Gülüş kralı
1973-cü il dekabrın 9-da müasirlərinin “Gülüş kralı” adlandırdıqları Lütfəli Abdullayev 59 yaşında dünyasını dəyişdi. Ölümündən 37 il keçməsinə baxmayaraq o yaşayır. Rolları, xoş xatirələri ilə...
O, sənətkar kimi
çox xoşbəxt idi.
Ömrü boyu səhnəyə
alqışlarla gəldi, səhnədən alqışlarla getdi...
O, aktyor kimi çox istedadlı idi, irili-xırdalı bütün
rolları qibtə doğururdu...
O, tərəf-müqabil kimi əvəzsiz idi.
İstənilən tamaşada onunla oynamaq sənət
dostlarına şərəf gətirərdi...
O, insan kimi bütöv idi, şəxsiyyəti ilə sənəti bir-birini tamamlayırdı...
...Bütün bunlara görə Allah-Təala sevdiyi bəndəsini xoş bir gündə, 1914-cü il martın 22-də - Novruz bayramında dünyaya gətirmişdi. Özü də adi bir məkanda yox, dünyanın gülüş ocaqlarının birində - keçmiş Nuxada, indiki Şəkidə. Günlərin birində o, gülüşünü də götürüb yola çıxacaqdı və bu yol onu elə bir zirvəyə aparacaqdı ki, Lütfəli yaşından, milliyyətindən asılı olmayaraq bütün insanları güldürəcəkdi. Hətta, gülüşü oğurlanmışları da...
Xalqına, millətinə gülüş bəxş edən, roldan-rola dəyişən, başqalaşan Lütfəli Abdullayevin bütün rolları bənzərsiz idi. “Köhnə dudman”da Tağı, “Çiçəklənən arzular”da Nadir, “Dərviş Məstəli şah”da Qulaməli, “Hacı Qara”da Hacı Qara, “Beş manatlıq gəlin”də Möhsün, “Gözün aydın”da Qəhrəman, “Hardasan, ay cavanlıq”da Qüdrət Səda, “Axırı yaxşı olar”da Cabbar və neçə-neçə belə saysız-hesabsız rollara, obrazlara o həyat vermişdi.
Lütfəli Abdullayev səhnədə möcüzələr yaratdığı kimi, həm də gözəl kino aktyoru idi. Kinoda ilk uğurlu rolu rejissorlar Rza Təhmasibin və Nikolay Leşşenkonun 1945-ci ildə lentə aldıqları “Arşın mal alan” filmindəki Vəli rolu olsa da, “Əhməd haradadır?”da Zülümov, “Ulduz”da Məhəmməd, “Qəribə əhvalat”da Kefçilov, “O olmasın, bu olsun”da Baloğlan rolları milli kinomuzun çox sevilən obrazlarına çevrildi.
Onun ömrünə haradansa, bəlkə elə göylərdən qəribə bir işıq seli axmışdı. O da səxavətlə bu nurdan ətrafındakılara paylayırdı.
Söz vaxtına çəkər, 1999-cu ilin soyuq dekabr günlərindən biri idi. Lütfəli Abdullayevin evində onun ömür-gün yoldaşı Sevda xanım Pepinova kövrək, şirin xatirələrini, öz həyat hekayəsini özünəməxsus təmkinlə mənə danışırdı.
Haşiyə: İllər keçib gedib, Sevda xanım dünyasını dəyişib, ancaq onun danışdığı xatirələr yaşayır, həm də onları yaşadır. Bu xatirələr ekranda gördüyümüz, sevdiyimiz Lütfəli Abdullayevin görünməyən tərəfləri haqqında ən gercək həqiqətlərdir. Böyük sənətkar və böyük insan haqqında əsl həqiqətlər. Sevda xanım “O, tək yaxşı insan yox, həm də yaxşı ər, arxa, yaxşı dost, yaxşı ata idi” - deyərək həyat hekayətini danışmağa başladı.
İlk görüş
- Müharibənin ağır illəri idi, əhali ərzaq sarıdan korluq çəkirdi. O vaxtlar incəsənət adamlarına “propusk” verirdilər ki, yeməkxanada pulsuz yemək yesin. Anam Xurşid xanım Ağayeva incəsənət adamı olduğuna görə onun da belə bir güzəşti vardı. Anamın yerinə yeməkxanaya həmişə mən gedərdim. Bir neçə dəfə biz onunla eyni stolda oturub yemək yedik. Söhbətlərimizin birində dedi ki, Musiqili Komediya Teatrında işləyir. Mən teatr həvəskarı idim, ancaq o vaxtacan bilmirdim ki, Azərbaycanda belə bir teatr da var. Növbəti görüşlərin birində o mənə dəvətnamə verib “Ürəkçalanlar” komediyasının premyerasına dəvət etdi. Bir müddətdən sonra aramızdakı sevgidən ailəmiz xəbər tutsa da, aktyor olduğuna görə bu işə razılıq vermədilər.
“Lütfəli mərd idi”
Haşiyə: Yadımdadır, Sevda xanım Pepinova söhbətinə bir anlıq ara verdi. Cavanlıq təravətini hələ də qoruyub saxlayan gözəl siması, uşaq gözləri kimi saf, duru gözləri bir andaca doldu. Söhbətinə davam etdi:
- O zaman ailəmizin vəziyyəti çox da yaxşı deyildi. Babam Həsən bəy Ağayev Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədr müavini, atam isə Cümhuriyyət hökumətinin əmək naziri Əhməd bəy Pepinov olduğu üçün ailəmiz “xalq düşməni” ailəsi sayılırdı. 1937-ci ildə atamı güllələmişdilər. Sözsüz ki, xalq düşməninin qızına o vaxt yaxın düşən yox idi. Amma Lütfəli heç nəyə baxmadı. Onun belə mərdliyi mənə hər şeydən əziz idi.
Biz 1948-ci ildə evlənmək istəsək də, bu istəyimiz ancaq 1956-cı ildə baş tutdu. Bu illər ərzində anam rəhmətə getdi, 1955-ci ildə atamın bəraətini aldım. Ondan sonra mənimlə evlənmək istəyənlərin sayı çoxaldı. Ancaq mənim onların heç birinə inamım qalmamışdı. Ona görə də dedim ki, ailə qursam, Lütfəli ilə quracağam. Bir ay nişanlı qalandan sonra, toyumuz oldu. O, hətta icazə vermədi ki, soyadımı dəyişim. Dedi, sənin atanın oğlu yoxdur, öz soyadını daşı.
Nənəm iki il ərzində Lütfəlidən o qədər hörmət gördü ki, rəhmətə gedəndə dedi ki, səndən arxayın gedirəm. O, sözün əsl mənasında kişi idi. Həm ər kimi, hər arxa kimi, həm dost kimi.
Ciddi insan
Səhnədə hər kəsi güldürməyi bacaran böyük aktyor görəsən həyatda necə idi?
- Lütfəli həyatda çox ciddi insan idi.
Onun həyatdakı obrazı ilə səhnə obrazı heç vaxt düz gəlməzdi.
Özü deyərdi ki,
mən yas yerinə getməkdən çəkinirəm. Məclisə girən kimi hamı başlayır gülməyə, yas yaddan çıxır, qalıram pis vəziyyətdə. Toya getməkdən
də xoşu gəlməzdi, deyirdi toya gedəndə hamı deyir gülməli bir söz danış. Mən də səhnədə aktyoram, həyatda aktyor deyiləm ki. Lütfəli öz dostlarının
əhatəsində xudmani
məclisləri xoşlayardı.
Sevda xanım danışırdı
ki, milyonlarla tamaşaçısı olan
aktyorun barmaqla sayılacaq qədər dostları vardı: Şəmsi Bədəlbəyli,
Süleyman Rüstəm,
Şıxəli Qurbanov,
Bəşir Səfəroğlu,
Vasif Adıgözəlov
və bir də Bəxtiyar Vahabzadə.
Haşiyə: İllər sonra bu dostlardan yalnız
biri sağ qalmışdı: Xalq şairi Bəxtiyar Vahabzadə. Yaxşı yadımdadır, ömrünün son illəri
idi. Lütfəlidən danışıb uşaq kimi ağladı. Əsl
dost kimi...
Yenə Sevda xanımın
söhbətinə qayıdaq.
Lütfəlinin dostlarının arasında Bəşir Səfəroğlu da vardı. O Bəşir
Səfəroğlu ki,
xoş bir təsadüf onu səhnəyə gətirdi.
- Bəşir əvvəllər bizim
“Pobeda” maşınımızı sürərdi. Lütfəli Bəşirin çox
istedadlı olduğunu
görüb rayonlara qastrola gedəndə ona da tamaşalara
rol verərdi. Çünki o bütün rolları
əzbərdən bilərdi.
Günlərin birində Lütfəli
Musiqili Komediya Teatrının direktoru Şəmsi Bədəlbəyliyə
deyir ki, hazır aktyorumuz var, istəyirsiniz? O vaxtdan da Bəşir
səhnəyə gəldi
və böyük aktyor oldu...
“Mən anadangəlmə aktyoram”
Haşiyə: Sevda xanım xatirələrini açıb
söylədikcə nurlu
siması bir az da nurlanırdı. Lütfəli həmişə deyərmiş ki, mən anadangəlmə aktyoram. Şəmsi isə (Şəmsi
Bədəlbəyli - red.) deyərdi
ki, sən Allah fikir ver, Lütfəli
rolunu əzbərləsin.
Məşqə gəlir, rolunu
əzbərdən bilmir.
Lütfəli də mənə
deyirdi ki, sən Şəmsinin sözünə baxma, rolu əzbərləməzlər,
gərək o, ürəkdən
gəlsin. O, ömründə
oturub söz əzbərləməzdi. Hərdən ərəb əlifbası
ilə cib dəftərcəsinə qeydlər
edərdi. Rolunu da
ancaq məşq zamanı öyrənərdi.
Bir xatirənin işığı
O, özünü
bir sənətkar kimi xoşbəxt sayırdı. Çünki üzərində Allahın nəzəri vardı. Bunu həyatı boyu
sınamışdı. Ətrafındakı insanlar da buna əmin idilər.
Sevda xanım danışırdı ki, bir dəfə onları İsmayıllı rayonunun ucqar bir kəndinə qonaq aparmışdılar. Ev yiyəsi dedi ki, bir bulaq var, gedək ora. Qonşular dedilər ki, bəs o bulaq çoxdan quruyub. Lütfəli inad etdi, dedi ki, gedəcəyik, vəssalam! Yığışıb getdik. Ora çatanda gördük ki, bulaqdan şırhaşırla su axır. Hamı mat-məəttəl qaldı. Sonra mənə deyirdi ki, o vaxt ürəyimdə tutmuşdum ki, mən xoşbəxtəmsə, bulaqdan su gələcək...
Onun hobbisi yaxşılıq etmək idi
- Maaş günündə gələrdi evə, deyərdim, ay Lütfəli, hanı maaşın? Deyərdi filankəsin çətinliyi vardı, ona vermişəm. Elə geniş qəlbli adam idi Lütfəli. Teatrda elə adam olmazdı ki, ona əl tutmasın. Qastrola gedəndə bütün tanış-bilişə pay gətirərdi. Bəlkə ona görə də onun simic adamlardan acığı gələrdi.
Lütfəli uşaqları çox istəyirdi. Əvvəldən deyərdi ki, uşaqlara qarşı məndən ciddilik gözləmə, necə istəyirsən elə də tərbiyə et. Mən onlara qarşı ciddi, tələbkar ola bilmərəm. Ona görə də uşaqlar atalarını daha çox istəyirdilər. Ancaq o deyərdi ki, uşaqlar hansı sənəti istəyirlər seçsinlər, artistlikdən başqa.
Kimin
nə dərdi vardı, onun üstünə
gələrdi. Hansısa bir kolxoza traktor
lazım idi. Kənd
Təsərrüfatı Nazirliyinə
Lütfəli gedərdi,
birinin xəstəsi olardı, həkimi o tapardı, heç yerdə də “yox” sözünü eşitməzdi bu adam.
O, insan, sənətkar, dost, həyat yoldaşı, hətta, ata kimi də bənzərsiz idi. Həyatında zəhmətlə sənət, sənətlə şöhrət birləşmişdi. Dünyaya baharda gəlsə də, bir qış günü 59 yaşında dünyasını dəyişdi. 59 ilə sığmayan bir sənəti oldu...
Təranə Vahid
Mədəniyyət.-
2010.- 8 dekabr.- S. 13