Turistlər əksər
ölkələri mətbəxi ilə yadında saxlayır
Tahir
Əmiraslanov: “Dünyanın bir çox ölkələrində kulinariya təhsili verən məktəblər
var. İstəyirəm, bizdən sonra da bir
məktəb qalsın»
Azərbaycan xalqı dünyada zəngin mədəniyyəti ilə yanaşı, mətbəxi ilə də tanınır. Azərbaycan mətbəxində hazırda 2000-ə yaxın xörək növü məlumdur. Milli mətbəximizin bu zənginliyindən istifadə etməklə biz ölkəmizə çoxlu sayda turist cəlb edə bilərik. Qeyd edək ki, büdcəsinin önəmli hissəsi turizm gəlirləri hesabına formalaşan Türkiyədə bu məsələyə böyük önəm verilir. Türkiyədə hətta peşəkar aşpaz hazırlamaq üçün ali məktəb də fəaliyyət göstərir.
Bu günlərdə ölkəmizdə səfərdə olan İstanbul Kulinariya İnstitutunun rektoru Fəhmi Samancı bizimlə söhbət zamanı rəhbərlik etdiyi tədris ocağı haqqında geniş məlumat vermişdi. İstanbul Kulinariya İnstitutu türk mətbəxini araşdırmaq, öyrətmək, Türkiyədə və dünyada tanıdıb inkişaf etdirmək məqsədilə qurulmuş bir təhsil və istehsalat mərkəzidir.
Bəs bu sahədə Azərbaycanda vəziyyət necədir, bizdə peşəkar aşpazların hazırlanması üçün ali məktəb yaratmağa ehtiyac varmı? Bu sualla Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanova müraciət etdik. Onun sözlərinə görə, peşəkar aşpazların hazırlanması üçün ali məktəbin, tədqiqat mərkəzinin yaradılması ideyası ilk dəfə 1991-ci ildə gündəmə gəlib: “O vaxt Nazirlər Kabineti bununla bağlı qərar da qəbul etmişdi. Təhsil Nazirliyinin nəzdində bir neçə aşpazlıq üzrə peşə məktəbi fəaliyyət göstərir. Nazirlər Kabinetinin bu məktəblərdən birinin Milli Kulinariya Mərkəzinin tərkibinə verilməsi barədə də qərarı var. Amma hələlik həmin məsələ açıq qalır. Bu məktəb bizim nəzdimizdə olsa, dünyanın bir çox ölkəsi onun diplomunu tanıyacaq və peşəkar aşpaz hazırlamaq üçün bizə tələbə də göndərəcəklər».
T.Əmiraslanov bildirdi ki, vaxtilə Türkiyəyə Dünya Kulinariya Assosiasiyasına üzv olmaqda Azərbaycan kömək edib: «2008-ci ildə Türkiyə bu təşkilata üzv oldu və elə həmin il də institut yaratdılar. Yaxud götürək qonşu Gürcüstanı. Bu ölkənin 2012-ci Dünya Kulinariya Assosiasiyasına qəbul edilməsi gözlənilir. Amma indidən Kulinariya Akademiyasının yaradılması üçün layihə hazırlayıblar. Bizim mərkəz 1991-ci ildə yaranıb. Keçmiş SSRİ məkanından Dünya Kulinariya Assosiasiyasına ilk dəfə bizim ölkə üzv olub. Amma hələ də aşpazlıq təhsili verən məktəbimiz yoxdur».
T.Əmiraslanov deyir ki, Milli Kulinariya Mərkəzinin verdiyi sənəd dünyanın bir çox ölkələrində tanınır: «Dünyanın bir çox ölkələrində kulinariya təhsili verən məktəblər var. İstəyirəm, bizdən sonra da bir məktəb qalsın. Dünyada ən ucuz aşpazlıq təhsili Yunanıstandadır. Burada təhsil almaq üçün ildə 7000 avro ödəməlisən. Əksər Avropa ölkələrindən aşpazlıq təhsili almaq üçün bu ölkəyə gəlirlər. Əgər bizdə belə bir məktəb yaransa, özümüzü tanıtdıqdan sonra axın bizə olacaq. Bu günlərdə Koreya xörəklərinin dizaynı, tərtibatı və dünya restoranlar şəbəkəsinə yeridilməsi ilə bağlı fəaliyyət göstərən institutun əməkdaşı ilə görüşmüşəm. Qarşılıqlı təhsil mübadiləsinin yaranmasını istəyirlər. Məktəb olmadan mən bunu necə edə bilərəm? Halbuki mənim imkanım var ki, ildə 20 nəfər məşhur aşpazı Dünya Kulinariya Assosiasiyasının hesabına Azərbaycana dərs keçmək üçün gətirim»
«Restoranlarda
xidmətin keyfiyyəti
yetərli deyil. Standartlara,
ən adi qaydalara belə əməl edilmir» deyən baş kulinar bildirdi ki, aşpazlıq məktəbi turizmin əsas infrastrukturudur: «Bir müddət əvvəl Dünya Turizm Təşkilatının
konfransı keçirildi.
Bu tədbirdə 80 ölkədə aparılan
sorğunun nəticələri
açıqlandı. Məlum oldu ki, həmin
ölkələrin əksəriyyətini
turistlər mətbəxi
ilə yadında saxlayır».
Həmsöhbətimiz
onu da dedi
ki, 2010-1015-ci illər
üçün Azərbaycanda
kulinariyanın inkişafına
dair proqram hazırlayıb Mədəniyyət
və Turizm Nazirliyinə təqdim edib. Nazirliyin sözügedən sahədə çox işlər gördüyünü
deyən T.Əmiraslanov
bu məsələdə
də ona yardım ediləcəyinə
ümidvar olduğunu bildirdi.
Söhbət əsnasında onu da öyrəndik ki, gələn il Milli Kulinariya Mərkəzinin 20 illik yubileyidir. Mərkəz rəhbərinin fikrincə, bu münasibətlə məktəb ideyası reallaşa bilər.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2010.- 3
dekabr.- S. 7.