Gənc
musiqiçilərimiz Rusiyanın birinci
xanımının “Minnətdarlıq diplomu”na layiq görülüblər
Moskvada gənc klassik musiqi
ifaçılarının “Parlayan ulduzlar Kremldə” II Beynəlxalq
festivalının qala-konserti olub. Festivalda ölkəmizi Nicat
Məmmədov (fleyta) və Emil Bağırov (klarnet) layiqincə
təmsil ediblər. Layihə Rusiya Federasiyası prezidentinin
xanımı, Sosial-Mədəni Təşəbbüslər
Fondunun prezidenti Svetlana Medvedevanın təşəbbüsü
ilə həyata keçirilib. Festivalın digər təşkilatçıları
Vladimir Spivakov adına Beynəlxalq Xeyriyyə Fondu və MDB
ölkələrinin Beynəlxalq Humanitar Əməkdaşlıq
Fondu olub.
Kremlin Aleksandr salonunda baş tutan yekun konsert festivalın
əsas hadisəsi olub. Konsertdə Azərbaycan,
Rusiya, Ukrayna, Belarus,
Moldova, Qazaxıstan, Qırğızıstan,
Latviya və s. ölkələrin ən istedadlı gənc musiqiçiləri iştirak
ediblər. Onlar dünya şöhrətli
kollektiv - maestro Vladimir Spivakovun
idarə etdiyi “Moskva virtuozları” kamera orkestri ilə bir səhnəni
paylaşıblar.
Konsertdən sonra musiqiçilərə
Rusiyanın birinci xanımı Svetlana Medvedevanın
“Minnətdarlıq diplomu”,
müxtəlif mükafat
və hədiyyələr
təqdim olunub. Tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin
əməkdaşları iştirak
ediblər.
Qeyd edək ki, “Parlayan ulduzlar Kremldə” II Beynəlxalq festivalının iştirakçısı
Nicat Məmmədov
2004-cü ildə F.Əmirov
və N.Əliverdibəyov
adına Respublika müsabiqəsinin
birinci mükafatına
layiq görülmüşdür.
2007-ci ildə onun adı “Qızıl kitab”a salınıb və o, Azərbaycan Prezidentinin təqaüdünə layiq
görülüb. O, dəfələrlə
ABŞ, Hollandiya, Fransa,
Rusiya və s. ölkələrdə beynəlxalq
musiqi festivallarında,
habelə Bakıda Mstislav Rostropoviç adına beynəlxalq
festivalda iştirak edib.
Emil Bağırov
da Mstislav Rostropoviç adına
Beynəlxalq musiqi festivalında iştirak edib. Hər iki musiqiçi
M.Rostropoviç Fondunun
təqaüdçüsüdür.
Emil və Nicat
hazırda Vladimir Spivakovun
idarə etdiyi Gənclər Simfonik Orkestrinin solistləridir.
Mədəniyyət.- 2010.- 3 dekabr.- S. 4.