanda
tanınıb və rəsmi dairələrin diqqət mərkəzində
olub.
Alman, türk və iranlı zəngin
iş adamları bu təşkilatçı xanımın
xeyriyyəçilik fəaliyyətinə dəstək verirlər.
O özü də müxtəlif ölkələrin səfirlikləri,
xüsusilə Türkiyə səfirliyi ilə sıx əlaqələr
qurur. II Dünya müharibəsi illərində və
müharibədən sonra Türkiyə Cümhuriyyətinin
bir sıra mədəniyyət tədbirləri Mehparə
xanımın evində qeyd olunur. Həyat yoldaşı Məhəmməd
Tağızadənin maddi yardımı ilə təşkil
edilən bayram tədbirlərində Türkiyə səfiri Kəmaləddin
Sami paşa, yüksək vəzifəli alman diplomatları və
İran səfiri yaxından iştirak edirlər.
İrandakı Pəhləvi xanədanının sonuncu
baş naziri doktor Əmini Berlinə hər gəlişində
ziyafətlərə Mehparə xanımı dəvət edir.
Belə tədbirlərdə Mehparə xanımın dəyərli
fikirlərinə, təklif və məsləhətlərinə
böyük önəm verilib.
O, Almaniyada ictimai xadim kimi geniş
tanınıb. Hətta diplomatik bülletenlərdə onun
adı “Qacar xanədanının Almaniyada yaşayan yeganə
şahzadəsi” şəklində qeyd olunub. Bir xeyriyyəçi
kimi çox fədakar və qayğıkeş olub. Ehtiyac
ucundan ona edilən bütün müraciətlərə həssaslıqla,
diqqətlə yanaşıb. Bayram şənliklərində
təşkil etdiyi ziyafətlərə müxtəlif dinlərə
mənsub adamları qonaq çağırıb. Eyni zamanda
onların bayramlarında da yaxından iştirak edib.
Mehparə xanım 98 il ömür
yaşayıb. Murad, Maqsud və Mənsur adlı
oğlanları olub. 1989-cu il tarixdə Berlində vəfat edib.
Şəhərin ailə qəbiristanlığında dəfn
olunub.
Qələmə
aldı:
Savalan Fərəcov
Mədəniyyət.-
2010.- 1 dekabr.- S. 14.