“Dördüncü
ölçünün rəngləri”
“Mən - kommentator... deyiləm,
müstəqil sənət növünün - rejissuranın
nümayəndəsiyəm, odur ki, heç kimin, hətta dahi
Şekspirin ruporu olmağa razı deyiləm”
Tofiq Kazımov
...Tofiq Kazımov rejissor idi, onun dünyası teatr idi, odur ki, teatr dünyası ona məxsus idi...
...Tofiq Kazımov öz sənətinin ustadı idi, odur ki, Azərbaycan teatrında böyük bir dövr onun adı ilə bağlıdır...
Tofiq Kazımov pedaqoq idi, odur ki, böyük bir aktyor nəsli onun tamaşaları ilə böyüdü və Tofiq Kazımov teatrı yarandı...
...Tofiq Kazımov şəxsiyyət idi, həssas, qayğıkeş, narahat, odur ki, Azərbaycan teatrında lirik-psixoloji janr onun adı ilə bağlıdır...
...Tofiq Kazımov qeyri-adi bir sənətkar idi, odur ki, Məryəm Əlizadənin böyük müəlliminə həsr etdiyi kitabın adı da qeyri-adidir - “Dördüncü ölçünün rəngləri”...
Noyabrın 26-da Azərbaycan
Dövlət Akademik Milli
Dram Teatrında teatrşünas,
sənətşünaslıq doktoru,
Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadənin Azərbaycanın
milli teatr sənətinin
parlaq simalarından biri
- görkəmli rejissor, Xalq
artisti, Dövlət Mükafatı
laureatı Tofiq Kazımovun həyat
və yaradıcılığından bəhs edən “Dördüncü ölçünün
rəngləri” kitabının təntənəli təqdimat
mərasimi oldu.
Mərasimdə Baş
nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət
və turizm naziri
Əbülfəs Qarayev, nazir
müavini Ədalət Vəliyev,
tanınmış mədəniyyət və incəsənət
xadimləri iştirak etdilər.
Kitabdan qeydlər: “Gerçəkliyimizdə hər şeyin olduğu kimi, səhnənin də adi gözlə gördüyümüz üç ölçüsü var: eni, hündürlüyü, dərinliyi. Gerçəkliyimizdə hər şey kimi, səhnənin də dördüncü ölçüsü var. Bu ölçü - ZAMANDIR”
Təqdimat mərasimini Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov açaraq “Dördüncü ölçünün rəngləri” kitabını Azərbaycan teatrşünaslığında, Azərbaycan milli-mədəni gercəkliyində əsl hadisə kimi dəyərləndirdi. O qeyd etdi ki, Məryəm Əlizadənin çağdaş teatrşünaslığımızda yeni elmi müstəvidə araşdırıb ərsəyə gətirdiyi “Dördüncü ölçünün rəngləri” kitabı eyni zamanda Azərbaycan milli teatr prosesini zaman kontekstində araşdırmaq baxımından qiymətlidir.
Tofiq Kazımov haqqında bu günə kimi məqalələr, kitablar yazılsa da, bu kitabın özünün böyük bir dəyəri, başqa bir xüsusiyyəti olduğunu qeyd edən İsrafil İsrafilov bildirdi ki, müəllif kitabda görkəmli rejissorun yaradıcılığına tamamilə yeni baxış, dərin elmi təhlil, elmi-nəzəri mövqedən yanaşıb: “Tofiq Kazımovun taleyi haqqında, yaradıcılıq xüsusiyyəti haqqında hələ çox-çox illər bundan sonra da müxtəlif tədqiqatlar aparılacaq, çünki kitabın özü yeni tədqiqatlar üçün imkan verir”.
İsrafil İsrafilov Tofiq Kazımovun atası - görkəmli şair, dramaturq, aktyor, rejissor, tərcüməçi və teatr təşkilatçısı Səməd Mənsurun həyat və yaradıcılığından da söz açdı. Zamanın neçə-neçə ağır sınaqlarından keçmiş Səməd Mənsurun “Rəng edir” adlı şeirinin nəsillərin yaddaşında bu gün də səsləndiyini bildirdi. Çıxışının sonunda “40 il əvvəl, elə bu salonda Tofiq müəllim oturmuşdu, biz onun tələbələri idik. O tələbələrdən biri də - Məryəm Əlizadə idi” - deyərək sözü kitabın müəllifinə verdi.
Bəli, illər sonra Məryəm xanım böyük müəllimi Tofiq Kazımova “Dördüncü ölçünün rəngləri” adlı bir kitab həsr edəcəkdi və qəlbinin hərarəti ilə yazdığı bu kitabın təqdimatında çıxışına bu sözlərlə başlayacaqdı:
“Mən 40 ildir bu kitabı
yazıram...”
Tədbirdə
iştirak edən hökumət rəsmilərinə,
Tofiq Kazımovun həyat yoldaşı Rəna xanıma, qızı Lalə xanıma və bütövlükdə teatr
icmasına, iştirakçılara
təşəkkürünü bildirən Məryəm Əlizadə ürək sözlərini iştirakçılarla
bölüşdü:
“... Bu 40 il bizim instituta daxil olub birinci kursa
gəldiyimiz birinci gündən hesablanır.
Bizi bu zala toplamışdılar,
demişdilər ki, indi sizin sənət
müəlliminiz gələcək.
O zaman bu zal böyük məşq otağı adlandırılırdı. Biz də çox həyəcanla gözləyirdik.
Qapı açıldı,
çox çevik addımlarla, son dərəcə
qaynar təbiətli bir adam
zala daxil oldu və elə
həmən andaca işə başladı. Çünki Tofiq müəllim işləyən
adam idi,
vaxt itkisini bizə də, özünə də bağışlamırdı. O gündən etibarən bu kitab yazılır.
O gündən mənimlə
yol gələn iki nəfər də bu gün
Azərbaycan teatrının
tanınmış simalarındandır:
rejissor Vaqif İbrahimoğlu və teatrşünas alim İsrafil İsrafilov. Tofiq Kazımov ani bir zaman içərisində
bizim dünyagörüşümüzdə
böyük bir inqilab elədi, bizim gələcək yolumuzun cizgilərini cızdı. Elə böyük müəllim
görən kəs xoşbəxtdir” - deyən
Məryəm Əlizadə
çıxışının sonunda maraqlı bir təklif də etdi: Mən
inanıram ki, bu kitabla bağlı
çox ciddi mübahisələr də
olacaq. Çünki mənim kitabımın
qəhrəmanı çox
mürəkkəb, birmənalı
qəbul olunmayan böyük sənətkar
idi. Hər an dəyişən, hər an yetkinləşən
Tofiq Kazımov 40 ildir bizimlə yol gəlir. Yol gəlir və görürəm ki, o yenə də bizdən öndə gedir, ruhu şad olsun!”.
Mərasimdə
Teatr Xadimləri İttifaqının sədri,
Xalq artisti, professor Azər Paşa Nemət Tofiq Kazımovun həyat və yaradıcılığından danışdı.
“Nəyə
nail olmuşamsa, Tofiq müəllimə borcluyam”
Tədbirdə
çıxış edən
Xalq artisti Amaliya Pənahova bildirdi ki, 46 il bundan əvvəl
İlyas Əfəndiyevin
“Sən həmişə
mənimləsən” dramını
səhnələşdirən Tofiq Kazımov baş rolu ona
- 19 yaşlı qıza
etibar etməklə öz üzərinə böyük bir məsuliyyət götürmüş
oldu. Ancaq zaman keçdikcə
onun teatra gətirdiyi yeniliklər Tofiq Kazımovun novator bir rejissor
olduğunu sübut etdi. “Bu gün
sənətdə nəyə
isə nail olmuşamsa,
sözsüz ki, Tofiq müəllimə borcluyam” - deyən Xalq artisti görkəmli
rejissorla bağlı xatirələrini dilə gətirdi. “Yuğ” teatrının bədii rəhbəri Vaqif İbrahimoğlu iştirakçılardan
fərqli olaraq “Dördüncü ölçünün
rəngləri” kitabını
hələ əlyazma
ikən oxuduğunu qeyd etdi və
bildirdi ki, belə geniş bir əsərin yaranması hər kəs üçün hədiyyədir. Bu münasibətlə hər
kəsi təbrik edən rejissor kitabın çox orijinal üslubda yazıldığını, eyni
zamanda müəllifin
dəqiq elmi analizə geniş yer ayırdığını
iştirakçıların nəzərinə çatdırdı.
Çıxışlardan
sonra Mədəniyyət
və Turizm Nazirliyinin “Yaddaş” sənədli filmlər studiyasında istehsal olunmuş Tofiq Kazımovun həyat və yaradıcılığından
bəhs edən “Üçüncü zəng”
sənədli filmi nümayiş olundu. Sonra tədbirdə “Savalan” qrupunun ifasında gözəl musiqilər səsləndirildi.
“Zaman içində zaman”, “Zamandan zamana”, “Zaman spektrinin çalarları”, “Zamanın
saniyə əqrəbi”,
“Zamanın insan amili”, “Zamanın yol ayrıcı”, “Ölülər”ə aparan
yol”, “Ölülər”
məqamı”, “Ölülər
və dirilər”, “Alternativ zaman və yaxud təmamiyi-süxən”
bölmələrindən ibarət
olan “Dördüncü
ölçünün rəngləri”
kitabı teatrşünaslar,
rejissorlar, aktyorlar, mədəniyyətşünaslar və eləcə də teatr sənətinə
maraq göstərən
geniş oxucu auditoriyası üçün
dəyərli bir nəşrdir.
Təranə
Vahid
Mədəniyyət.- 2010.- 1 dekabr.-
S. 8.