Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Pekində səhnəyə qoyulub

 

   Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Opera və Balet Teatrı, Çin Milli Operasının birgə təşkilatçılığı nəticəsində Pekin şəhərindəki Tiençiao Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası çin dilində səhnəyə qoyulub. Bu barədə Azərbaycanın Çindəki səfirliyindən bildirilib. Tədbirdə Çin Milli Operasının direktoru Fenq, direktor müavini Bay Yüxua, Çinin bir sıra nazirlikləri, elm, təhsil, kütləvi informasiya vasitələri və ictimaiyyət nümayəndələri, Azərbaycanın Çindəki səfiri Yaşar Əliyev, bir sıra ölkələrin Çindəki səfirləri, azərbaycanlı diaspora nümayəndələri iştirak ediblər.

   Qeyd olunur ki, Azərbaycan OperaBalet teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev və Əməkdar rəssam Tahir Tahirov Çinə dəvət olunub, onların səyləri nəticəsində “Arşın mal alan” operettasına sırf Azərbaycan milli rəngarəngliyi verilib, səhnə dizaynı təkmilləşdirilib. Məlumatda bildirilir ki, Çin Milli Operası “Arşın mal alan” operettasını ilk dəfə 1959-cu ilin iyun ayında səhnəyə qoyub.

  

Mədəniyyət.- 2010.- 1 dekabr.- S. 5.