“Amerika
arzularımda”
Rəsm müsabiqəsinin qalibləri
elan olundu
Dekabrın 7-də Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasında keçirilən tədbirdə “Amerika
arzularımda” adlı müsabiqənin qalibləri elan olundu.
Akademiya ilə əməkdaşlıq
şəraitində ABŞ-ın Bakıdakı səfirliyi tərəfindən
təşkil olunan rəsm müsabiqəsində 52 azərbaycanlı
tələbə rəssam iştirak edib. Bu incəsənət
əsərləri hazırda Dövlət Rəssamlıq
Akademiyasının qalereyasındakı sərgidə
nümayiş olunur.
Sərgi ABŞ səfirliyinin
nümayəndəsi Terri Devidson və Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov tərəfindən
açılıb. Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyinin İncəsənət şöbəsinin
aparıcı məsləhətçisi Qalib Qasımov da tədbirdə
çıxış edərək sərgi
iştirakçılarına uğurlar arzulayıb.
Qeyd
edək ki, bu, Amerika səfirliyi tərəfindən maliyyələşdirilən
ikinci rəsm müsabiqəsi və sərgisidir. Sərginin məqsədi
Birləşmiş Ştatlarla Azərbaycan arasında
qarşılıqlı anlayışı dərinləşdirməkdir.
“Ümidvarıq ki, bu növ layihələr azərbaycanlılara
və amerikalılara bir-birlərini daha yaxşı tanımaq
imkanı verəcək. Akademiyanın tələbələri
tərəfindən işlənən rəsm əsərləri
və heykəltəraşlıq işləri böyük
istedad və Birləşmiş Ştatlara olan marağı
nümayiş etdirir. Biz Rəssamlıq Akademiyası
xüsusilə də tələbə rəssamlarla tərəfdaş
olmaqdan şərəf duyuruq”, -deyə Terri Devidson bildirib.
Mehparə
Mədəniyyət.-
2010.- 8 dekabr.- S. 6.