“Karmen”lə növbəti görüş

 

 Fransız bəstəkarı Jorj Bizenin məşhur əsəri Opera Balet Teatrında tamaşaya qoyulub

  

   Azərbaycan paytaxtının sənətsevərləri dekabrın 1-də növbəti dəfə məşhur Fransa bəstəkarı Jorj Bizenin dünya şöhrətli “Karmen” operasının tamaşasına toplaşmışdılar. Prosper Merimenin eyniadlı novellası əsasında Jorj Bizenin musiqi dili ilə yaratdığı “Karmen” hazırda Dövlət OperaBalet Teatrının repertuarını bəzəyir. Tamaşada Karmen rolunda Əməkdar artist Fidan Hacıyeva, digər rollarda Əməkdar artist İnarə Babayeva (Mikaela), Fərid Əliyev (Xoze) və Anton Feştanq (Eskamilyo) oynayırdılar.

     

   Karmenilk dəfə səhnəyə 1875-ci il martın 3-də Parisdə qoyulub. Lakin əsər o vaxt bəstəkara uğur gətirməmişdi. Çünki burjua cəmiyyəti əsərin qəhrəmanlarının xalqın nümayəndələri olmasını, operanın romantik sonluqla deyil, qısqanclıq zəminində qətllə başa çatmasını qəbul edə bilməmiş, bayağı əsər adlandırmışdı. Zaman keçdikcə “Karmenöz layiqli qiymətini aldı, dünya opera səhnəsinin incilərindən birinə çevrildi. O vaxtdanKarmenin dünya turu davam edir, ən nüfuzlu teatrlar bu əsəri mütləq öz repertuarlarına salırlar.

   Operada Merimenin novellası yeni səpkidə təqdim olunub. Bize Karmenin xarakterini məişət xırdalıqlarından təmizləyərək onun üsyankar təbiətini, daxili təmizliyini qabardıb, Xozeni isə romantik qəhrəman kimi deyil, şərəf, ləyaqət məhəbbət kimi gözəl hisslərini bir anlıq ehtirasa qurban verən zəif iradəsiz bir obraz kimi təqdim edib.

   S.Qalli-Marye, Y.Obraztsova, İ.Arxipova, M.Maksakova, F.Muxtarova kimi məşhur opera ulduzları müxtəlif illərdə yaddaqalan Karmen obrazları yaradıblar. Bu gün Karmen partiyasına öz möhürünü vuran sənətkarlardan biri Azərbaycan Opera Balet Teatrının aparıcı solisti Fidan Hacıyevadır. Bu çətin partiya onun vizit kartına, dünya opera səhnəsinə aparan yolda mayaka çevrilib. Lap elə bu yaxınlarda Romada peşəkar opera ifaçıları arasında keçirilən nüfuzlu beynəlxalq müsabiqədə uğur qazanmasında da, heç şübhəsiz, təqdim etdiyi Karmen partiyasının rolu az olmayıb

   Opera Balet Teatrındakı son tamaşada F.Hacıyeva Azərbaycan səhnəsinin Karmeni adını əbəs yerə daşımadığını bir daha təsdiq etdi. Onun qüsursuz musiqi mədəniyyəti, gözəl vokal texnikası, ehtiraslı çalarlarla zəngin messo-sopranosu, intonasiya tərzi, mükəmməl dramatik istedadı, zahiri gözəlliyi ən ciddi musiqisevərlərin zövqünü oxşadı. Tamaşada Xoze partiyasını opera səhnəmizin parlamaqda olan ulduzu Fərid Əliyev ifa edirdi. Onun Xozesi Karmeni ürəkdən sevir, lakin bu məhəbbət onu nəcibləşdirmir, əksinə, cinayət yoluna aparır. Ümumiyyətlə, tamaşada Karmen-Xoze antaqonizmi qabarıq şəkildə verilib. Karmenin ictimai çərçivəyə sığmayan çılğın təbiəti Xozenin daxili mühafizəkarlığını, zəif xarakterini qəbul edə bilmir. Münasibətlərin gərginləşərək dözülməz həddə çatmasıolum, ya ölumseçimini labüd edir. Arzularının reallıqla üst-üstə düşmədiyi bir həyatda yaşamaqdan təngə gələn Karmen Xozenin onun köksünə sancdığı bıçağı talenin qisməti kimi qəbul edir. F.Hacıyeva F.Əliyev dueti faciəli məhəbbət səhnəsini böyük ilhamla yaradır...

   Rejissor Hüseyn Əliyevin quruluş verdiyi tamaşada aktyorların mükəmməl oyunu sayəsində Azərbaycan səhnəsində “Karmen”lə daha bir görüş tələbkar və minnətdar paytaxt tamaşaçılarının gurultulu alqışları ilə başa çatdı.

 

Mədəniyyət.- 2010.- 3 dekabr.- S. 6.