“Sahə” filminin təqdimat mərasimi keçirildi
Noyabrın
29-da Beynəlxalq Muğam Mərkəzində “Sahə” bədii
filminin təqdimat mərasimi keçirildi. Tədbirdə Mədəniyyət
və Turizm Nazirliyinin
Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov,
şöbənin əməkdaşları, nazirliyin
nümayəndələri, kino ictimaiyyəti
iştirak edirdi.
Mərasimdə çıxış edən Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirdi ki, son vaxtlar ölkə rəhbərliyinin kinonun inkişafına göstərdiyi diqqət, bu sahədə imzalanan sənədlər gənc kinematoqrafçıların fəaliyyətinə də mühüm zəmin yaradıb: “Əgər son illər dövlət sifarişi ilə filmlərə diqqət yetirsək, bu sırada gənc rejissorların adlarının çoxluq təşkil etdiyini görərik. Bundan əlavə gənc kinematoqrafçılar üçün qısametrajlı film müsabiqələri də keçirilir. Onlar bu müsabiqələrdə müxtəlif janrlarda filmlər çəkirlər. “Sahə” filminin rejissoru İlqar Safat da gənc nəslin nümayəndəsidir. Bu onun ilk tammetrajlı bədii filmidir. Buna qədər rejissor maraqlı sənədli filmlər çəkib”.
“Sahə” filminin direktoru Leyla Dostəliyeva isə ekran əsərinin ərsəyə gəlməsində köməyi olan bütün təşkilatlara öz təşəkkürünü çatdırdı. Sonra o filmin yaradıcı heyətini səhnəyə dəvət etdi. Qeyd edək ki, təqdimat mərasimində baş rolları ifa edən Melissa Papel (Fransa) və Zaza Bejaşvili (Gürcüstan) də iştirak edirdilər. Baş rolun ifaçıları Azərbaycanda filmə çəkildiklərindən məmnun olduqlarını bildirdilər. Filmin rejissoru İlqar Safat yaradıcı heyətin adından hamıya təşəkkür etdi.
Sonra film nümayiş olundu. “Sahə” filmi Mədəniyyət və Turizm Nazirliyi, “Nərimanfilm” (Azərbaycan) və “Baqirafilm”in (Gürcüstan) birgə istehsalıdır. Film tanınmış fotoqrafın nişanlısı ilə avtomobil qəzasına uğradıqdan sonra xəstəxanaya deyil, polis bölməsinə düşməsindən bəhs edir. Burada baş verən əcaib, müəmmalı, birmənalı izahı olmayan “istintaq”ın sonunda qəhrəman çox şeyləri anlayır, bir sıra yanlışlıqlardan qurtulur, zamansızlıq sahəsinin hikmətlərini dərk edir. Filmin operator işi xüsusi ilə diqqət çəkir. Ümumiyyətlə, film kino ictimaiyyəti tərəfindən maraqla qarşılandı.
2010-cu ilin istehsalı olan ekran əsərinin rejissor və ssenari müəllifi İlqar Safat (İlqar Məmmədov), operatorları Konstantin Esadze, Vako Karçxadze, baş prodüseri Nəriman Məmmədovdur. Mistik dram janrında çəkilən ekran əsərində rolları Melissa Papel, Zaza Bejaşvili, Vaqif İbrahimoğlu, Məmməd Səfa, Sona Mikayılova, Ramiz İbrahimov, Rasim Cəfərov, Nina Rakova, Debora Kidd, Timur Oduşev, Rafiz Mehdizadə və b. ifa ediblər.
Xatırladaq ki, filmin layihəsi Cənubi Qafqaz Müstəqil Kino Xadimləri Assosiasiyasının (İFASC) iştirakı ilə işlənib hazırlanıb. “Sahə” Azərbaycan və Gürcüstan respublikalarının ilk birgə layihəsi hesab olunur. Filmin çəkilişləri 2008-2009-cu illərdə Bakıda və Qobustanda aparılıb.
İ.Hacılı
Mədəniyyət.- 2010.- 1 dekabr.-
S. 5.