Almaniya səfiri Turizm İnstitutunun
qonağı olub
Dekabrın 1-də Almaniya Federativ
Respublikasının ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri Herbert Quelle Azərbaycan Turizm
İnstitutunun qonağı olub. ATİ-nin rektoru Cəfər Cəfərov
təhsil ocağı barədə səfirə ətraflı
məlumat verib.
Herbert Quelle ATİ-nin inzibati
binası ilə tanış olduqdan sonra bir neçə
auditoriyada dərs prosesini izləyib. Sonra institutun konfrans
zalında müəllim və tələbələrlə
görüşən səfir Almaniyada turizmin vəziyyəti
və gələcək inkişafı sahəsində həyata
keçiriləcək tədbirlərdən
danışıb, ölkəmizə səyahət edən
alman turistlərinin sayı və s. haqqında məlumat verib.
Tələbələrin
çoxsaylı suallarını cavablandıran səfir
mühüm bir faktı xüsusi olaraq önə çəkib:
«Ölkənizdə son vaxtlar turizm infrastrukturunun
inkişafı yolunda faydalı işlər görülür.
Bu baxımdan Bakıda və regionlarda tikilməkdə olan beynəlxalq
statuslu mehmanxana şəbəkəsini xüsusi qeyd etməliyik.
Bu tip mehmanxanalarda xidmət edəcək şəxslərin
hazırlanması və bu istiqamətdə Turizm
İnstitutunun peşə liseyi və məktəbinin yaradılması
ilə bağlı uğurlu planları alqışlamaq
lazımdır».
Səfir Almaniya ilə Azərbaycanın
qarşılıqlı tarixi əlaqələrindən də
söhbət açıb. Tələbələrin ona
ünvanlanmış «Sizcə, alman turistlər
üçün Azərbaycan hansı prizmadan daha çox
maraq kəsb edir» sualına savab olaraq səfir bildirib ki, Azərbaycana
səfər edən turistlər ətraf mühitin mühafizəsi
məsələsinə xüsusi önəm verirlər.
Qeyd edək ki, Almaniya səfiri ilə
görüş bütünlüklə alman dilində baş
tutub. Buna görə rektor Cəfər Cəfərova təşəkkür
edən diplomat ATİ tələbələrinin alman dilinin incəliklərinə
yiyələnmələri, sərbəst danışa bilmələri
üçün bundan sonra da lazımi kömək göstərəcəyinə
söz verib.
Sonda səfir ATİ-nin Kitabxana
İnformasiya Mərkəzinə səfirlik adından bir
neçə qiymətli kitab hədiyyə edib.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2010.- 3 dekabr.-
S. 7.