Böyük nəslin layiqli
davamçısı: Tofiq Bakıxanov
Azərbaycan tarixinin,
mədəniyyətinin və incəsənətinin
inkişafında Bakıxanovlar nəslinin müstəsna xidmətləri
olub. Bu mənada Abbasqulu ağa
Bakıxanovun, Məmmədxan Bakıxanovun, Əhmədxan
Bakıxanovun adlarını xüsusi qeyd edə bilərik. Çünki
bu şəxsiyyətlər ədəbiyyatda,
elmdə, mədəniyyətdə yeni yollar açıblar. Onların layiqli davamçılarından biri sevimli bəstəkar, Xalq artisti, professor,
«Şöhrət” ordenli Tofiq
Bakıxanovdur.
Tofiq
Əhmədxan oğlu Bakıxanov 1930-cu il dekabrın 8-də Bakıda anadan
olub. Musiqiyə sevgisi
elə erkən yaşlarından başlayıb. Bu da təbiidir. Çünki o, məhşur
tarzən Əhmədxan Bakıxanovun ailəsində böyüyürdü. Əhmədxan Bakıxanov
milli və professional musiqimizin inkişafında
mühüm rolu olan bir sənətkar
idi. Onun ailəsində dahi
Üzeyir bəy başda olmaqla dövrünün ən görkəmli elm və incəsənət xadimləri
tez-tez qonaq olardılar. Belə bir
mühitdə böyüyən
Tofiq Bakıxanov da qəlbən, ruhən musiqiyə bağlanır. Onun istedadını
görən atası oğlu Tofiqi Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki
10 illik musiqi məktəbinin skripka sinfinə yazdırır.
Yaxşı olardı
ki, o illəri Tofiq müəllimlə birgə xatırlayaq:
«Əvvəla,
çox xoşbəxtəm
ki, mənim nəslim-nəcabətim xalqımızın
görkəmli ziyalıları
olub. Təbii ki, belə bir şəcərənin
nümayəndəsi olmaq
nə qədər xoşbəxtlikdirsə, o qədər
də məsuliyyətlidir.
Odur ki, daim bu
nəslin adını
uca tutmağa, onların yolunu layiqincə davam etdirməyə çalışmışam.
Erkən
yaşlarımdan məhz
bu düşüncə
ilə yaşamışam.
Çünki bu cəhət
böyüyüb, boya-başa
çatdığım ailənin
ən ümdə meyarı idi. Atam Əhmədxan Bakıxanov
çox istedadlı, mahir bir tarzən
olduğundan onun sənət aləmində
xüsusi xidmətləri
vardı. Demək olar
ki, mən hər gün atamın tarının sədalarını eşidirdim.
Musiqiyə sevgim də
elə o tardan başlayıb. Dahi Üzeyir
bəy başda olmaqla demək olar ki, o dövrün
bütün ziyalıları,
elm və incəsənət
xadimləri tez-tez atamın qonağı olardılar. Mən də
uşaq olmağıma
baxmayaraq onlardan eşitdiyim sənət söhbətlərini, maraqlı
fikirləri özüm
üçün bir dərs kimi qəbul edirdim. Atam musiqiyə həvəsli olduğumu görüb dahi Üzeyir bəylə mənim barəmdə məsləhətləşdi.
Onlar çox yaxın dost idilər. Üzeyir bəyin tövsiyəsi ilə
1937-ci ildə məni
o vaxtkı 10 illik musiqi məktəbinin (indiki Bülbül adına məktəb)
skripka sinfinə qoydular. Sual yarana bilər.
Nə üçün məhz skpirkaya? Çünki Üzeyir bəy
də, elə atam da professional musiqi üzrə, yəni dünya musiqi xəzinəsinə
aid olan əsərləri
ifa etmək üçün milli kadr hazırlığına
xüsusi diqqət verirdilər. Bu minvalla mən görkəmli skripkaçı
Simbirovdan dərs aldım. Təhsil illərim çox
maraqlı və uğurlu keçirdi.
Uğurlu deyirəm ona
görə ki, mən dəfələrlə
dahi Üzeyir bəyin qarşısında
çıxışlar etmişəm
və o da məndən çox razı qalıb. Bu mənada 1947-ci ildə dahi Nizami Gəncəvinin 800 illik yubileyinə həsr olunan tədbirlərdəki çıxışımı
misal göstərə
bilərəm. Mən həmin
tədbirdə o dövrün
ən mötəbər
sənətkarı ilə
bir səhnədə çıxış etmişəm.
Əlbəttə, belə xatirələr
olduqca unudulmazdır.
Bir də ki, sənətdə
hansı uğurlara
nail olmuşamsa, bunun üçün boya-başa
çatdığım ailəyə,
mənə yol göstərən müdrik
sənətkarlara və
unudulmaz müəllimlərimə
minnətdaram».
Bəli, elə biz də
o şəxsiyyətlərə minnətdarıq ki, onlar mədəniyyətimizi
inkişaf etdirəcək
layiqli sənətkarlar
yetişdiriblər. Bu mənada Tofiq Bakıxanovun milli və professional musiqimizdə
özünəməxsus yeri
var. O, xalqımızın hörmətli
və sevimli sənətkarıdır. Bu
hörmət və sevgini Tofiq müəllim
öz istedadı, savadı və zəhməti sayəsində
qazanıb. O, həmişə
öz çalışqanlığı
ilə sənətkarların
diqqətini cəlb edib. Bu yerdə Tofiq Bakıxanovun ilk sənət müəllimi
Simbirovun onun barəsində fikirlərini
nəzərinizə çatdıraq:
«Mənim
şagirdlərim arasında
Tofiq Bakıxanov ən istedadlı və əməksevər skripkaçıdır. Onda hələ
uşaq yaşlarından
artistlik, səhnə mədəniyyəti özünü
büruzə verirdi.
Mən öz yetirməmlə öyünürəm. Onun yaradıcılığını,
respublikada gənc kadrların yetişdirilməsində
rolunu diqqətlə izləyirəm». (R.Zöhrabov «Bəstəkarlarımız
haqqında söz».
Bakı,
1995, səh. 68)
Tofiq Bakıxanov onillik musiqi məktəbini başa vurandan sonra Ü.Hacıbəyli adına Azərbaycan
Dövlət Konservatoriyasının
(indiki Bakı Musiqi Akademiyası) skripka və bəstəkarlıq siniflərini
müvəffəqiyyətlə bitirib. Beləliklə, mahir skripkaçı
birdən-birə bəstəkarlığa
üz tutdu. Gəlin, bu barədə də elə Tofiq müəllimin öz fikirlərini təqdim edək:
«Düzdür,
musiqiyə ifaçı
kimi qədəm qoydum. Təbii ki, hər bir bəstəkar da hər hansı
bir musiqi alətində mükəmməl
çalmağı bacarmalıdır.
Mənim
də sənət taleyim skripka ilə başladı.
Amma, hələ erkən yaşlarımdan bəstəkarlığa
da meylim olub. Hərdən bir skripka üçün xırda pyeslər də yazırdım. Konservatoriyada oxuyarkən bir gün ürəklənib
görkəmli sənətkarımız
Qara Qarayevə yaxınlaşdım və
bu barədə onunla bir söhbətimiz
oldu. Sonra bir neçə
skripka əsərimi ona göstərdim. Qara müəllim onları bəyənərək məni
öz sinfinə qəbul etdi. Bu da mənim
üçün daha bir xoşbəxtlikdir ki, Qara Qarayev
kimi dünya şöhrətli sənətkardan
bəstəkarlıq dərsi
almışam».
Bəstəkarlıq sənətinin sirlərinə
yiyələnən Tofiq
Bakıxanov musiqinin müxtəlif janrlarında
qələmini sınayaraq
çox dəyərli
sənət əsərləri
yaradıb. Bu əsərlərdən
bir neçəsinin adını çəkmək
yerinə düşər:
«Xəzər balladası»
(1968-ci il), «Şərq
poeması» (1976), «Xeyir
və Şər»
(1990) birpərdəli baletləri,
«Altı qızın biri pəri» (1964), «Məmmədəli kurorta gedir» (1969), «Qız görüşə tələsir»
musiqili komediyaları,
müxtəlif alətlər
üçün 24 sonata, simfonik
orkestrin müşayiəti
ilə 26 konsert, daha neçə-neçə
vokal və instrumental əsərlər məhz Tofiq Bakıxanovun musiqi xəzinəmizə bəxş etdiyi töhfələrdir.
Bu sənət
inciləri içərisində
bəstəkarın milli
musiqi irsindən bəhrələnərək qələmə
aldığı əsərləri
də var ki, bunlar da
Tofiq müəllimin yaradıcılığında xüsusi qeyd olunmalıdır. Həmin
əsərlər sırasına
bəstəkarın «Dügah»,
«Humayun», «Nəva», «Rahab» və «Şahnaz» simfonik muğamlarını, milli
çalğı alətimiz
olan ulu tarımız üçün
yazdığı tar konsertlərini
və bu konsertlərin ilk və mahir ifaçısı hörmətli sənətkarımız
Xalq artisti Ramiz Quliyevə həsr etdiyi «Ramiznamə» əsərinin
və başqalarının
adını çəkə
bilərik. Bu əsərləri ilə Tofiq Bakıxanov milli musiqi intonasiyalarına
əsaslanan professional sənət
nümunələri yaradıb.
Bəstəkarın milli musiqiyə
münasibəti onun bu kökə dərindən bağlı
olmasının ən
gözəl təzahürüdür.
Bu cəhət sənətkarın mahnılarının
da əsas qayəsidir. Onu da qeyd edək ki, Tofiq müəllimin
mahnıları onun yaradıcılığında xüsusi yer tutur. Bunlardan «Sevməyir qoy sevməsin», «Azərbaycan gölləri», «Sevən könül», «Özbək
bacı», «Yaylaqların
mahnısı», «Gözəlliklər
məskəni» və başqalarının adını
çəkə bilərik.
Tofiq Bakıxanov yaradıcılığının
ilk dövrlərindən bu
günə qədər
həm ifaçı,
həm də bəstəkar kimi müxtəlif festivalların
iştirakçısı olub.
Sənətkar 1969-cu ildə
Parisdə keçirilən
VII Beynəlxalq rəqs
festivalında, 1998, 2000, 2001-ci illərdə Quzey Kıbrıs Türk Cümhuriyyətində keçirilən
II, IV, V beynəlxalq «Bellapois»
musiqi festivalında, Moskvada, Tbilisidə, son illər isə İstanbul, İzmir və Tehranda müəllif konsertlərlə
çıxış edib.
O, gərgin yaradıcılıq irsinə
və qastrol səfərlərinə baxmayaraq
pedaqoji fəaliyyətinə
də xüsusi diqqət yetirir. Tofiq Bakıxanov uzun illərdir ki, Ü.Hacıbəyli adına Bakı
Musiqi Akademiyasında
«Kamera ansamblı» kafedrasında çalışır.
1983-cü ildən professordur. Bəstəkar
xidmətlərinə görə
1990-cı ildə «Xalq
artisti» fəxri adına layiq
görülüb, 2000-ci ildə
isə «Şöhrət
ordeni» ilə təltif olunub.
Hörmətli sənətkarımızın 80 yaşı tamam olur. Sənət dünyamızda özünə layiq yeri olan Tofiq Bakıxanovun yubileyi geniş tədbirlərlə qeyd ediləcək. Belə ki, dekabrın 22-dən başlayaraq bəstəkarın yaradıcılığına həsr olunan konfrans və festival keçiriləcək. Burada Tofiq müəllimin həyat və yaradıcılığına dair məruzələr söyləniləcək və bəstəkarın əsərləri səslənəcək. Bir neçə gün davam edəcək bu festivalda dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilər də çıxış edəcəklər.
Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə keçirilən bu festival bir daha Tofiq Bakıxanovun sənətinə və yaradıcılığına verilən yüksək qiymətin bariz nümunəsidir. Tofiq müəllim də öz istedadı və zəhməti sayəsində bu sənət zirvəsini fəth edib. Odur ki, bu uğurlara nail olmaq onun tam mənəvi haqqıdır. Tofiq müəllim öz sənətkarlığı ilə əsl vətəndaş mövqeyindən çıxış edərək həm mədəniyyətimizə gözəl səhifələr yazıb, həm də mənsub olduğu Bakıxanovlar nəslinin layiqli davamçısıdır. Hörmətli sənətkarı bir daha anadan olmasının 80 illiyi münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Səadət Təhmirazqızı,
Musiqişünas
Mədəniyyət.-
2010.- 8 dekabr.- S. 12.