İlham
Əliyev və Azərbaycan dövlətinin teatr siyasəti
Azərbaycan
Respublikası sürətli inkişaf yolundadır. Bu inkişaf bütün sahələrlə
yanaşı, mədəniyyət və incəsənəti də
əhatə edir. Son illər Azərbaycan
teatrı da yeni inkişaf mərhələsinə qədəm
qoymuşdur. Milli teatr sənətində baş verən
bu canlanma ilk növbədə dövlətin və möhtərəm
cənab İlham Əliyevin mədəniyyətə,
xüsusilə teatr sənətinə qayğı və diqqəti
sayəsində mümkün olmuşdur.
Son illərdə
milli teatr sənətinin inkişafı istiqamətində
dövlət səviyyəsində çox mühüm
addımlar atılmışdır. MDB ölkələri
içərisində ilk dəfə məhz Azərbaycanda
"Teatr və teatr fəaliyyəti haqqında" qanun (29
dekabr 2006-cı il) qəbul edilmişdir.
Daha sonra "Azərbaycan teatr sənətinin inkişaf
etdirilməsi haqqında" (19 fevral 2007-ci il)
və "Azərbaycan teatrı 2009-2019-cu illərdə"
Dövlət Proqramının təsdiq edilməsi
haqqında" (18 may 2009-cu il) Azərbaycan Respublikası
Prezidentinin sərəncamları imzalandı. Bu
sənədlər paketi milli teatrın fəaliyyətinin
hüquqi-normativ bazasını təmin etmiş oldu, həm də
teatrın inkişafına əsaslı stimul yaratdı.
Son dövrlərdə teatr
binalarının əsaslı təmiri, teatrların ən son
texnika və texnologiyalarla, müasir avadanlıqlarla təmin
olunması da dövlətimizin və şəxsən ölkə
Prezidenti cənab İlham Əliyevin - ulu öndər, milli mədəniyyətimizin
böyük təəssübkeşi Heydər Əliyevin
dövlət siyasətini, konkret olaraq mədəniyyət
siyasətini yaradıcı tərzdə davam etdirən
görkəmli dövlət xadiminin teatr sənətinə
qayğısının bariz göstəricisidir.
Hörmətli
Prezidentimiz İlham Əliyevin daxili inam və səmimiliklə
bəyan etdiyi - “Mən Heydər Əliyev kursunu, Heydər
Əliyev siyasətini dönmədən yerinə yetirəcəyəm"
- sözləri və bunun həyata keçirilməsi istiqamətində
atılan addımlar günümüzün
reallığıdır.
Ulu öndər Heydər
Əliyevin rəhbərliyi altında həyata keçirilən
müdrik siyasət bütün dünyaya göstərdi ki,
biz müstəqil dövlət kimi, azad xalq kimi yaşamağa
qadirik, iqtisadiyyatımızı, siyasətimizi, mədəniyyətimizi
özümüz layiqincə idarə etməyi
bacarırıq.
Məhz 1969-cu ildən
başlayaraq, əvvəllər öz sakit axarı ilə gedən
Azərbaycan teatrının həyatında canlanma hiss
olunmağa başladı. Görkəmli sənət
adamlarının yubileylərinin təntənəli şəkildə
keçirilməsi, forma, məzmun və üslub etibarilə
müxtəlif mədəni tədbirlərin təşkili
mütəşəkkil və müntəzəm xarakter
aldı. Elmə, mədəniyyətə, ədəbiyyata,
incəsənətə daim qayğı göstərən
Heydər Əliyev sənət adamlarına da həmişə
hamilik edirdi: "Mən hər sahəyə xüsusi diqqət
yetirirəm, nəzarət edirəm. Çünki
hamısı respublikamızın inkişafına, xalqın
maddi rifahının, həyat tərzinin
yaxşılaşmasına xidmət edir. Mədəniyyət
isə başqa aləmdir. Mədəniyyət
uşaq kimidir. Həmişə tumar və
qayğı istəyir. Siyasi rəhbər,
dövlət xadimi, ölkə başçısı, rəhbər
bunu bilməlidir".
İllər göstərdi
ki, məhz bu böyük şəxsiyyətin, dahi öndərin
mədəniyyətə, sənətə qayğıkeş
münasibəti bu sahənin inkişafında əsas amilə
çevrildi. Heydər Əliyevin
teatrlarımıza tez-tez gəlməsi sənət
adamlarının nüfuzunu artırdı, sənəti
inkişaf etdirdi. Müdrik rəhbərin
obyektiv, prinsipial göstərişləri, tövsiyələri
onların məsuliyyətini artırdı, yeni-yeni sənət
axtarışlarına səfərbər etdi. Rəhbərin qayğı və məhəbbəti
sayəsində teatrlarımızda bir-birindən maraqlı
tamaşalar yarandı.
1974-cü ildə Azərbaycan
teatrının 100 illik yubileyi münasibətilə Respublika
Sarayında (indiki Heydər Əliyev adına sarayda)
keçirilən təntənəli yığıncaqda Azərbaycan
rəhbərinin teatrımızın tarixi, keçdiyi çətin,
mürəkkəb və şərəfli
yaradıcılıq yolu haqqında qüdrətli
teatrşünas və müdrik siyasətçi
baxışı ilə söylədiyi dolğun, mənalı
məruzəsi yalnız teatr ictimaiyyəti tərəfindən
deyil, teatrsevərlər tərəfindən də məmnunluqla,
heyranlıqla qarşılandı: "Teatr müqəddəs
yerdir, tərbiyə ocağıdır. Orada
çalışanlar fədakardırlar, fədaidirlər... Teatr xadimləri tamaşaçıya bir söz demək
üçün, mədəni səviyyəni yüksəltmək
üçün, irəliləyişimizə mane olanlara
qarşı mübarizəyə qaldırmaq üçün
nə qədər çalışırlar. Heç kim bilmir ki, artist səhnəyə
çıxıb rolu tamaşaçı qarşısında
oynadığı vaxta kimi nə qədər həyəcan,
sevinc keçirir. Mən həmişə teatra
yaxın və bağlı olmuşam. Bu ötəri hiss
deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm".
Ulu öndər bütün
tamaşalara baxar, quruluş haqqında, rejissor işi, bədii
tərtibat və aktyor ifası barədə öz fikirlərini
söyləyər, hər şeyə diqqət və
qayğı ilə yanaşar, teatrda hər bir
tamaşanın, hər bir aktyorun, rejissorun, rəssamın, bəstəkarın
layiq olduğu qiyməti almasına çalışardı. "Sənətdə hər kəsin öz yeri var.
Heç kəs kiminsə yerini almır" deyən rəhbər
qayğı ilə yanaşı, obyektiv olmağı da əsas
götürürdü. Azərbaycan
Dövlət Akademik Dram Teatrında Xalq
yazıçısı İlyas Əfəndiyevin
"Mahnı dağlarda qaldı" tamaşasının
Dövlət mükafatı alması şəxsən
böyük rəhbərin təşəbbüsü ilə
baş tutub. Belə ki, Dövlət
mükafatı üzrə komissiya üzvləri bir yerə
yığışıb tamaşaya baxa bilməyiblərmiş.
Sonra onlar baxmaq istəyəndə Böyük bəy
rolunun ifaçısı İsmayıl Dağıstanlı xəstələnir.
Tamaşa göstərilmir. Odur
ki, dövlət komissiyasının yekun iclasında Heydər
Əliyevə təqdim olunan siyahıda "Mahnı
dağlarda qaldı" tamaşasının adı olmur.
Ulu öndər bunun səbəbini soruşduqda
komissiya üzvləri bir yerdə tamaşaya baxa bilmədiklərini
söyləyiblər. O, üzünü komissiya üzvlərinə
tutub deyir: "Mən tamaşanı görmüşəm. Çox bəyənmişəm. Mən tamaşaya baxanda sizin əksəriyyətiniz
də teatrda idiniz. Tamaşaya
baxırdınız. Kim tamaşanı görməyib, yaxud
bəyənməyib, qoy sözünü desin". Heç
kimin dinmədiyini görən Heydər Əliyev: "Niyə
susursunuz? Kim "Mahnı dağlarda
qaldı" tamaşasına Dövlət mükafatı
verilməsinə razıdırsa, səs versin. Burada adları çəkilən artistlərə
etirazınız yoxdursa, gəlin səsə qoyaq".
1981-ci ildə
İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan" pyesinin
tamaşasına Azərbaycan KP MK-nın büro üzvləri
ilə birlikdə baxan ulu öndər əsərin və
tamaşanın müfəssəl təhlilini vermiş,
ifaçılara öz fikirlərini söyləmişdi.
O, tamaşaya baxandan sonra İlyas Əfəndiyevə
demişdi: "Siz ilk növbədə Natəvan - bu şairə
haqqındakı şayiələrə son qoydunuz. Natəvanı gözəl Azərbaycan qadını
kimi bizə təqdim elədiniz, bununla yanaşı, gözəl
xan qızının timsalında bizim Şərq
qadınlarının obrazını yarada bildiniz. Mən buna görə sizə sağ ol deyirəm.
Həm də son monoloqunuza görə sağ ol deyirəm".
Son illər ərzində
respublikamızda, onun ictimai-siyasi, iqtisadi və mədəni həyatında
çox əlamətdar hadisələr baş verib. Bu hadisələrin ümumi səciyyəsi,
güclü inkişaf dinamikası mədəni həyatımıza
da öz təsirini göstərib. Nəzərdə
tutduğumuz təsirin bariz təzahürü dövlətin
milli mədəniyyətimizin tərkib hissəsi olan teatr sənətinə
göstərdiyi diqqət də açıq sezilir. Amalımız bu istiqamət meyillərini və
inkişaf dinamikasını öz fəaliyyətimizin əsas
meyarları kimi qəbul edib, yaşadığımız
dövrdə teatr sənətinin məqsəd və vəzifələrini
təsdiqləməkdir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev cənablarının 2009-cu il 18 may
tarixli "Azərbaycan teatrı 2009-2019-cu illərdə"
Dövlət Proqramını təsdiqləyən sərəncamını
Azərbaycan milli teatr sənətinin inkişafında yeni mərhələnin
başlanğıcı hesab etmək olar.
Dövlət Proqramı 16-sı
müxtəlif bölgələrdə, 10-u Bakıda olmaqla
dövlət büdcəsindən maliyyələşən, Mədəniyyət
və Turizm Nazirliyinə tabe olan 26 teatr - tamaşa müəssisəsindən
ibarət dövlət teatrları sisteminin böhrandan
çıxarılması üçün irəli
sürülən sistemli islahatların
başlanğıcı və hüquqi-normativ bazası kimi
çox əhəmiyyətlidir. Proqramda nəzərdə
tutulan islahatlar daha çox cari məqsədlərə deyil,
strateji niyyətlərə yönəlmişdir. Bu islahatların mütərəqqi xarakteri, milli
teatr prosesinin inkişafına əhəmiyyətli təsiri
heç kimdə şübhə doğurmur. Düşünürük ki, bu durumda məsələni
yalnız köklü islahatlar vasitəsilə həll etmək
mümkündür. Əks halda, teatr
industriyasının yenidən qurulmasına yönəlmiş
istənilən lokal tədbir və islahatlar öz nəticəsini
verməyəcək.
Prezident sərəncamının
preambulasında mövcud vəziyyət və dövlətin
teatr sənətinə münasibəti konkret
açıqlanıb. Sənəddə irəli
sürülən müddəalar Azərbaycanda teatr sənətinin
rolunu, əhəmiyyətini və gərəkliliyini
açıq şəkildə təsdiqləyir. Bu bəyanat Azərbaycan Teatr Xadimləri
İttifaqında birləşən teatr xadimlərini - praktikləri
və nəzəriyyəçiləri 2 istiqamətə
yönəldə bilər. Birinci istiqamət: biz dövlətin
bu cür yüksək münasibətindən xoşlanıb
passiv şəkildə teatr prosesimizin irəlidəki mərhələsini
arxayıncasına kənardan izləyə bilərik.
İkinci istiqamət: Dövlət Proqramının həyata
keçirilməsi üzrə tədbirlər planında
göstərilən bütün işlərdə fəal
iştirak edib öhdəmizə düşən tarixi
missiyanı yerinə yetirə bilərik. Aydın
məsələdir ki, birinci istiqamət qəbuledilməzdir.
İkinci istiqamətdə məhsuldar, perspektivə yönəlmiş
iş görməkdən ötrü isə önəmli məqamlara
obyektiv baxmalıyıq.
Dövlət Proqramında dövlət
öz icra orqanlarına teatr sənətinin idarəetmə və
maliyyə-iqtisadi mexanizmlərinin təkmilləşdirilməsi,
teatr fəaliyyətinin normativ-hüquqi bazasının
möhkəmləndirilməsi haqqında, eyni zamanda, Ermənistanın
hərbi təcavüzü nəticəsində
qaçqın və məcburi köçkünlük şəraitində
fəaliyyət göstərən İrəvan Dövlət
Azərbaycan Dram Teatrı, Şuşa, Füzuli, Ağdam
dövlət teatrlarının şəraitini
yaxşılaşdırmağa yönəlmiş
tapşırıqlar verib.
Proqramda Azərbaycan Dövlət
Rus Dram Teatrının, Kukla Teatrının, Naxçıvan
Dövlət Musiqili Dram Teatrının, Gəncə, Lənkəran,
Şəki dövlət dram teatrlarının nəzdində
dövlət büdcəsində Mədəniyyət və
Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər
hesabına studiyaların yaradılması, heç
şübhəsiz, öncül və müsbət
addımdır. Çünki istənilən
teatr prosesinin müəyyən avanqard və eksperiment məqsədlərini,
bir qayda olaraq, məhz studiyalar həll edir. Yuxarıda sadalanan teatrların sırasında məlum
səbəblərdən Rus Dram Teatrı üçün
studiya lap vacibdir. Digər teatrlar
üçün yeni yaradıcı kadrları Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universiteti respublikanın görkəmli sənətkarlarını
pedaqoji işə cəlb etməklə planlı şəkildə
hazırlayır. Sözügedən
Proqramda Mədəniyyət və Turizm Nazirliyinə teatr sahəsində
təhsilin təkmilləşdirilməsi məqsədilə tədbirlərin
həyata keçirilməsi tapşırılır. Məncə, bu mühüm məsələ Təhsil
Nazirliyinin bilavasitə iştirakı ilə həll oluna bilər.
Studiya məsələsinə
gəldikdə tarixi təcrübəyə əsaslanaraq qeyd
edə bilərik ki, dövlət teatrlarının nəzdində
fəaliyyət göstərən yerli həvəskarlardan ibarət
studiyaları müsbət dəyərləndirmək
lazımdır. Bu studiyalarda yetişdirilən
aktyorlar teatrda artıq aparıcı mövqeləri
tutmaqdadırlar.
"Teatr və teatr fəaliyyəti
haqqında" Qanun, "Azərbaycan teatr sənətinin
inkişaf etdirilməsi" haqqında və "Azərbaycan
teatrı 2009-2019-cu illərdə Dövlət
Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin sərəncamları teatr prosesimizdə
müşahidə olunan geriliyi aradan qaldırmağa qadirdir. Teatr tamaşalarının hazırlanması və
kütləvi nümayişi ilə əlaqədar yaranan
münasibətləri tənzimləyən, teatr fəaliyyətinin
hüquqi əsaslarını müəyyən edən bu sənədlərdə
öz əksini tapan problemlərdən biri də Azərbaycan
teatrının dünya teatr məkanına inteqrasiya məsələsi
ilə bağlıdır.
Məlum olduğu
kimi, inteqrasiya geosiyasi proseslərin axarı ilə gündəmə
gəlir. Və bu mürəkkəb proses bütün
sahələri əhatə edir. Siyasi, iqtisadi və
sözsüz ki, mədəni inteqrasiya dövlət tərəfindən
proqramlaşdırılır və
stimullaşdırılır. Qeyd etmək
lazımdır ki, bəlli hüquqi sənədlərin
müvafiq bəndləri bilavasitə Azərbaycan
teatrının dünya teatr məkanına inteqrasiyası
probleminin həlli ilə bağlı tədbirlərin həyata
keçirilməsini nəzərdə tutur.
Azərbaycan
teatrı hazırda qloballaşan dünya teatr məkanına
inteqrasiya olunmağa ciddi hazırlaşmalıdır. Əvvəla ona görə ki, günbəgün
yeniləşən Avropa teatrının universal şərtlərini
yetərincə öyrənməliyik. Hazırda
maliyyə böhranı yaşayan Avropa, heç şübhəsiz
ki, böhrandan çıxan kimi teatr sənətində
artıq yeni səciyyələri, yeni varolma şərtlərini
irəli sürəcək. Bəs, baş
verən bu dəyişiklikləri izləməyə tələbatımız
və potensial imkanımız varmı? Avropa
teatr məkanına daxil olmaq istəyən istənilən
teatrın qarşısında çox sərt şərt və
tələblər qoyulur. Bu məkana yalnız və
yalnız yüksək səviyyəli teatrlar və prinsipial
yenilikləri ortaya qoya bilən yaradıcı insanlar daxil ola bilir.
Beynəlxalq teatr əlaqələrimizin
inkişafında noyabr ayında ölkəmizdə
keçirilən "Dünya teatr prosesi XXI əsrdə:
problemlər, perspektivlər və alternativlər" mövzusunda
I Bakı Beynəlxalq teatr konfransı mühüm rol
oynadı. Bu beynəlxalq miqyaslı tədbir Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
təşkil olunmuşdu. Onu da qeyd edim ki,
elmi-praktiki konfrans Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrının əsaslı təmir olunmuş yeni
binasında reallaşdı.
76 ölkənin
tanınmış teatr xadimlərinin - rejissorların,
prodüserlərin, teatr rəhbərlərinin,
aktyorlarının, teatrşünasların iştirak etdikləri
bu konfransda çağdaş teatr prosesinin durumu, problemlər,
perspektivlər, birgə əməkdaşlıq kimi məsələlər
müzakirə olundu. Konfrans çərçivəsində
bir sıra maraqlı tədbirlər də keçirildi.
Tanınmış teatr xadimlərinin teatr tənqidi,
aktyor sənəti, teatr rəssamlığı, teatr geyimi,
dramaturgiya, plastika, vokal ifaçılığı kimi
mövzularda keçirdikləri seminarlar və ustad dərsləri
xüsusilə gənc teatr sənətçiləri
üçün son dərəcə səmərəli oldu.
Konfransın işçi qrupu Bakıda olduğu müddətdə
müxtəlif paytaxt teatrlarında Azərbaycan teatr mədəniyyətini
layiqincə təmsil edən bir sıra tamaşaları da -
Akademik Opera və Balet Teatrında "Leyli və Məcnun"
(Ü.Hacıbəyov), "YUĞ" Dövlət
Teatrında "Birinci akt" (A.P.Çexov), Dövlət
Pantomim Teatrında "Maska" (Z.Zeynalov), Gənc
Tamaşaçılar Teatrında "Otello" (U.Şekspir)
və s. izləmək imkanı qazandılar. Bu konfrans Azərbaycanda
teatr fikrinin inkişafına böyük təkan verməklə
yanaşı, Şərq və Qərb mədəniyyətlərinin
təmasına rəvac verdi və əslində,
hər iki mədəniyyətin zənginləşmə
faktı qeydə alındı.
Noyabr ayında milli teatr məkanında
gerçəkləşən daha bir əlamətdar hadisə
isə A.P.Çexov adına Beynəlxalq
Teatr Festivalının bir mərhələsinin Bakıda
keçirilməsi oldu. Artıq bu layihə çərçivəsində
hazırlanan iki tamaşa - Viktoriya Tere-Çaplinin (dahi
Çarli Çaplinin qızı) "Aureliyanın oratoriyası"
(Fransa) və A.P.Çexovun "Toy" (Belarus)
tamaşaları seyrçilərin ixtiyarına verilib. Noyabr ayının son həftəsində isə
A.P.Çexov Festivalının İpək yolu mərhələsinin
sonuncu tamaşası - Daniele Finsi Paskanın
"Yağış" (Kanada) adlı səhnə əsəri
nümayiş olundu.
Beləliklə, son
bir ayda paytaxtımız iki beynəlxalq səviyyəli,
möhtəşəm teatr tədbirinə şahid oldu.
Bakının ev sahibliyi ilə baş tutan
hər iki teatr hadisəsi milli teatr tarixində ilk dəfə
reallaşır.
Müasir tarixi mərhələdə
Azərbaycan teatrının qarşısına ciddi strateji məqsədlər
qoyulur. Yəni məqsədimiz 3-cü,
4-cü dərəcəli dostluq festivallarında deyil, 1-ci dərəcəli
Avinyon, Edinburq, Çexov festivallarının səviyyəsində
tamaşalar hazırlamaqdır.
Məlum
hüquqi-normativ sənədlərin konkret bəndlərində
haqqında danışdığımız problemlərin
birbaşa həllinə yönəlmiş müddəalar
kifayət qədərdir. "Teatr və teatr fəaliyyəti
haqqında" Qanun, "Azərbaycan teatr sənətinin
inkişaf etdirilməsi haqqında", "Azərbaycan
teatrı 2009-2019-cu illərdə" Dövlət
Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin sərəncamları Azərbaycan
teatrının dünya teatr məkanına tam inteqrasiyası
üçün bir sıra islahatların həyata
keçirilməsini nəzərdə tutur:
- Bakıda və bölgələrdə
fəaliyyət göstərən dövlət teatrlarına sərt
nəzarət sisteminin formalaşdırılması;
- çağdaş
teatr industriyasının inkişafı;
- dövlət
teatrlarının fəaliyyətinin mövcud qanunverici sənədlərlə
uzlaşdırılması;
- dövlət
teatrlarının repertuar siyasətinə nəzarət;
- teatrların
maddi-texniki bazasının inkişafı, müasir səhnə
texnikaları və avadanlıqları, ən yeni işıq və
səs aparaturaları ilə təchiz edilməsi;
- ardıcıl
surətdə kadr siyasətinin həyata keçirilməsi.
Teatr sənətinin müasir texnologiyalarına, yeni idarəetmə
mexanizmlərinə bələd olan kadrların yetişdirilməsi,
teatr sənətinin çağdaş tələblərinə
uyğun olaraq, yüksək səviyyəli kommersiya direktoru,
prodüser, art-menecer, səhnə mühəndisi kimi mütəxəssislərin
hazırlanması üçün şəraitin
yaradılması;
- dövlət
teatrları strukturunun, ştat cədvəllərinin, iş
prinsiplərinin yeni idarəetmə mexanizmlərinə
uyğunlaşdırılması;
- dövlət
teatrlarında tamaşaların reklamı, yüksək səviyyəli
nəşr və reklam məmulatlarının çapı
üçün şəraitin yaradılması;
- teatr sənətinin
təbliğini, təhlilini, obyektiv dəyərləndirilməsini
həyata keçirən nəşrlərin və mətbu
orqanların hazırlanması;
- müasir
informasiya və kommunikasiya texnologiyalarının teatrın
inkişafı prosesinə tətbiqi, dövlət
teatrlarının hər birinin elektron saytının, həmçinin
teatr sənətinin təbliğini həyata keçirən
elektron məcmuələrin və veb-saytların
yaradılması.
- Azərbaycan teatrlarında fəaliyyət
göstərmək üçün xarici ölkələrdən
güclü mütəxəssislərin dəvət edilməsi;
- müvafiq
seleksiya tədbirləri nəticəsində müəyyənləşdirilən
istedadlı və iddialı gənclərin kütləvi
şəkildə Avropa məkanına təhsil almaq, işləmək,
staj keçmək məqsədilə göndərilməsi;
- durğun teatr
prosesində yeniliklərə rəvac vermək məqsədilə
innovasiya xarakterli layihələrin həyata keçirilməsi.
Son illərin əlamətdar
hadisəsi və teatr prosesimizə güclü inkişaf
impulsunu verən yenilik, heç şübhəsiz,
"Üns" Yaradıcılıq Səhnəsinin
açılmasıdır. Çox
qısa bir müddət ərzində bu təsisat
dünyanın yüksək səviyyəli örnəklərini
nümayiş etdirərək paytaxtımızın mədəni
həyatını xeyli canlandıran impulslar mərkəzinə
dönmüşdür.
Dövlət
Proqramı Azərbaycan milli teatr prosesinin çağdaş
inkişaf mərhələsinin məqsəd və vəzifələrini
özündə əks etdirir. Buna görə
də, bu sənəd, eyni zamanda, teatr prosesimizin 10 illik
inkişaf perspektivlərini müəyyənləşdirir.
Sözügedən
proqramda əlaqədar təşkilatlara konkret
tapşırıqlar verilir və bu tapşırıqlar
artıq mərhələ-mərhələ həll
olunmaqdadır. Teatr prosesində
mühüm rol oynayan bədii-yaradıcı, intellektual, mənəvi-əxlaqi
və digər spesifik məsələlərin həlli Azərbaycan
Teatr Xadimləri İttifaqında birləşən teatr xadimlərinin
öhdəsinə düşür.
Bu gün Azərbaycanda
ulu öndər Heydər Əliyevin teatr sahəsində
başladığı islahatlar hörmətli Prezidentimiz
İlham Əliyevin rəhbərliyi ilə yaradıcı tərzdə
həyata keçirilir.
Timuçin
Əfəndiyev,
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin rektoru, professor
Mədəniyyət.-
2010.- 1 dekabr.- S. 6-7.