Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yubileyi qeyd olunub

 

   Noyabrın 28-29-da Bakıda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 70 illik yubileyi ilə bağlı “Azərbaycan xalqının milli özünütəsdiqində ədəbiyyat və mədəniyyətin yerimövzusunda beynəlxalq konfrans keçirilib.

 

   Noyabrın 28-də açılmış konfransda iki gün ərzində muzeyin kollektivi və xarici qonaqlar Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmiş, muzeyin yeni nəşrləri təqdim olunmuş, muzeyin direktoru, AMEA-nın müxbir üzvü Rafael Hüseynovun “70 yaşlı söz məbədi” məruzəsi dinlənilmişdir.

   AMEA-nın prezidenti akademik Mahmud Kərimov, Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Ukrayna MEA T.Şevçenko adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Nikolay Julinski, Təbrizdə çıxan “Varlıq” jurnalının redaktoru Cavad Heyət, Vaşinqton Universitetinin professoru Həsən Cavadi, L.N.Tolstoy adına Rusiya Dövlət Ədəbiyyat Muzeyinin direktoru Marina Qomozkova və başqaları təbrik sözü söyləyiblər.

   Noyabrın 30-da konfransın plenar iclasını açan muzeyin direktoru, Milli Məclisin deputatı Rəfael HüseynovNizami Gəncəvi və dünya mədəniyyəti” mövzusunda məruzə ilə çıxış edib.

   R.Hüseynov deyib ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin sərəncamları əsasında muzeyin əməkdaşlarının təltif olunması dövlət başçısının diqqət və qayğısının davamıdır.

   Xatırladaq ki, Prezident İlham Əliyevin noyabrın 26-da imzaladığı sərəncama əsasən, xalqımızın ədəbi-mədəni irsinin qorunması və təbliği işində xidmətlərinə görə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin bir qrup əməkdaşı “Əməkdar rəssam” və “Əməkdar mədəniyyət işçisi” fəxri adları ilə təltif olunub. Prezidentin digər sərəncamı ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin bir neçə əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib.

 

Mədəniyyət.- 2010.- 1 dekabr.- S. 4.