Sərgi təsviri
sənətin güzgüsüdür
“Nümayiş etdirmək”, “göstərmək” kimi mənaları
özündə ehtiva edən sərgi elə bir növ
hesabatdır
Son illər ölkəmizin dünyada
artan nüfuzu, sürətli
inkişafı özünü bütün sahələrdə qabarıq
şəkildə göstərməkdədir. Bir
çox ölkə əhəmiyyətli
mədəniyyət obyektlərinin inşası, əsaslı
təmiri və yenidən qurulmasının artıq ənənə
halını alması da bunun
bariz göstəricisidir. Bu mənada Azərbaycan
Dövlət Xalça Muzeyinin
yeni binasının tikilməsini, Dövlət
Akademik Milli Dram Teatrının əsaslı bərpadan sonra istifadəyə verilməsini, Dövlət
Musiqili Komediya
Teatrının əsaslı təmirə dayanmasını və
s. göstərmək olar.
Qeyd olunanlar bir daha təsdiq edir ki, bu gün ölkəmizdə mədəniyyət siyasəti yüksək səviyyədə, uğurla inkişaf etdirilməkdədir. Bunu paytaxtın müxtəlif sərgi salonları və qalereyalarında təşkil olunan sərgilərə tamaşa etməklə də təsdiq etmək olar. Rəssamların yaradıcılıqlarının dəstəklənməsi, yaradılmış təsviri sənət nümunələrinin tamaşaçılara nümayiş etdirilməsi və eləcə də paytaxt sakinlərinin mənəvi-estetik zövqlərinin formalaşdırılması istiqamətində son bir neçə ayda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir çox yaddaqalan sərgilər təşkil olunmuşdur. Bu sərgiləri qısaca səciyyələndirmək yerinə düşərdi.
Muzey Mərkəzində təşkil olunan “Azərbaycan rəssamlarının avtoportretləri” (21 sentyabr 2010-cu il) adlı sərgi bütün mənalarda yaddaqalan olub. Sərginin möhtəşəmliyi heç şübhəsiz ilk növbədə onun Azərbaycan təsviri sənətinin uzun dövrünü özündə ehtiva etməsi idi. Ona marağı şərtləndirən səbəblərdən biri də belə bir sərginin ölkəmizdə ilk dəfə keçirilməsiydi. Belə ki, sərgidə sənətsevərlər təsviri sənətin portret janrında rəssamların yaratdıqları əsərlərin ən yaddaqalan nümunələri ilə tanış olmaq imkanı qazanmışdılar. Sərgidə nümayiş olunan avtoportretlər arasında tanınmış Azərbaycan rəssamları Mahmud Tağıyev, Maral Rəhmanzadə, Vəcihə Səmədova, Güllü Mustafayeva, Altay Hacıyev, Çingiz Fərzəliyev və digər görkəmli fırça ustalarıyla yanaşı, gənc və istedadlı rəssamlar hesab olunan Anar Hüseynzadə, Emin Əsgərov, Məmməd Rəşidov və başqalarının da əsərləri nümayiş olunurdu.
Ümumiyyətlə, avtoportret janrı çətin janrdır. Bu janrda işləmək rəssamdan xüsusi istedad və yüksək bacarıq tələb edir. Gərək rəssam öz yaradıcı daxili dünyası ilə zahiri bənzəyişini ümumiləşdirərək sonda tamaşaçıya bədii zövq aşılaya biləcək yaddaqalan sənət nümunəsi təqdim edə bilsin. Bu məziyyətləri özündə birləşdirən əsərlərin sərgidə çoxluq təşkil etməsi ona marağı gücləndirdi, desək, yanılmarıq.
Növbəti uğurlu sərgi Dövlət İncəsənət Muzeyində baş tutub. “Əsrlərin qovşağında” (7 oktyabr 2010-cu il) adlı sərgi qeyd etmək olar ki, son illərdə təşkil olunan ənənəvi sərgilərlə müqayisədə incəsənətimizi yeni məna - məzmunla zənginləşdirdi.
Tədbirin açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Dövlət İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Xalq yazıçısı Çingiz Abdullayev və başqaları çıxış edərək sərgini yüksək qiymətləndirdilər. Tədbirdə çıxış edən nazir sərginin əhəmiyyətini xüsusi vurğuladı. Sərgidə Azərbaycan təsviri sənətinin son 50 ildə avanqard üslubda yaradılmış sənət nümunələri nümayiş olunurdu. Tahir Salahov, Rasim Babayev, Cavad Mircavadov, Fuad Salayev, Altay Sadıqzadə, Fazil Nəcəfzadə, Ucal Haqverdiyev, Teymur Rüstəmov və başqalarının sərgidə nümayiş olunan əsərləri sənətsevərlər, mütəxəssislər və tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılandı.
Qeyd etmək lazımdır ki, bəlkə də müstəqillik illərindən bəri bu cür əhatəli və dolğun, eyni zamanda tamaşaçılarda yüksək maraq oyada biləcək sərgi nümayiş olunmamışdı. Nümayiş olunan hər bir əsərin bədii dəyəri, özünəməxsus kompozisiyası və kolorit həlli seyrçini cəlb edirdi.
Muzey Mərkəzində açılan “7-ci mərtəbə” adlı sərgi (22 oktyabr 2010-cu il) də ötən günlərin yaddaqalan tədbirlərindən oldu. Onun adı rəmzi məna daşıyır. Bu sərgidə nümayiş olunan işlər rəssamların metronun “İçərişəhər” stansiyasının yanındakı binanın yeddinci mərtəbəsində yerləşən emalatxanalarında yaradıldığı üçün bu adla ifadə olunmuşdu. Sərginin keçirilməsi və nəfis tərtibatlı kataloqun çap edilməsi nazir müavini Ədalət Vəliyev və nazirliyin əməkdaşlarının rəssamların emalatxanalarına baş çəkib onların yaradıcılıq imkanları ilə əyani tanışlığından sonra yaranmışdı. Sərgidə Məmməd Mustafayev, Aydın Tağıyev, Tarverdi Quliyev, Fikrət İbrahimli, Hüseyn Haqverdiyev, Nadir Bayrışov, Namiq Məmmədov, Yavər Sultanov, Elxan Musazadə, Tofiq Qəzənfər, Natiq Səfərov, Rüfət Salmanov və gənc rəssamlar Bəhram Xəlilov, Emin Əsgərov və Anar Hüseynzadənin yaradıcılığının uğurlu əsərləri nümayiş olunub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgidə çıxışında digər məkanlarda yaşayıb-yaradan rəssamlarımızın da əsərlərindən ibarət bu cür sərgilərin keçiriləcəyini vurğuladı.
Daha bir sərgi isə yeni ünvanda - Dövlət Gənc Tamaşaçılar Teatrında “Gümüş Maska” adı ilə (28 oktyabr 2010-cu il) baş tutdu. Öz yaradıcılığını “Yeni adlar, yeni simalar” adı altında təqdim edən dörd gənc istedadlı rəssam - İnarə Rəsul, Gündüz Ağayev, Məmməd Rəşidov və Təkin Əfəndiyevin əsərləri diqqəti cəlb edən idi. Sərgidə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva gənc fırça ustalarını təbrik etməklə müəlliflərin yaradıcılığının dəstəklənməsi və əsərlərinin təbliği istiqamətində bu cür layihələrin gələcəkdə də tez-tez baş tutacağını qeyd etdi.
Təsviri sənətin müasir ənənələrini yaradıcı şəkildə mənimsəyərək əsərlərində nümayiş etdirən rəssamların yeni əsərləri buraya gələn seyrçilərdə xoş təəssürat yaratdı desək, yanılmarıq.
Mədəniyyət və Turizm Nazirliyi gələcəkdə neçə-neçə bu cür möhtəşəm, incəsənətimizin inkişafı və zənginləşməsinə xüsusi töhfələr verəcək, yaddaqalan layihələrlə sənətsevərlərin marağına, sevincinə səbəb olacaq, incəsənətimizin tərəqqisində yeni üfüqlər açacaq tədbirləri ilə tamaşaçıları sevindirəcək.
Əsəd Quliyev,
sənətşünas
Mədəniyyət.-
2010.- 1 dekabr.- S. 12.