İnsan o vaxtacan yaşayır ki, onu xatırlayırlar
Görkəmli yazıçı-dramaturq Sabit Rəhmanın
100 illiyinə həsr olunmuş tədbir keçirilib
70
ilə yaxındır ki, səhnəmizdə
“Toy” çalınır, “Xoşbəxtlər”
“Aydınlığa” çıxır, “Nişanlı
qız”ların “Hicran”ına son qoyulur, Allah bilir, bəlkə neçənci dəfədir
ki, “Əliqulu evlənir”. Bütün
bunlar “Yalan” deyil. Həqiqət budur ki, Sabit
Rəhman olmasaydı, bu ədəbi incilərin
heç biri
olmayacaqdı. Bütün bunlarsız Azərbaycan
səhnəsinin nə qədər kasıb və kasad olacağını təsəvvür etmək
isə o qədər də çətin deyil.
O, tək
nasir, dramaturq yox, həm də
görkəmli ssenarist
idi. Sabit Rəhmanın ssenarisini yazdığı “Arşın
mal alan”, “O olmasın, bu olsun”, “Əhməd haradadır?” filmləri milli kinomuzun ən gözəl nümunələrindəndir.
Dekabrın 7-də
M.F.Axundzadə adına
Milli Kitabxanada Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli yazıçı, dramaturq,
ssenarist Sabit Rəhmanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə
filologiya elmləri doktoru Bədirxan Əhmədovun “Sabit Rəhman: həyatı, mühiti, yaradıcılığı”
kitabının və
Milli Kitabxananın əməkdaşları tərəfindən
hazırlanmış “Sabit
Rəhman - 100. Biblioqrafiya” nəşrinin
təqdimatı oldu.
İştirakçılar
əvvəlcə Sabit
Rəhmanın kitablarından,
tərcümə etdiyi
əsərlərdən, həyat
və yaradıcılığını
əks etdirən kitablardan ibarət sərgi ilə də tanış
oldular.
Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq Sabit Rəhman sənətinin işığına
yığışanları salamladı və bildirdi ki, Milli
Kitabxana Mədəniyyət
və Turizm Nazirliyi ilə birgə yubileyləri qeyd edərkən, həm də böyük şəxsiyyətlərin
həyat və yaradıcılığından bəhs edən kitabların təqdimatını
keçirməyi nəzərdə
tutur. O, Bədirxan Əhmədovun “Sabit Rəhman: həyatı, mühiti, yaradıcılığı”
kitabının və
Milli Kitabxananın əməkdaşları tərəfindən
hazırlanmış “Sabit
Rəhman - 100. Biblioqrafiya” nəşrinin
ədibin yubileyinə
töhfə olduğunu
vurğuladı.
Mədəniyyət və turizm
nazirinin müavini Ədalət Vəliyev böyük istedad sahibi, çağdaş dövrümüzün böyük
ziyalılarından biri
Sabit Rəhmanın ədəbi irsindən söz açdı.
Nazir müavini çıxışında qeyd
etdi ki, 10 il əvvəl Sabit Rəhmanın 90 illik yubileyini qeyd etməyə hazırlaşarkən oğlu,
Emin Sabitoğlu qəflətən dünyasını
dəyişdiyindən tədbir
təxirə salındı.
Ondan öncə ədibin 80 illik yubileyi də 1990-cı ilə təsadüf etdiyindən bu yubiley də lazımınca qeyd edilməmişdi: “Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
bu dəfə belə bir qərar
qəbul olundu ki, ardıcıl olaraq ilin axırınadək
görkəmli söz,
qələm sahiblərinin
yubileyləri məhz Milli Kitabxanada keçirilsin. Çünki
qələm sahibindən
sonucda qalan kitab olur, kitablarda
yaşanan ömür
olur” .
Azərbaycan dramaturgiyasının, bütövlükdə
Azərbaycan ədəbiyyatının
50-ci illərdən sonrakı
dövrdə yükünü
çiynində daşıyan
iki böyük sənətkarın - İlyas
Əfəndiyev və
Sabit Rəhmanın adını çəkən
Ədalət Vəliyev
qeyd etdi ki, elə bir
teatr yoxdur ki, zaman-zaman Sabit Rəhman dramaturgiyasına, onun əsərlərinə müraciət
etməsin: “Zaman keçəcək, teatrlar
yaşadığı kimi
yaşayacaq, repertuar dəyişiləcək, oxucu
nəsli dəyişiləcək,
düşüncə forması
dəyişiləcək, insanların
dünyaya baxışı
dəyişiləcək, amma
öz ölməz
dram əsərləri ilə
Sabit Rəhman Azərbaycan ədəbiyyat
tarixində yaşayacaq.
Mükəmməl sənət əsərləri
zamanın gərdişindən
həmişə üzüağ
çıxıb, əminəm
ki, Sabit Rəhman 100 il bundan sonra da
bax beləcə xatırlanan yazıçılar
sırasında olacaq”.
Yazıçılar
Birliyinin katibi, Xalq yazıçısı
Çingiz Abdullayev, filologiya elmləri doktoru Bədirxan Əhmədov, kinoşünas,
Əməkdar incəsənət
xadimi Aydın Kazımzadə, Xalq artisti, Bakı Bələdiyyə Teatrının
direktoru Amaliya Pənahova, filologiya elmləri doktoru, professor Nizami Tağısoy çıxış edərək
Sabit Rəhmanın Azərbaycan ədəbiyyatı,
Azərbaycan teatrı
və kinosundakı əvəzsiz xidmətlərindən
söz açdılar.
Sonra Bakı Bələdiyyə
Teatrının aktyorları
Sabit Rəhmanın “Yalan” tamaşasından bir parça nümayiş etdirdilər.
Tədbirin sonunda Sabit Rəhmanın ailəsi adından nəvəsi, Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudova çıxış
edərək Mədəniyyət
və Turizm Nazirliyinə, Milli Kitabxananın rəhbərliyinə
və kollektivinə, kitabların araya-ərsəyə
gəlməsində əməyi
olan insanlara, eləcə də Sabit Rəhmanın işığına yığışan
insanlara öz dərin təşəkkürünü
bildirdi.
Təranə
Vahid
Mədəniyyət.-
2010.- 8 dekabr.- S. 3.