TÜRKSOY-un yeni layihəsi televiziya ilə bağlıdır

 

   Lalə Şıvqın Dündar:

«Yıldız TV Türk dünyası televiziya kanallarını bir araya gətirəcək»

  

   Türkdilli ölkələrin mədəniyyət və incəsənət sahəsində ortaq qurumu olan TÜRKSOY (Türk Kültür və Sənətləri Ortaq Yönətimi) son dönəmdə bir sıra maraqlı layihələrə imza atmaqdadır. 2011-ci ildə qurum bir neçə layihə həyata keçirəcək ki, bunlardan bəziləri Azərbaycan mədəniyyəti ilə bağlıdır. Mətbuatla əlaqələr və türkdilli ölkələrin vahid televiziyasının yaradılması da təşkilatın önəmli layihələri sırasındadır. Bu və digər məsələlərə bağlı TÜRKSOY-un bu günlərdə ölkəmizdə səfərdə olan mətbuat katibi Lalə Şıvqınla söhbət etdik:

  

   - Lalə xanım, Azərbaycana budəfəki gəlişinizin səbəbi nədir?

   - Bakıda Azərbaycan Kabel Operatorları Assosiasiyasının bir toplantısı olduTÜRKSOY-u təmsil etmək məqsədilə həmin tədbirə qatıldım. Bundan başqa, TÜRKSOY-un bu istiqamətdə çox önəmli bir layihəsi var. Həmin layihədə İnternet vasitəsilə bütün Türk dünyası televiziya kanallarının ortaq çalışması nəzərdə tutulub. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və digər türkdilli ölkələrin televiziya kanalları Yıldız TV adı altında bir araya gətiriləcək. Bildiyiniz kimi, noyabrın 24-də Antalyada TÜRKSOY-un Daimi Nazirlər Şurasının 28-ci toplantısı keçirildi. Həmin toplantıda Yıldız TV-nin dəstəklənməsi qərara alınıb. Mən də həmin dəstəyi təşkilatımızın adından diqqətə çatdırmaq üçün Bakıdakı bu toplantıya qatıldım.

   - Maraqlıdır, Yıldız TV nə vaxt fəaliyyətə başlayacaq?

   - Hələ ki layihə ilə bağlı cəhdlər davam edir. Allahdan istəyim budur ki, qısa zamanda bu layihə reallaşsın və dünyanın harasında oluruqsa olaq, istədiyimiz türkdilli ölkənin kanalını vaxtında açıb izləyə bilmək imkanımız olsun.

   - TÜRKSOY olaraq Azərbaycan mədəniyyəti ilə bağlı hansı layihələri reallaşdırmağı nəzərdə tutursunuz?

   - Dekabrın 16-17-də Bakıda türk xalqlarının milli musiqi alətlərinə həsr olunmuş beynəlxalq tədbir baş tutacaq. Bu alətlərin texnologiyaları, akustikası, dəyişməsi ilə bağlı məsələlər simpoziumda müzakirə mövzusu olacaq. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə birgə həyata keçiriləcək tədbirdə həmçinin TÜRKSOY-un baş direktoru Düsen Kaseinov da iştirak edəcək. Bütün türk musiqi alətləri, onların özəl tərəfləri ortaya çıxarılacaq. Bunlarzaman düzəldildi, hansı tarixdən bu günə qədər gəlib çıxıb - bütün bunlardan bəhs ediləcək. Unudulan, unudulmaq təhlükəsi olan musiqi alətlərinin qorunması üçün nələr edilə bilər kimi məsələlər barədə də fikir mübadiləsi aparılacaq. Simpozium çərçivəsində TÜRKSOY-un yayımladığı kitabların təqdimatı da baş tutacaq. Rəssamlar, fotoqraflarla bağlı Azərbaycanda layihələrimiz nəzərdə tutulub. Ümumiyyətlə, beynəlxalq tədbirlərimiz hər zaman Azərbaycan sənətçilərinin iştirakı ilə baş tutur. Fotoqraflar, rəssamlar, heykəltəraşlar, şairlər, yazıçılarla görüşlər keçirilir.

   Yeni layihələrimizdən biri də 5-6 ay əvvəl qurulan TURKSOY-un Gənclər Kamera Orkestridir. Burada bütün türk cümhuriyyətlərinin gənc istedadları yer alır. Onların arasında təbii ki, azərbaycanlı gənclər də var. Konservatoriyada təhsil alan bu gənclər orkestrin tərkibində bütün dünyanı gəzir, geniş konsert proqramları ilə çıxış edirlər. Bir qədər əvvəl onların Antalyada konserti oldu. Yaxın günlərdə Almaniyaya gedəcəklər. Lüksemburqda konsert proqramları ilə çıxış edəcəklər. Bir sözlə, TÜRKSOY bu orkestrlə türk dünyasının musiqisini bütün dünyaya tanıdır və təbliğ edir. Yeni yaranmasına baxmayaraq, bu günə qədər çox önəmli tədbirlərə qatılıb, gözəl konsert proqramları ilə çıxış ediblər. Bundan əlavə, TURKSOY-un jurnalında Azərbaycanla bağlı xəbərlər yer alır. Gələn sayımızda Azərbaycan xalçaları ilə bağlı material çap ediləcək. Beləliklə, ümumi qayəmiz olan ortaq mədəniyyətlərimizi tanıdırıq.

   - Lalə xanım, ötən il TÜRKSOY-un Novruz bayramını Parisdə qeyd etməsi qurumun ən böyük uğurlarından idi. Maraqlıdır, Novruzla bağlı qurum bu il hər hansı bir layihə düşünürmü?

   - Novruz bayramı da bizim ən önəmli layihələrimizdən biridir. Qeyd etdiyiniz kimi, ötən il bayram UNESCO ilə birlikdə Parisdə qeyd olundu. Bu il daha böyük bir planımız var. Bayram mərasimi Nyu-Yorkda BMT-nin Baş Katibliyində qeyd olunacaq. Düsen Kaseinovun BMT-nin baş katibi Ban Ki-Moonla görüşü olmuşdu. Məhz həmin görüşdə aparılan danışıqlara görə gələn ilin martında Novruz Nyu-Yorkda qeyd olunacaq. İndidən hazırlıq işləri başlanılıb. Türk dünyasının mədəniyyətini bu dəfə Amerikada geniş tanıdacağıq. TURKSOY-un Nazirlər Şurasının Antalyadakı son toplantısında da Novruz bayramının Nyu-Yorkda keçirilməsi üçün qərar qəbul olundu, imzalar atıldı.

   - TRT Avaz Türkdilli ölkələrin ortaq televiziyası kimi fəaliyyət göstərir. TÜRKSOY olaraq bu televiziyanın fəaliyyəti sizi qane edirmi?

   - Təbii ki, kanal yaxşı fəaliyyətini ortaya qoya bilir. Amma mən o kanalın fəaliyyətini dəyərləndirəcək qədər səlahiyyət sahibi deyiləm. Yalnız onu deyə bilərəm ki, televiziya türk dünyasının mədəniyyətinin tanıdılması istiqamətində daha geniş layihələrə yer versə, sevinərəm.

   - Təşkilatın gənclərlə bağlı layihəsi nədən ibarətdir?

   - TÜRKSOY bütün layihələrində gənclərlə işləməkdə maraqlıdır. Ən önəmli hədəflərimizdən biri türk mədəniyyətinin gələcək nəsillərə tanıdılmasıdır. Biz bütün layihələrimizdə gənc nəsillə işləməyə çalışırıq. Məsələn, elə götürək “Koroğlu” operasını. Biz həmin operada gənc sənətçilərdən daha çox istifadə etməyə çalışdıq. Gənclər Kamera Orkestri tamamilə gənclərdən ibarətdir. Gənc rəssamlar, fotoqraflar, heykəltəraşlar da layihələrimizdə tez-tez iştirak edirlər. Gənc nəsilləri tanıtmaq üçün önəmli nəşrlər var. Bu nəşrlərdə türk dünyası yazarlarının Türkiyədə daha öncə çap olunmayan əsərləri yer alır. Bunları da yayınlayaraq gənc nəslə çatdırmaq istəyirik. İstəyirik ki, onlar ədəbiyyata, tarixə aid önəmli əsərləri oxusunlar. Televiziya proqramları, müxtəlif festivallar, tədbirlər vasitəsilə gənclərlə işləməyə çalışırıq. Çünki bizim üçün ən önəmlisi bu layihələrə gəncləri cəlb etməkdir.

   - TÜRKSOY-un mətbuatla bağlı hansı layihələri var?

   - Qeyd etdiyim kimi, TÜRKSOY adlı dərgimiz var. Həmin dərgidə türk dünyasını təbliğ edən yazılarla çıxış edirik. Ədəbiyyatdan, mədəniyyətdən, tarixdən, sənətdən, kinodan bəhs edən yazılar yayımlayırıq. Jurnal 3 aydan bir çap olunur. Bundan başqa, kitablar da nəşr edirik. Məsələn, Rəsul Rzanın şeirlərindən ibarət kitab nəşr etmişik. Azərbaycanlı türkoloq alim Ramiz Əsgərin kitabı çap olunub. Bu kitabların təqdimatını da Bakıda keçirəcəyik. Bundan başqa, bütün tədbirlərimizi ümumiləşdirən bir kataloq hazırlayırıq. Bu kataloqlar da öz növbəsində insanlara paylanılır və bu vasitə ilə məlumatlarımız yayılır. Məsələn, “Kitabi Dədə Qorqudsimpoziumu keçirildi. Orada da türk ədəbiyyatı və dastanlarından söz açıldı. Həmin çıxışları da yaxın günlərdə kitab şəklində çap edəcəyik.

   - TÜRKSOY-un maraqlı və möhtəşəm layihələrindən biridahi Üzeyir Hacıbəylinin «Koroğlu» operasının türkdilli ölkələrin sənətçilərinin iştirakı ilə tamaşaya qoyulmasıdır. Buna oxşar layihələr gələcəkdə də nəzərdə tutulurmu?

   - Təbii ki. Bilirsiniz ki, TÜRKSOY-da bütün türk dövlətlərinin təmsilçiləri var. «Koroğlu» kimi Azərbaycan mədəniyyətində önəmli yeri olan əsərlərlə bağlı yeni layihələrimiz olacaq. TÜRKSOY 2011-ci ili böyük tatar şairinin xatirəsinə Abdulla Tukay ili elan edib. Bu çərçivədə bir sıra tədbirlər keçiriləcək. 2011-ci il üzrə türkdilli ölkələrin paytaxtı Astana seçildi. Bununla bağlı tədbirlərimiz olacaq.

   Dekabrın 4-də Almaniyada bir tədbirimiz də keçirildi. Burada da yenə türk folkloru nümayiş olundu, rəssamların sərgisi açıldı, təşkilatın konserti baş tutdu. Bununla da türk musiqi və rəsmlərini Almaniyaya aparmış olduq. Bundan başqa, Almaniyada türk mətbəxi nümayiş etdiriləcək və bununla bağlı yarışmalar təşkil ediləcək. Türk dünyasını tanıtmaq üçün İstanbul səyahəti kimi mükafatlar veriləcək.

   - Lalə xanım, Azərbaycan və azərbaycanlılarla bağlı təəssüratlarınız da bizim üçün maraqlıdır...

   - Bu, Azərbaycana 3-cü səfərimdir. Azərbaycana sonuncu dəfə 2007-ci ildə gəlmişdim və çox bəyənmişdim. Bu dəfə daha çox bəyəndim. Çox fərqli bir ölkə gördüm. Bakı dəyişir və gözəlləşir. Amma insanları daha gözəl və mehribandır.

  

   Fəxriyyə,

   Mehparə

 

   Mədəniyyət.- 2010.- 8 dekabr.- S. 5.