İordaniyada Azərbaycan Mədəniyyəti Günləri möhtəşəm
konsertlə başa çatdı
Xəbər verdiyimiz kimi, noyabrın
30-da İordaniyada Azərbaycan
Mədəniyyəti Günlərinə start verilib. Həmin
gün Azərbaycanın
mədəniyyət və turizm
naziri Əbülfəs
Qarayev İordaniyanın
turizm və tarixi abidələr naziri Zeyd Qussus və
mədəniyyət naziri Nəbih
Şakumunla da görüşüb, ikitərəfli əlaqələr
müzakirə olunub.
Azərbaycan nümayəndə heyətini İordaniya şahzadəsi Haşim İbn Əl Hüseyn qəbul edib. Rəsmi görüşlərdən sonra M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası ilə İordaniya Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Azərbaycan mədəniyyətini, tariximizi əks etdirən, eyni zamanda Qarabağa həsr olunmuş kitablar İordaniya Milli Kitabxanasına hədiyyə edilib.
Mədəniyyət Günlərinin Əmman şəhərindəki Kral Mədəniyyət Mərkəzində keçirilən təntənəli açılışında iki ölkə nazirləri çıxışlar edib, sonra Azərbaycan mədəniyyət ustalarının maraqlı konsert proqramı təqdim edilib. Açılış mərasimindən sonra nazir Əbülfəs Qarayev Azərbaycanın İordaniyadakı səfirliyində iordaniyalı jurnalistlər üçün mətbuat konfransı keçirib.
«Azərbaycan ənənə və müasirliyin qovşağında» adlı fotosərgidə ölkəmizin tarixi və mədəniyyəti, zəngin memarlıq ənənələri, turizm potensialı və təbiət mənzərələri, müasir inkişafı nümayiş olunub.
Nümayəndə heyətinin tərkibində İordaniyada olan “Mədəniyyət” qəzetinin baş redaktoru İntiqam Hümbətovun bildirdiyinə görə, dekabrın 1-də Azərbaycan incəsənət ustaları paytaxt Əmmanla yanaşı, Zarka şəhərində də rəngarəng konsert proqramları ilə çıxış ediblər. Konsertlərdə Xalq artisti Afaq Məlikovanın rəhbərliyi ilə Dövlət Rəqs Ansamblının kollektivinin, Əməkdar artist Məcnun Kərimovun rəhbərliyi ilə Qədim Xalq Çalğı Alətləri Ansamblının ifasında milli rəqslərimiz və musiqi nömrələri təqdim olunub, xanəndələr İlkin Əhmədov, Vəfa Orucova, müğənnilərdən əməkdar artistlər Nuriyyə Hüseynova, Teyyub Aslanov və başqaları çıxış ediblər.
Tədbirlərdə İordaniyanın Mədəniyyət Nazirliyinin rəsmiləri, Azərbaycanın İordaniyadakı fövqəladə və səlahiyyətli səfiri Elman Araslı, digər rəsmi şəxslər iştirak edib.
Dekabrın 2-də Əmmandakı Milli İncəsənət Mərkəzində Azərbaycan Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib. Azərbaycan incəsənət ustaları möhtəşəm konsert proqramı ilə çıxış edib. Dövlət Rəqs Ansamblının ifasında “Qobustan”, “Uzundərə”, “İgidlər”, “Nəlbəki”, “Qarabağ”, “Odlar yurdu” milli rəqsləri, habelə “Qavalla rəqs” və “Qılıncla rəqs” nümunələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qədim Xalq Çalğı Alətləri Ansamblının ifasında qədim Azərbaycan türküsü, Emin Sabitoğlunun “Şirin dil” musiqi nömrələri, azərbaycanlı xanəndələr İlkin Əhmədovun, Vəfa Orucovanın, qarmon ifaçısı Etibar Qasımbəylinın, çəqanə ifaçısı Munis Şərifovun, müğənnilərdən əməkdar artistlər Nuriyyə Hüseynova, Teyyub Aslanov və başqalarının çıxışları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
İordaniyada Azərbaycan Mədəniyyəti
Günlərinin təşkili iki ölkə arasında
qarşılıqlı mədəni əməkdaşlığın
inkişafı, xalqların bir-birini daha yaxından
tanıması, Azərbaycan mədəniyyəti və incəsənətinin
təbliği istiqamətində mühüm
mədəniyyət hadisəsi kimi yadda
qaldı.
Mədəniyyət.- 2010.- 3
dekabr.- S. 2.