Beynəlxalq Teatr Festivalının “İpək yolu” mərhələsi başa
çatdı
Rus Dram Teatrının səhnəsinə
“yağış yağıb”
Noyabrın 12-dən Bakıda
start götürən
Çexov adına Beynəlxalq Teatr Festivalının “İpək
yolu” mərhələsi
çərçivəsində son səhnə əsəri Kanada teatrının təqdim edəcəyi “Yağış” tamaşası
oldu. Noyabrın 25-dən başlayaraq Azərbaycan Dövlət Rus Dram Teatrında təqdim olunan tamaşanın son nümayişi
ayın 30-da gerçəkləşdi.
Kanadanın “Eluaz” sirkinin
aktyorları tərəfindən
göstərilən “Yağış”
tamaşası 2004-cü ildə
Daniele Finsi Paska tərəfindən tamaşaya
qoyulub. “Yağış” sirk, akrobatika, yeni, fərqli teatr elementləri ilə zəngindir. Tamaşada aktyorlar
həm sirk tryukları göstəriblər,
həm musiqi alətlərində çalıb
oxuyublar və uşaqlıq xatirələrindən,
arzularından, qorxularından
və ilk məhəbbətlərindən
danışıblar. Səhnə
əsəri elə tamaşanın adına
uyğun olaraq yağışla yekunlaşıb.
Aktyorlar sürəkli yağan yağış altında
yaddaqalan çıxışlar
nümayiş etdiriblər.
Kanadalı aktyorlar tamaşaçılar
tərəfindən uzun
müddət ayaqüstə
alqışlanıblar.
Kanadanın “Eluaz” sirkinin
bədii rəhbəri
Jan Penşo, əsas aktyorları isə Oksana Burli və
Karr Eşlidir.
Beləliklə,
Bakıda Çexov adına Beynəlxalq
Teatr Festivalının
“İpək yolu” mərhələsi sona çatdı. Festival çərçivəsində
üç tamaşa göstərildi: Fransanın
“Kiçik saatlar şirkəti” tərəfindən
“Yeni sirk” janrında hazırlanan “Aureliyanın oratoriyası”
(quruluşçu rejissoru,
konsepsiya müəllifi
Çarli Çaplinin
qızı Viktoriya Tyere); Moskvalı rejissor Vladimir Pankovun Yanka Kupala adına
Belarus Akademik Dram Teatrının
bazasında “SounDrama” janrında səhnələşdirdiyi
“Toy” tamaşası və
son olaraq “Yağış”
tamaşası...
Qeyd edək ki, Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
Azərbaycan Teatr Xadimləri İttifaqı,
“Procent” şirkəti,
eləcə də Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının
iştirakı ilə
təşkil olunan
festival “Azərbaycan teatrı
2009-2019-cu illərdə” Dövlət
Proqramına əsasən
keçirilib.
Mədəniyyət.- 2010.- 1 dekabr.- S. 5.