Hər bir xalq öz
sərvətinə sahib
çıxmağı bacarmalıdır
«Orta əsr Azərbaycan
əlyazmalarında səyahətnamələr» mövzusunda elmi-praktik konfrans keçirildi
Dekabrın 3-də Azərbaycan Turizm İnstitutunda «Orta əsr Azərbaycan əlyazmalarında səyahətnamələr»
mövzusunda elmi-praktik
konfrans keçirildi. Tədbirdə Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin, AMEA-nın Əlyazmalar, Şərqşünaslıq
institutlarının, Qafqaz Universitetinin
əməkdaşları, İran İslam Respublikasının ölkəmizdəki
səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri
İbrahim Nuri, ATİ-nn müəllim və tələbələri
iştirak edirdilər.
Konfransı giriş sözü ilə açan ATİ-nin rektoru Cəfər Cəfərov iştirakçıları salamlayaraq tədbirin mövzusunun aktuallığını diqqətə çatdırdı: «Xalqı xalq edən, toplumdan fərqləndirən faktorlardan biri onun mədəni irsinin zənginliyidir. Tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan zaman-zaman mədəniyyətlərarası dialoqa körpü olub. İnanıram ki, bu konfrans da mənəvi yaddaşımızın bayramı kimi iştirakçıların xatirində qalacaq».
Sonra söz konfrans iştirakçılarına verildi. İlk məruzəni
AMEA Əlyazmalar İnstitutunun
əməkdaşı, filologiya
elmləri doktoru, dosent Kamandar Şərifli etdi. O,
konfrans iştirakçılarını
«Azərbaycan əlyazma
kitabının təşəkkülü
və inkişafı»
üzrə aparılan
araşdırmalarla tanış etdi. K.Şəriflinin sözlərinə
görə, əlyazma
kitabları əsrlərdən
bəri uzun bir yol keçərək,
bu günümüzə
gəlib çıxıb:
«İlk əlyazma kitabının mənşəyi
Şumer lövhələrindən
başlayır, sonra papirus üzərində, dəri üzərində
yazılar gəlir. Dəri üzərində yazılan
kitablardan indiyə qədər qorunub saxlanan xeyli nümunələr var. Məsələn,
bizim Əlyazmalar İnstitutunda Qurani-Kərimin
«Qələm» surəsinin
dəri üzərində
yazılmış nüsxəsi
var ki, bunun
da tarixi IX əsrə gedib çıxır. Bu çox dəyərli bir abidədir».
K.Şərifli
bildirdi ki, əlyazma və kitab mədəniyyəti müxtəlif vaxtlarda təşəkkül tapıb:
«Yəni əlyazmalar ayrı-ayrı evlərdə,
emalatxanalarda, şah saraylarında xəttatlar,
rəssamlar tərəfindən
yazılıb. Orta əsrlərdə
kitab çapçılığı
olmadığından bu
işlə xüsusi insanlar məşğul olublar. Onlar klassiklərin əsərlərini
nüsxədən-nüsxəyə köçürərək yayıblar.
Bu kitablar bütün
dünyaya yayıldığından
təbii ki, onların hamısı gəlib bizə çatmayıb. Müharibələr, digər tarixi proseslər, hadisələr
nəticəsində əlyazmaların
çoxu məhv olub, bir qismi
xarici ölkələrə
aparılıb. Elə əsərlər
var ki, biz onların çox nadir əlyazmalarını axtarıb
dünyanın müxtəlif
kitabxanalarından tapırıq.
Azərbaycan tarixinə dair
müxtəlif mənbələrdə
məlumatlar var, amma bu kitabların
heç də hamısını əldə
edə bilmirik».
Bununla yanaşı, alimin sözlərinə görə,
Azərbaycan klassiklərinin
əsərlərinin dünyaya
yayılmasının müsbət
tərəfi də var: “Avropanın, Asiyanın, Afrikanın mədəniyyət mərkəzlərində,
kitabxanalarında Azərbaycan
ədiblərinin, mütəfəkkirlərinin
əsərləri onlarla,
yüzlərlədir. İndi
bizim əsas işimiz bu abidələrin heç olmasa surətini əldə edib fonda toplamaqdır.
Topladığımız bu
əlyazmalar gənc tədqiqatçılarımız tərəfindən öyrənilir
və bu iş gələcəkdə
də davam etdiriləcək».
Sonra tarix elmləri
doktoru Tahirə Həsənzadə «Avropalı
səyyahlar Təbrizdə»
mövzusunda məruzə
etdi. Tədbirin üçüncü çıxışçısı isə tarix elmləri doktoru Fərid Ələkbərli
oldu. Onun «Səyahətnamələrdə
tibb» mövzusunda məruzəsi konfrans iştirakçıları tərəfindən
böyük maraqla qarşılandı.
Konfransı C.Cəfərov yekun
sözlə tamamladı.
Rektorun fikrincə, böyük-kiçikliyindən asılı olmayaraq, hər bir xalq
öz sərvətinə
sahib çıxmağı bacarmalıdır: «Deməli,
şərt mədəni
sərvətin olmasında
deyil, onun necə qorunmasında, nəsildən-nəsilə çatdırılmasındadır.
Bu tədbirin əsas nəticəsi də məhz bu dəyəri özündə ehtiva edir».
Sonda konfrans iştirakçılarına
müvafiq sertifikatlar təqdim edildi.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2010.- 8 dekabr.- S. 7.