İordaniyada Azərbaycan Mədəniyyəti Günləri başlandı

 

   Noyabrın 30-da İordaniyada Azərbaycan Mədəniyyəti Günləri başlayıb. Bununla bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti bu ölkədə səfərdədir. Nümayəndə heyətinin tərkibində yer alan “Mədəniyyət” qəzetinin baş redaktoru İntiqam Hümbətovun bildirdiyinə görə, noyabrın 30-u günün birinci yarısında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İordaniyanın turizmtarixi abidələr naziri Zeyd Qussus ilə görüşüb.   

 

    Görüşdə iki ölkə arasında turizm əlaqələrinin inkişaf etdirilməsi üçün yüksək potensial olduğu vurğulanıb. Bununla əlaqədar Bakı və Əmman arasında birbaşa reysin açılması ilə bağlı aparılan danışıqların müsbət həll olunacağı qeyd olunub. Görüş zamanı Ə.Qarayev Bakıda keçirilən turizm sərgilərində İordaniyanın da iştirakının arzulandığını diqqətə çatdırıb.

   Nazir İordaniyanın mədəniyyət naziri Nəbih Şakumunla da görüşüb. Görüşdə iki ölkə arasındakı mədəni əlaqələr müzakirə edilib. Azərbaycanın mədəniyyət və turizm naziri iordaniyalı həmkarına iki ölkə arasında mədəni əməkdaşlığa dair üçillik əməkdaşlıq proqramının işlənib həyata keçirilməsini təklif edib. Ə.Qarayev N.Şakumunu gələn ilin aprelində Bakıda keçiriləcək Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib. Nazir qeyd edib ki, həmin səfər zamanı iki ölkə arasında üçillik protokol da imzalana bilər.

   Görüş zamanı İordaniya kitabxanasına Azərbaycan Milli Kitabxanası tərəfindən mədəniyyətimizi, tariximizi əks etdirən, eyni zamanda Qarabağa həsr olunmuş kitablar hədiyyə edilib. Azərbaycan nümayəndə heyətinin tərkibində təmsil olunan M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovla İordaniya Milli Kitabxanasının direktoru arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

   Dünən Azərbaycan nümayəndə heyətini İordaniya şahzadəsi Haşim İbn Əl Hüseyn qəbul edib. Qeyd edək ki, bu günlərdə İordaniya kral II Abdulla xaricdə olduğu üçün yüksək qonaqlar onun qardaşı, şahzadə Haşim İbn Əl Hüseyn tərəfindən qəbul edilir. Görüşdə İordaniyanın mədəniyyət naziriiştirak edib. Şahzadə çıxışında İordaniyada Azərbaycan Mədəniyyəti Günlərinin dost xalqların yaxınlaşmasına şərait yaradacağına və bu cür tədbirlərin gələcəkdə daha intensiv keçirilməsinə ümid etdiyini deyib. Nazir Əbülfəs Qarayev qəbul zamanı Azərbaycan prezidenti İlham Əliyevin İordaniya kralına ünvanladığı məktubu təqdim edib. Məktubda ölkə başçısı kralı Azərbaycana rəsmi səfərə dəvət edir.

   Dünən axşam İordaniyanın paytaxtı Əmman şəhərindəki Kral Mədəniyyət Mərkəzində Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib.

   Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib, Azərbaycanla İordaniya arasında əlaqələrin inkişafı haqqında məlumat verilib. İordaniyanın mədəniyyət naziri Nəbih Şakumun nümayəndə heyətimizi salamlayaraq, Azərbaycanın yaxın və dost ölkə olduğunu söyləyib və Mədəniyyət Günlərinin keçirilməsini ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm hadisə kimi dəyərləndirib.

   Daha sonra Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edib. O, Azərbaycanın zəngin qədim mədəni irsinin olduğunumüasir mədəni inkişafı özündə təcəssüm etdirdiyini diqqətə çatdırıb, müsəlman şərqində ilk operanın məhz Azərbaycanda yarandığını qeyd edib. Ə.Qarayev 2009-cu ildə ölkəmizdə İordaniya Mədəniyyəti Günlərinin keçirildiyini yada salaraq iki ölkə arasında əlaqələrin inkişaf etdiyini bildiribqeyd edib ki, bu inkişafda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə İordaniya kralı II Abdulla arasındakı dostluq, qarşılıqlı səfərlər, bu səfərlər zamanı imzalanan sənədlər mühüm rol oynayır. Nazir mədəni əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyini, bununla bağlı yaxın üç ildə əməkdaşlığa dair proqramın hazırlanacağını diqqətə çatdırıb.

   Rəsmi hissədən sonra Azərbaycan incəsənət ustalarının möhtəşəm konsert proqramı təqdim olunub. Xalq artisti Afaq Məlikovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Rəqs Ansamblının kollektivinin, Əməkdar artist Məcnun Kərimovun rəhbərliyi ilə Qədim Musiqi Alətləri Ansamblının çıxışları, xanəndələr İlkin Əhmədov, Vəfa Orucova, müğənnilərdən əməkdar artistlər Nuriyyə Hüseynova, Teyyub AslanovElza Seyidcahan, Əməkdar artist, çəqanə ifaçısı Munis Şərifov, qarmon ifaçısı Etibar Qasımbəyli və digər sənətçilərimizin ifaları alqışlarla qarşılanıb.

   Qeyd edək ki, İordaniyada Azərbaycan Mədəniyyəti Günlərinin zəngin tədbirlər proqramı var. İordaniyanın Əmman və Zarka şəhərlərində Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə konsert, fotokitab sərgilərinin keçirilməsi nəzərdə tutulub.

   «Azərbaycan ənənə və müasirliyin qovşağında» adlı fotosərgidə ölkəmizin tarixi və mədəniyyəti, zəngin memarlıq ənənələri, turizm potensialı və təbiət mənzərələri, müasir inkişafı nümayiş olunacaq. Sərgidə nümayiş etdirilən fotoşəkillər Əməkdar incəsənət xadimi Leyla Axundzadə, Əməkdar rəssam Tahir Məmmədov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Fərid Xayrulin və tanınmış «Yol» jurnalının fotomüxbiri, gənc, istedadlı fotoqraf Emil Xəlilov tərəfindən çəkilib.

  

   Mədəniyyət.- 2010.- 1 dekabr.- S. 2.