“Oliver Tvistin macəraları”
davam edir
Məşhur ingilis yazıçısı Çarlz Dikkensin “Oliver Tvistin macəraları” romanı əsasında hazırlanan eyniadlı tamaşa Azərbaycanda ilk dəfə Gənc Tamaşaçılar Teatrının səhnəsində tamaşaya qoyuldu. Hər dəfə olduğu kimi, klassika bu dəfə də öz sözünü dedi. Aktuallığı, müasirliyi, bəşəriliyi ilə...
XIX əsrin İngiltərə mühitindən söz açan “Oliver Tvistin macəraları” müəllifinə böyük şöhrət qazandırıb. Bir çox ölkələri gəzən bu əsərin yüz ildən artıq bir vaxt keçdikdən sonra Azərbaycanda Gənc Tamaşaçılar Teatrının səhnəsində peyda olması belə bir sual doğurur: görəsən, o zamankı İngiltərə həyatını, gercəkliklərini səhnəyə gətirməklə rejissor nə demək istəyib?
Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Vaqif Əsədov:
- Mənim fikrimcə, klassika elə bir dünyadır ki, onun zamanı yoxdur. O, həmişə müasirdir, aktualdır. Bu əsərin tamaşaya qoyulmasının təşəbbüskarı teatrın baş rejissoru Cənnət Səlimovadır və mənə elə gəlir ki, teatrın bu əsərə müraciət etməsi zamanında verilmiş bir qərar idi. Hər bir cəmiyyətdə olduğu kimi, bizim cəmiyyətimizdə də neqativ hallar var. Küçələrdə dilənən uşaqlara rast gəlirik. Onların acınacaqlı taleyi ilə “Oliver Tvistin macəraları”ndakı uşaqların taleyi bir-birinə çox bənzəyir.
Bəs rejissor səhnədən cəmiyyətə hansı mesajı göndərmək istəyir?
- Bu nə psixoloji əsərdir, nə
melodramadır, bu, ictimai-sosial problemdir. Problemi bədii səviyyədə,
emosional təsir gücündə insanın özünə
göstərmək lazımdır. Tamaşa vasitəsi ilə
insanlara üzümüzü tutub “ey insanlar, ey valideynlər,
ey böyüklər, ətrafınızdakılara
qarşı diqqətli olun” - demək istəmişik. Nə dərəcədə
buna nail olmuşuq, bunu tamaşaçılar deyəcəklər.
Mən fürsətdən istifadə
edib təəssüflə qeyd etmək istəyirəm ki, lap
yolun başlanğıcında tamaşanın
quruluşçu rəssamı Fuad Kafarovu itirdik. Amma
teatrın bütün heyəti qayğı ilə, məhəbbətlə
əlindən gələni etdi ki, Fuadın son işini
başa çatdıraq. Ona Allahdan rəhmət diləyirəm.
Bütün teatr heyətinə
öz təşəkkürümü bildirirəm. O cümlədən
tamaşanın bəstəkarı Aydın Əzimova. O, teatr
sənətini dərindən bilən nadir bəstəkarlardan
biridir. Bu tamaşada da onun sənətkarlığı öz
sözünü dedi.
“Mövzunun aktuallığı son
dərəcə önəmlidir”
Teatr truppasının üçdə
ikisinin iştirak etdiyi “Oliver Tvistin macəraları”
tamaşasında Mister Bambl rolunu ifa edən Xalq artisti Yasin
Qarayev öz rolundan danışdı:
- Mən çox şadam ki, ilk dəfə
bu əsər Azərbaycan teatr səhnəsində bizim teatrda
tamaşaya qoyuldu. Romanı pyes kimi tamaşaya hazırlamaq
çox çətindir, hər rejissor o açarı
tapıb əsəri yığcam edə bilmir.
Mənim oynadığım Mister
Bambl obrazı müəllifin çox sevdiyi obrazlardan biridir. Həmin
obraza Dikkensin başqa əsərlərində də rast gəlirik.
Bu, xaraktercə çox ziddiyyətli bir obrazdır. Mister Bambl
var-dövlət əldə eləmək üçün istənilən
sifətə düşən bir adamdır. Belə xarakterli
rollar çox oynamışam, bu rol da olduqca maraqlı bir
roldur. Bir dəfə oynamaqla kifayətlənən aktyorlardan
deyiləm, oynadıqca obrazın yeni çalarlarını
tapmaq, qaranlıq qalan məqamları qabardıb
tamaşaçılara təqdim etmək arzusundayam.
Tamaşada qoca yəhudi - Fecin
rolunu ifa edən Xalq artisti Ağaxan Salmanlı:
- Sözün doğrusu klassik əsərdə
oynamaq həm asandır, həm də çətin. Romanda
bütün hadisələr ətraflı nəql olunur, səhnəyə
isə qısa şəkildə gəlir. Amma mövzunun
aktuallığı son dərəcə önəmlidir. Bu
gün də uşaqları dilənməyə vadar edən
qara qüvvələr var ki, cəmiyyətimizə şikəstlik
gətirirlər. Fecin də balaca, günahsız, saf körpə
uşaqları günaha sürükləyən bir
obrazdır. Aktyor üçün gərgin, dəyişkən,
təzadlı və eyni zamanda maraqlı bir obrazdır.
Çalışmışam ki, obrazın daxili aləmini
açıb göstərə bilim.
Tamaşada Fecinin qurbanlarından
biri olan gənc Nensi obrazını Zülfiyyə
Alhüseynova yüksək məharətlə ifa edir. Həyatın
dibində, çirkabın içində qoruyub
saxladığı mərhəmət hissi onu hələ tərk
etməyib. Uşaqları zülmətdən qurtarmaq
üçün o öz həyatından belə keçməyə
hazırdır. Gənc aktrisa rolu barədə belə deyir:
- Bu rolu oynamaq mənim
üçün çətin oldu. Amma mən hər bir
çətinliyə hazır idim, təki bu obrazı
oynayım. Aktrisaya çox böyük imkanlar verə biləcək
bir obrazdır. Mən bu obrazı sevdim.
Nəhayət, səhnə əsərinin
əsas qəhrəmanı - Oliver Tvist rolunun
ifaçısı barədə. Yəqin tamaşaçıların
çoxu bu rolun ifaçısının balaca bir oğlan
olduğunu zənn edir. Ancaq sirrin üstünü
açmağa məcburuq. Oliver Tvist rolunu
üçüncü kurs tələbəsi Roza İbadova ifa
edir. Özü də inandırıcı bir tərzdə.
Tamaşaçıların alqışları da dediklərimizin
sübutudur.
Tamaşada Dik rolunu Fidan Abbasova,
Missis Manı Əməkdar artist Qəmər Məmmədova,
Şarlot rolunu Nigar Məmmədova, Noe Kleypol rolunu Elnur
Hüseynov, Cek rolunu Vüsal Mehrəliyev özünəməxsus
və yaddaqalan tərzdə ifa edirlər.
Xatırladaq ki, tamaşanın ikinci
rəssamı Elnur Babayev, rejissor assistenti Elnur Kərimovdur.
Sonda onu da qeyd etmək istərdim ki, iki saat yarım davam edən ikihissəli macəraya uşaqlar sona kimi tamaşa etdilər. Mənə elə gəldi ki, bu tamaşa uşaqlar qədər də böyüklər üçündür. “Oliver Tvistin macəraları” davam edir. Buyurun, hamılıqla baxın!
Təranə Vahid
Mədəniyyət.- 2010.- 3
dekabr.- S. 9.