«Zamanla üz-üzə» mədəniyyətlərin və təcrübələrin mübadiləsidir

 

   Vladimir Runçak: «Bu vaxta qədər digər ölkələrdə analoji layihənin reallaşmasını eşitməmişəm»

     

   Artıq bir müddətdir ki, Bakıda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konsertlər silsiləsi kimi nəzərdə tutulanZamanla üz-üzə” layihəsi həyata keçirilir. Layihənin bədii rəhbəri Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayev, koordinatoru bəstəkar Elmir Mirzəyevdir. «Zamanla üz-üzə» layihəsi çərçivəsində keçirilən konsert proqramlarının baş dirijoru isə ukraynalı sənətkar Vladimir Runçakdır.

   Qeyd edək ki, V.Runçak Ukraynanın tanınmış bəstəkar və dirijorudur. Onu öz ölkəsində istedadlı və bəxti gətirən sənətkar adlandırırlar. V.Runçak həmçinin «Ukraynada yeni musiqi» kamera ansamblının yaradıcısı və bədii rəhbəridir.

   Sənətkarın bu günlərdə Bakıda olduğunu öyrənib ondan müsahibə almaq istədik. Xahişimizi məmnuniyyətlə qəbul edən V.Runçakla Dövlət Filarmoniyasında növbəti konsert proqramının məşqi zamanı görüşüb söhbətləşdik.

     

   - Söhbətimizə rəhbərlik etdiyiniz «Ukraynada yeni musiqi» kamera ansamblı haqqında sualla başlamaq istərdik. «Yeni musiqi» deyərkən nəyi nəzərdə tutursunuz?

   - Bu kollektivi Ukraynaxarici ölkə bəstəkarlarının XX əsrdə yazdıqları klassik musiqi əsərlərini yeni üslubda ifa və təqdim etmək məqsədilə yaratdıq. «Ukraynada yeni musiqi» kamera ansamblı 1989-1990-cı illərdə Ukrayna Bəstəkarlar İttifaqının Kiyev təşkilatının kamera orkestrinin nəzdində formalaşıb. O zaman Ukraynada da, Sovet İttifaqına daxil olan digər ölkələrdə olduğu kimi, keçid dövrü yaşanırdı. Bu dövrün çətinlikləri musiqi sahəsindən də yan keçməmişdi. Müasir üslubda yazan bəstəkarlar öz əsərlərini üzə çıxarmaq, ictimaiyyətə çatdırmaq üçün yeni-yeni yollar arayır və çox vaxt müxtəlif maneələrlə üzləşirdilər. Biz uzun illər başqa ölkələrin bəstəkarlarının əsərlərini ifa etmək məcburiyyətində qalmışdıq. Belə bir zamanda hazırda «Ukraynada yeni musiqi» adlandırılan kamera ansamblını yaratmaq zərurəti yarandı. İlkin vaxtlar vəziyyətimiz heç də ürəkaçan deyildi. Çünki ildən-ilə tərkibi genişlənən, proqramı zənginləşən kollektivin real maliyyə mənbəyi yox idi. Müxtəlif ölkələrə qastrol səfərlərinə dəvət edilsək də, çox vaxt maddi imkansızlıqdan bu səfərləri gerçəkləşdirə bilmirdik.

   Nəhayət, ölkəmiz demokratik inkişaf yoluna qədəm qoydubizim fəaliyyətimiz üçünnormal şərait yarandı. Bəstəkarlar İttifaqının tərkibindən çıxıb müstəqil fəaliyyət göstərməyə başladıq. Kollektivimiz həm ifa, həm ifaçı baxımından təkmilləşdi. Artıq klassik bəstəkarlarla yanaşı, müxtəlif ölkələrin dünya səviyyəli müasir bəstəkarlarının əsərlərini də repertuarımıza daxil edirik. Belə demək mümkündürsə, yaxşı bildiyimiz bütün musiqiləri ifa edirik. Azərbaycan bəstəkarlarının musiqiləri də repertuarımızda yer alır. Qara Qarayevin, Xəyyam Mirzəzadənin, Elmira Mirzəyevanın, Fərəc Qarayevin və digər bəstəkarların əsərlərini də ifa etmişik.  

 

   - Bildiyimiz kimi, «Zamanla üz-üzə» layihəsinin ikinci mərhələsi başlayıb. Bu mərhələdə layihə çərçivəsində neçə konsert proqramı nəzərdə tutulur?

   - «Zamanla üz-üzə» Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, şəxsən nazir Əbülfəs Qarayevin təşəbbüsü ilə reallaşdırılan bir layihədir. Layihədə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifası ilə silsilə konsertlərin təşkili nəzərdə tutulur. Layihənin birinci mərhələsi 2007-2008-ci illər mövsümündə gerçəkləşib. O vaxt orkestrin ifasında 12 konsert proqramı baş tutdu. Konsertlərdə barokkoklassisizm musiqisindən müasir bəstəkarların əsərlərinədək geniş bir spektr əhatə edildi. Bir çox əsərlər Bakıda ilk dəfə səsləndi. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, hər bir proqram Azərbaycanın musiqi mədəniyyəti aləmində bir hadisə idi. Arada müəyyən səbəblərdən fasilə yarandı və nəhayət, layihənin 2010-2011-ci illər üçün ikinci mərhələsi başlandı. Layihə çərçivəsində keçirilən bütün konsert proqramları Azərbaycan Dövlət Filarmoniyasında reallaşdırılır. Bu mərhələdə 10 proqramla çıxış edəcəyik. Klassik musiqidən tutmuş müasir dövr bəstəkarlarının əsərlərinədək əhatə olunan proqramlarda təkcə mən dirijorluq etməyəcəyəm. Böyük Britaniyadan tanınmış dirijor Aleksandr İvaşkin, Almaniyadan Bernhard Vulff, İsveçrədən Simon Camartin və Azərbaycandan Fuad İbrahimov da konsertlərə dirijorluq edəcəklər. Layihə çərçivəsində bir çox xarici ifaçıların çıxışları da nəzərdə tutulub. Bunlardan Julia Purgina (Avstriya), Şeppard Skaerved (Böyük Britaniya), Oana Camartin (İsveçrə/Rumıniya), Patrisia Kopatchinskaja (İsveçrə) və Kaoko Amanonun (Avstriya) adını çəkə bilərəm.

   Layihənin əsas məqsədi müasir Azərbaycan bəstəkarlıq məktəbinin nəyə qadir olduğunu dünya ictimaiyyətinə çatdırmaqdır. Konsert proqramlarında çıxış edəcək insanların adına nəzər saldıqda bu layihənin necə böyük bir dairəni əhatə etdiyini görmək olur. Avropa ölkələrini təmsil edən bu sənətkarlar öz vətənlərində kifayət qədər tanınırlar. Layihənin əhəmiyyətini səciyyələndirən cəhətlərdən biriodur ki, dünya şöhrətli bəstəkarların bir çox əsərləri Bakıda ilk dəfə ifa olunacaq. Digər tərəfdən isə dünyanın tanınmış dirijorları Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə birlikdə görkəmli bəstəkarların əsərlərini ifa edir. Bu çox böyük bir işdir, mədəniyyətlərin və təcrübələrin mübadiləsidir. Mən bu vaxta qədər digər ölkələrdə analoji layihənin reallaşdırılmasını eşitməmişəm. İnanıram ki, «Zamanla üz-üzə» layihəsinin konsertləri ötən dəfə olduğu kimi, yenə böyük maraqla qarşılanacaq.

  

   - Layihə çərçivəsində digər ölkələrdə də çıxışlarınız nəzərdə tutulurmu?

   - Xeyr, bu konsertlər yalnız Bakıda keçiriləcək. Amma hələ 2007-2008-ci illərdə layihənin birinci mərhələsində biz müxtəlif ölkələrdə, o cümlədən Bolqarıstanda, Türkiyədə bir neçə proqramla çıxış etməyi planlaşdırırdıq. Lakin həmin ölkələrdə tərəfdaşlarımızın maliyyə problemləri bunu həyata keçirməyə imkan vermədi.

  

   - Yəqin ölkəmizdə daha öncələr də olmusunuz. Azərbaycan, onun mədəni həyatı haqqında nə deyə bilərsiniz?

   - 2000-ci ildən etibarən hər il Bakıya gəlirəm. Xüsusilə də 2001-ci ildən Azərbaycanın müasir musiqi kollektivlərindən biri olan «SoNoR» ansamblı ilə yaxından çalışmağa başlayandan Bakıda tez-tez oluram. Bu kollektivlə mən elə həmin il Berlindəki məşhur “Konzerthaus” zalında «Young. Euro. Classic» festivalında uğurlu çıxışlar etmişik. Bakıya hər gəlişimdə burada mədəni həyatda yeniliklər, dəyişikliklər müşahidə edirəm. Onu da deyim ki, buraya ilk dəfə gələnə qədər yalnız Azərbaycan klassik bəstəkarlarının əsərləri ilə tanış idim. Bizə konservatoriyada Üzeyir Hacıbəyli, Qara Qarayev, Arif Məlikov, Fikrət Əmirovun əsərləri haqqında məlumat vermişdilər. Amma müasir bəstəkarların musiqiləri haqqında təsəvvürüm belə yox idi. Zaman keçdikcə əlaqələrim yarandı, Azərbaycana gəlib getməyə başladım. İndi isə demək olar ki, bütün müasir bəstəkarları tanıyıram, onların əsərləri ilə yaxından tanışam. Bu bəstəkarların əsərləri dünya səviyyəsində həm texniki, həm də yaradıcılıq baxımından tanınır, sevilir və öyrənilir. Bayaq adlarını çəkdiyimi Fərəc Qarayevin, Elmir Mərzəyevin, Xəyyam Mirzəzadənin əsərləri dünyanın tanınmış səhnələrində ifa edilir.

   Burada olduğum müddətdə ölkəniz haqqında təəssüratım da zənginləşib. İnsanlarınız qonaqpərvər və xeyirxahdır. Bunu sözgəlişi söyləmirəm, həqiqət kimi deyirəm. Sənətimlə əlaqədar dünyanın bir çox ölkələrində olmuşam. Amma azərbaycanlılar kimi istiqanlı millət deyərdim ki, bir də ukraynalılardır (gülür). Mən özümü Bakıda həmişə öz evimdəki kimi hiss etmişəm. Üstəlik, şəhərdəki dəyişikliyi hər gəlişimdə hiss edirəm. Hündürmərtəbəli binalar, təmir olunmuş, gözoxşayan mədəniyyət obyektləri insana yaradıcılıq ruhu verir. Sevindirici haldır ki, müasirliyinə görə London, Paris və digər Avropa ölkələri ilə müqayisə edilə biləcək Bakı eyni zamanda öz qədimliyini də qoruyub saxlaya bilir. Bu fakt çox mühümdür. Çünki hər bir millət öz qədimliyi və tarixi ilə tanınır.

   Mən bir məqamla bağlı da fikirlərimi bildirmək istəyirəm. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, şəxsən cənab nazir mədəniyyətinizin və musiqinizin təbliğinə çox böyük diqqət yetirir. Layihənin birinci mərhələsində keçirilən konsert proqramlarının birində mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin konsert zalında adi vətəndaşlarla birlikdə oturub proqramı izləməsini böyük maraqla qarşılamışdım. Bu onu göstərir ki, o, hər şeydən öncə bir vətəndaş olaraq mədəniyyətin, sənətin təəssübünü çəkir.

  

   Söhbətləşdi:

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2010.- 3 dekabr.- S. 5.