Görkəmli
musiqişünas alimin sənət aləminə yeni töhfəsi
Hər bir xalqın mədəniyyətinin
yaşaması və inkişafı bu yolda xidmətləri
olan ziyalıların üzərinə düşür. Bu
işi layiqincə yerinə yetirənlər öz
adlarını əməlləri ilə tarixin səhifələrinə
yazır, yeni-yeni tədqiqatlarla mədəni irsimizi zənginləşdirirlər.
Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz
Zöhrabov belə vətənpərvər şəxsiyyətlərdəndir.
O, çoxşaxəli yaradıcılığı ilə
milli və professional musiqimizin inkişafına, musiqi elmimizə
böyük töhfələr verib. Bu yaxınlarda müəllifin
«Mars-Print» nəşriyyatında işıq üzü görən
yeni kitabı da bu qəbildəndir.
Rus dilində nəşr olunan kitab “Şifahi ənənəli Azərbaycan professional musiqisi: Muğam-dəstgahlar və zərbi-muğamlar” adlanır. Muğam dəstgahlar və zərb-muğamların tədqiqi Ramiz Zöhrabovun yaradıcılığının və elmi axtarışlarının əsas istiqamətidir. Xalq musiqisinin, xüsusən də muğamlarının dərin bilicisi olan musiqişünas onları tədqiq edərək dəyərli monoqrafiyalar yazıb. Alimin 1983-cü ildə Moskvada nəşr olunan «Azərbaycan təsnifləri» fundamental tədqiqat əsərində ustad xanəndələrin ifasından 100 təsnif nota köçürülüb, poetik mətninə, üslub, melodiya, ritm və s. cəhətlər baxımından təhlil edilib. Bu uğurlu tədqiqat işindən sonra Ramiz Zöhrabov milli musiqimizin özəyi olan muğam sənətinin tədqiqi ilə məşğul olmağa başlayır.
Bu elmi
axtarışların sayəsində Ramiz müəllimin bir
neçə sanballı monoqrafiyası işıq üzü
görüb. Onlardan 1986-cı ildə Azərbaycan və rus
dilində nəşr olunan «Azərbaycan zərb
muğamları», 1991-ci ildə çap olunan «Muğam»
kitabını, sonrakı illərdə nəşr olunan
«Çahargah» və «Rast» muğam dəstgahlarının nəzəri
əsaslarına dair tədqiqat əsərlərini, «Azərbaycan
rəngləri» və s. kitabları qeyd edə bilərik. Müəllifin «Azərbaycan
modal musiqisi» kitabı 1999-cu ildə Tehranda fars dilində nəşr
edilib.
Bu minvalla Ramiz müəllim indiyə
qədər musiqi elminə 20 kitab bəxş edib. Onların hər
biri gərgin axtarışların, elmi təhlillərin nəticəsidir.
Yeni nəşr də bu qəbildəndir. Kitabın rus dilində
olması isə onun xarici ölkələrdə, xüsusən
keçmiş sovet məkanında geniş oxucu
auditoriyasına təqdim edilməsi deməkdir.
Kitab iki hissədən ibarətdir.
1-ci hissədə şifahi ənənəli professional musiqi
janrı olan muğamlarımızın tarixindən,
muğamda şöbə və guşələrin, rəng və
təsnifin mahiyyətindən bəhs olunur, «Rast» və
«Çahargah» muğam dəstgahlarından ayrıca ətraflı
söz açılır. Bu muğam dəstgahlarının
not yazısı, onların üzərində aparılan lad
xüsusiyyətləri, poetik mətn, melodiya, ritmik quruluş
və s. bu istiqamətdə təhlillər öz əksini
tapır.
Kitabın 2-ci hissəsi Azərbaycan
zərb muğamlarına həsr edilib. Bu muğamlar barədə
ətraflı məlumat verildikdən sonra «Mənsuriyyə»,
«Heyratı», «Simayi şəms», «Ovşarı», «Qarabağ
şikəstəsi», «Heydəri», «Arazbarı» və «Kəsmə-şikəstə»
zərbi-muğamlarının təhlili verilir. Adıçəkilən
muğamlar da müəllif tərəfindən nota
köçürülüb və onların üzərində
də lad xüsusiyyətləri, poetik mətn, ritmik
quruluş, melodik çalarlar və s. baxımdan təhlillər
aparılıb.
Bir daha qeyd edirik ki, Ramiz müəllimin
bu kitabı uzun illərin tədqiqatlarına əsaslanır.
Odur ki, müəllif kitabın “Şərhlər” bölməsində
hansı muğamı kimin ifasından nota
yazdığını qeyd edir və hətta o, sənətkarlar
barəsində qısa məlumat da verir. Məsələn «Mənsuriyyə»
zərbi muğamını Yaqub Məmmədovun,
«Arazbarı»nı Seyid Şuşinskinin, «Simayi-şəms»i
Töhfə Əliyevanın, «Kəsmə şikəstə»ni
Fatma Mehrəliyevanın ifasından nota
yazdığını qeyd edir. Bunun ən önəmli cəhəti
həm müəllifin Azərbaycan muğam
ifazılığına dərindən bələd olması,
həm də həmin sənətkarların oxu üslubunun not
sistemində də əbədiləşməsidir. Daha sonra
kitabda yer alan «Xülasə», «Notaqrafiya», «Biblioqrafiya» və s.
bölmələrdə muğam sənətinə xas olan zəngin
bir tarix öz təcəssümünü tapır. Onu da qeyd
etməliyik ki, kitabda Ramiz müəllimin həyat və
yaradıcılıq yolu barədə də çox
lazımlı məlumat var ki, bu da fədakar bir alimin elmə
həsr etdiyi illərin tarixi xronologiyasıdır.
Bütövlükdə kitab musiqi
elmi üçün çox böyük töhfə və dəyərli
mənbədir. Noyabrın 26-da Azərbaycan Bəstəkarlar
İttifaqında kitabın təqdimat mərasimi
keçirildi. Tədbirdə çıxış edən Bəstəkarlar
İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin
dediklərindən:
«Ramiz Zöhrabovun bir
musiqişünas-alim olaraq Azərbaycan musiqi mədəniyyətinin
inkişafındakı xidmətləri misilsizdir. Məhz bu
xidmətlərinə görə də o, dövlətimiz tərəfindən
daim yüksək qiymətləndirilib. Əməkdar incəsənət
xadimi, Xalq artisti fəxri adlarına layiq görülüb,
2009-cu ildə isə «Şöhrət» ordeni ilə təltif
edilib.
Ramiz müəllimin ən böyük mükafatı yaratdığı əsərlərin dəyərindədir ki, məhz bununla da o, hamının sevimlisidir. O, heç vaxt mədəniyyətimizin inkişafından öz bilik və bacarığını əsirgəməyib. Onun Bəstəkarlar İttifaqının katibi kimi fəaliyyəti də, gördüyü işlər də xüsusi qeyd olunmalıdır. Biz demək olar ki, ittifaqın hər bir işini onunla məsləhətləşərək həyata keçiririk. Çünki onun hər bir işi, əməli, yüksək vətəndaş mövqeyindən irəli gəlir. Elə bu gün musiqi elmimizə bəxş etdiyi bu kitabı da əsil vətənpərvər alimin qələminin məhsuludur. Öz elmi yaradıcılığını xalq musiqisi, muğamlar üzərində quran alim bəstəkar kimi də qələmini sınayaraq bu istiqamətdə gözəl əsərlər yazıb. Mən əminəm ki, Ramiz müəllim daim çalışaraq bundan sonra da öz yeni tədqiqatları ilə hamımızı sevindirəcək. Odur ki, ona cansağlığı və yaradıcılıq uğurları arzulayıram».
Təqdimat mərasimində kitabın elmi redaktoru, professor Rəna Məmmədova, rəyçi professor Gülzar Mahmudova, Xalq artisti Tofiq Bakıxanov, pedaqoji elmlər doktoru, professor Vidadi Xəlilov, professor Ülviyyə İmanova və başqaları çıxış edərək Ramiz müəllimin elmi yaradıcılığının böyük əhəmiyyətindən və təqdimatı keçirilən yeni kitabının dəyərindən danışdılar.
Sonda çıxış edən, maraqlı fikirləri ilə onu dinləyənlərdə xoş ovqat yaradan alim elə ilk sözünü də səmimiyyətlə başladı. Onun dediklərindən:
«Bu nəşrədək 20 kitabım nəşr olunub. Amma heç birinin təqdimatı olmayıb. Bu təqdimat bir daha muğam sənətinə olan yüksək dövlət qayğısının ifadəsidir. Belə bir təqdimatın keçirilməsinin ideya müəllifi olan Firəngiz xanım Əlizadəyə təşəkkürümü bildirirəm. Doğrudan da bu təqdimat məni daha da ruhlandırdı. Belə güman edirəm ki, bir vaxtlar nəşr edilən «Muğam» kitabımın da bəzi əlavələrlə tezliklə işıq üzü görməsinə nail olaraq onu da ictimaiyyətə təqdim edəcəyəm. Amma bundan əlavə də görüləsi işlər, aparılası tədqiqatlar da çoxdur».
Hörmətli Ramiz müəllim, öz ideyalarını həyata keçirmək üçün biz də sizə cansağlığı, uzun ömür, yaradıcılıqda uğurlar arzulayıb və yeni nəşr olunan kitabınıza mübarək deyirik.
Səadət Təhmirazqızı,
Musiqişünas
Mədəniyyət.-
2010.- 1 dekabr.- S.13.