Sənətkarlar yurdunun 180 yaşlı məktəbi

 

   Dekabrın 7-də Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycanda ilk qəza məktəbinin - Üzeyir bəy Hacıbəyli adına Şuşa şəhər 1 nömrəli orta məktəbin 180 illik yubileyi qeyd edilib.

  

   Tədbir iştirakçıları, bir sıra dövlət qurumlarının rəsmiləri, xarici ölkələrin səfirləri əvvəlcə foyedə rəssam Rövşən Bayramovun yağlı boya ilə çəkdiyi Şuşa abidələri və mənzərələrindən, şəhər 1 nömrəli orta məktəbinin məzunlarının qızıl və gümüş medallarından, vinetkalarından, bugünkü şagirdlərinin Vətən haqqında inşalarından ibarət sərgiyə maraqla baxıblar.

   Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra “Mənim doğma məktəbim” sənədli filmi göstərilib.

   Şuşa rayon İcra hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Bayram Səfərovun təntənəli açılışı 1830-cu il dekabrın 30-da olmuş ilk qəza məktəbinin keçdiyi tarixi yoldan, bu günündən, yetirmələrindən bəhs edən məruzəsi dinlənilib. O, məktəbin tanınmış məzunları - akademiklər Lətif İmanovu, Səttar Əsədovu, Paşa Rüstəmovu, Cəlal Allahverdiyevi, bəstəkarlar Süleyman Ələsgərovu, Əşrəf Abbasovu və başqalarını xatırladıb. Şuşanın ermənilər tərəfindən işğalından sonra məktəb Şuşanın digər təhsil ocaqlarından şagirdlər və müəllimlər cəlb olunmaqla yenidən təşkil edilib. Hazırda Yasamal rayonundakı 38 nömrəli orta məktəbdə yerləşir.

   Tədbirdə təhsil naziri Misir Mərdanov prezident İlham Əliyevin məktəbin kollektivinə təbrik məktubunu oxuyub. O, məlumat verib ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə paytaxtın gözəl guşələrindən birində məktəb üçün yeni bina tikiləcək.

   Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məktəbin yubileyinin dövlət başçısının sərəncamı ilə qeyd olunduğunu əlamətdar hadisə kimi qiymətləndirib: “Həmişə Şuşanı musiqi və mədəniyyət beşiyi adlandırmışıq. Haqlı olaraq 180 yaşlı məktəbi olan bu yurdu həm də ziyalılar şəhəri adlandıra bilərik”.

   Tədbir maraqlı bayram konserti ilə başa çatıb.

 

 

   Mədəniyyət.- 2010.- 8 dekabr.- S. 4.